Ayətullah Məkarim Şirazinin görüşündə “Seyyiduş-şühəda”nın (ə) əzadarlıq mərasiminin çatışmazlıqlar və təhriflərinin təhlili

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə “Seyyiduş-şühəda”nın (ə) əzadarlıq mərasiminin çatışmazlıqlar və təhriflərinin təhlili

Əzadarlıq elə bir şəkildə olmalıdır ki, o böyük rəhbərin hədəfləri ilə hamını tanış etsin.


Ayətullah Məkarim Şirazinin görüşündə “Seyyiduş-şühəda”nın (ə) əzadarlıq mərasiminin çatışmazlıqlar və təhriflərinin təhlili
Əzadarlıq elə bir şəkildə olmalıdır ki, o böyük rəhbərin hədəfləri ilə hamını tanış etsin.
Əzadarlıq üslubu o həzrətin (ə), habelə digər məsum imamların (ə) sünnəsinə və aqillərin üslubuna uyğun olmalıdır.
Hüseynçi şüaların yüksək tutulmasında, eləcə də Əhli-beyt (ə) dəyərlərinin ehtiramında dini təlimlərin inkişafının vacibliyi heç kəsdən gizli deyil. Digər tərəfdən əzadarlıq mərasimində keçmiş nailiyyətlərin qorunması, İmam Hüseynin (ə) əzadarlıq mərasimində şəriət və ağıl hüdudlarına riayət edilməsi xüsusunda, İslam alimləri və fəqihlərinin hədəflərindən yararlanmaq zərurətini və insanlar arasında Əhli-beytə (ə) məhəbbət və mərifət gücünü ikiqat artırır. Buna əsasən, bu yazıda Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edərək, həzrət Seyyiduş-şühədanın (ə) yas məclislərindəki çatışmazlıqlar, nöqsanlar və təhriflərinin mahiyyətini, eləcə də o həzrətin əza məclislərindəki bəzi mövcud dislokasiyalardan çıxış yolunu əziz istifadəçilərə təqdim edirik.


Əzadarlıq heyətlərinə layiqli adlar qoyulması zərurəti
Ayətullah Məkarim Şirazi İmam Hüseyn (ə) əzadarlıqlarındakı nöqsanlardan birini izah edərkən, əzadarlıq heyətlərinə xoşagəlməz adların qoyulmasına işarə etdi və buyurdu: Bəzi heyətlər özlərinə münasib olmayan adlar seçirlər. Mən bunun haram olduğunu demirəm, amma nəticədə düşmən əlinə bəhanə verir; bunlar necə cəmiyyətdir ki, adlarını “....”. heyəti qoyublar! Halbuki, bu şübhə doğuran adların yerinə “Hüseyn (ə) aşiqləri”, “Hüseynə (ə) könül verənlər”, “Hüseyn (ə) xadimləri”, “Hüseyn fədailəri” kimi adlardan istifadə etmək olar (1).


Dini avamçılıqla mübarizənin zərurəti
Həmçinin, Məkarim cənabları bəzi vaizlərin, məddahların dini maarifi qeyri-düzgün bəyanında və həzrət Seyyiduş-şühədanın (ə) əzadarlıq bəhanəsilə günahın camaat üçün asanlaşdırılmasında avam mərkəzli yanaşmanı tənqid edərək, buyurdu: Möhtərəm vaiz və məddahlar moizə və məddahlıq məclislərində camaata günah üçün yaşıl işıq göstərməməlidirlər. Məsələn: “Aşura günlərində sırf əzadarlıq heyətlərində iştirakınız, il boyu yerinə yetirəcəyiniz bütün günahlarınızın silinməsinə səbəb olacaqdır!” – deyilməsin. İmam Hüseyn (ə) məktəb və din üçün şəhid oldu; dini gücləndirmək lazımdır. Hacib Kaşaninin şeir oxuması bizim iddiamıza gözəl nümunə ola bilər: İmam Əli (ə) barəsində belə bir şeir oxuyur:


Hacib! Əgər həşrin müamiləsi Əliylədir,
Mən zaminəm, istədiyin qədər günah et!
Şair həmin günün gecəsi İmam Əlini (ə) yuxuda görür, İmam (ə) ona buyurur: Şeirini belə oxu:
Hacib! Əgər həşrin müamiləsi Əliylədir,
Əlinin üzündən utan, az günah et!


Buna görə də qeyd edilməlidir ki, bu iki məktəb arasında böyük fərq mövcuddur; İmam Hüseyn (ə) namaz üçün şəhid oldu. Aşuranın on birinci gecəsi, həzrət Zeynəb (ə) oturduğu halda gecə namazı qıldığı bir vaxtda bəziləri camaat üçün günaha yaşıl işıq göstərir və əməli olaraq Hüseyn (ə) məktəbini yanlış tanıtdırırlar! (2).


Qüluvv – İmam Hüseyn (ə) əzadarlığı ayinində əsas problem
Şiə aləminin mərcəyi-təqlidi, bəzi əzadarlıq heyətləri və bəzi Əhli-beyt (ə) yas mərasimlərində qüluvv (3) ədəbiyyatından istifadəni tənqid edərkən buyurdu: Din imamları (ə) və digər şəxsiyyətlər haqqında qüluvv qoxusu gələn məsələlərin bəyanından çəkinilməlidir (4). Möhtərəm vaizlər bu məsələni daim diqqətdə saxlamalıdır, çünki Əhli-beyt (ə) haqqında qüluvv etmənin iki nöqsanı var: Birincisi, bu, İslam təlimlərinə ziddir. İkincisi, qüluvv tərkibli ədəbiyyat İslam və şiə düşmənlərinin və mediyanın qulağına çatsa – müasir dövrdə bu, asanlıqla mümkündür – deyəcəklər ki, şiələr kafirdir (5). Buna görə də diqqət etmək lazımdır ki, nadan insanlar küfür tərkibli, qüluvvə bulaşmış ifadələri dillərinə gətirməsinlər (6).


Mötəbər və Əhli-beytin (ə) məqamına uyğun mənbələrdən faydalanmaq zərurəti
Ayətullah Məkarim Şirazi vaiz və məddahların hüzurunda Aşura mərasimlərindəki ən vacib nöqsan və təhriflərdən birini bəyan edərkən, mötəbər və orijinal mənbələrdən istifadənin labüdlüyünü önə çəkdi və buyurdu: Şeir və kəlamı, ya mötəbər sənəddə görməlidir, ya da vəziyyətin dilindən – zəbani-hal – olmalıdır. Yəni həqiqətən də, İmam Hüseyn (ə) və səhabələrinin halı onu tələb etməlidir. Buna görə də şeirin məzmununda İmam Hüseynin (ə) məqamına xələl gəlməməlidir.


Bir məddahın öz şeirlərinin birində “Ey İmam Hüseyn (ə)! Yəqin bilirəm ki, qəlbində Əkbərin bəy olmasından başqa bir şey yoxdur!” – dediyini eşitdiyimizdə, bu sözün Aşuranın ali məqamını ən aşağı dərəcəyə saldığına şahid oluruq. Əfsuslar olsun ki, belə təhriflərə rəvac verənlər İmam Hüseyni (ə) öz məhdud düşüncələri sferasında görürlər, bu cür zəif sözlərə inanırlar.
Beləliklə, ifadə və məzmunlar dəqiq olmalıdır. Şeir və yazılı mənbələr mümkün qədər yüksək səviyyədə, İmam Hüseyn (ə) məktəbi ilə daha çox həmahəng olsa, daha yaxşı olar (7).

Ona görə də bu möhtərəmlərin sözləri mötəbər sənədlər (Kitab və sünnə) əsasında olmalıdır; şeir məzmunlarında İmam Hüseynin (ə) məqamı, eləcə də Kərbəla şəhidlərinin hörməti tam qorunmalı və əzəmətli Aşura qiyamının yüksək hədəfləri ümumi xalq kütləsinə çatdırılmalıdır (8).


Məddahlıqda əyləncə məclisinə uyğun səs tonlarından çəkinməyin zərurəti
Ayətullah Məkarim Şirazi İmam Hüseyn (ə) matəm məclisinin digər bir problemini şərh edərkən, bəzi məddahların bihudə sədalardan və əyləncə məclisinə uyğun səs tonlarından istifadə etmələrinə işarə edərək dedi: Məddahlıqda seçilən sədalar münasib olmalıdır. Bir sıra ənənəvi qəmləndirici səs ahənglərimiz vardır ki, çox təsirlidir, qəlbləri sızladadan və çox faydalıdır, amma son vaxtlar küncdə-bucaqda bəzilərinin Şah zamanının bayağı tonlarını – hansı ki, bəzən Amerika mediyasında səsləndirilir – həmçinin, fəsad və mahnı ritmlərini məddahlıqda işlətdiyinə şahid olunur. Allahın izni ilə möhtərəm məddahlar belə nadürüst addımlardan çəkinsinlər (9). Bu üzdən möhtərəm məddahların səs ritmləri fəsad məclislərinin ritminə bənzəməməlidir. Buna görə də məddahlıqlarda qeyri-münasib və bayağı üslublardan pəhriz edilməlidir (10).


Məddahların təliminə cəhd edilməlidir
Şiə dünyasının mərcəyi-təqlidi məddahların ümumi təlimini, İmam Hüseyn (ə) əzadarlıq ayinindəki nöqsan və təhrifləri aradan qaldırmaqda ən vacib həll yolu kimi göstərib və buna təkid edərək buyurdu: Yaxşı olar ki, möhtərəm məddahlar da xətiblər kimi, təlim kursu görsünlər, ənənəvi üslubları təqib etsinlər (11). Ona görə ki, məddahlıq elm və incəsənətin məcmusudur. Keçmiş nəsillər öz təcrübələrini gənc nəsillərə ötürsünlər; əqidə, dini düşüncə və görüşlərinin səviyyəsini artırsınlar (12).
Ümid edirik, hüseynçi təşkilatçılar və “pirqulam”lar bu mühüm işin icrasında səy göstərsinlər; proqramlar icra etsinlər, qayda-qanunları gənc məddahlara öyrətsinlər. Bu mühüm işin reallaşması İmam Zamanın (əc.f) razılığına və İmam Hüseynin (ə) qəbuluna səbəb olacaq (13).


Camaatı soyunmağa çağırmaqdan çəkinmənin labüdlüyü
Ayətullah Məkarim Şirazi, İmam Hüseyn (ə) əzadarlıq mərasimində soyunmağı, Şeyyiduş-şühəda (ə) əzadarlıq mədəniyyətinə dəyən zərbələrdən biri kimi dəyərləndirərək, buyurdu: Əzadarlıq məclislərində bir qrup insanın soyunmasına izn verməyin; bu tip əzadarlıqlar imamların sünnəsində nəql olunmayıb, digər tərəfdən düşmənin əlinə bəhanə verir (14).
Həmçinin, bu cür addımlar, Şeyyiduş-şühədanın (ə) əzadarlıq məclislərinin məqamına ziddir. Bizlərdən hansı birimiz öz atasının əzasında soyunur və məclis əhlinə başsağlığı verir?! (15).


Camaatı bədəninə zərbə vurmasına həvəsləndirməmək
Ayətullah Məkarim Şirazi əzadarlıq məclislərində bədənə zərbə vurmağın qəbahəti xüsusunda buyurdu: Əzadarlıq, bədənə ciddi zərbə vuracaq şəkildə olmamalıdır, çünki şəriət baxımından düzgün sayılmır (16). Bu səbəbdən camaat bədəninə zərbə vurmağa təşviq edilməməlidir, əksinə Hüseyn (ə) əzadarları cihad və şəhadətdə, eləcə də İslam düşmənlərinə qarşı çıxmaqda və onlarla mübarizədə öz cisim və bədənlərindən yararlanmalıdırlar (17).


Ümumi məclislərdə ağır rövzələrdən çəkinmək
Ayətullah Məkarim Şirazi Kərbəla hadisəsinə dair mərsiyə kitablarında mövcud rövzələrin istifadə metodologiyasını bəyan edərkən, buyurdu: Ağır rövzə və müsibətlərdən, mümkün qədər pəhriz edilməlidir (18). Bacarıqlı məddah müsibətlərin kənarından məharətlə ötən, eyni halda camaatı vəcdə gətirib, ağladan kəsdir. Əlbəttə, Aşura və Tasua kimi günləri istisna etmək olar (19).


Namazın vaxtına riayət olunmalıdır
Şübhəsiz, vaiz və məddahların ən ümdə vəzifələrindən biri İmam Hüseynin (ə) əzadarlıq məclislərində namazın vaxtına riayət edilməsidir. Bu səbəbdən Ayətullah Məkarim həmin xüsusda buyurmuşdur: Möhtərəm vaiz və məddahlar namazın vaxtına riayət etməli, namaza aid vaxtda namazdan başqa proqramları olmamalıdır (20). Ona görə ki, namaz dinin sütunu, cəmiyyətin tərbiyə vasitəsidir. İmam Hüseyn (ə) Aşura günü düşmənin ox yağışı altında namaz qıldı və bununla başa saldı ki, heç bir proqramda, hətta cihad meydanında namaz unudulmamalı, yaxud təxirə salınmamalıdır. İndi, belə bir izahla, özümüzə necə icazə verə bilərik ki, İmam Hüseynin (ə) əza məclisləri namazın tətilinə səbəb olsun?! (21)


Baş yarmaq – düşmən əlində bəhanə
Cürətlə iddia etmək olar ki, ikrah hissi yaradan baş yarmaq – qəmə vurmaq əməli, İmam Hüseyn (ə) əzadarlıq məclislərinin ən mühüm təhriflərindən biridir. Əcnəbi mediyaların bəzi hüseynçi əzadarların bu əməlindən sui-istifadəsi səbəbindən, dünyanin müxtəlif nöqtələrində şiələr əleyhinə anti-təbliğat rəvac tapmışdır. Buna görə də Ayətullah Məkarim Şirazi möhkəm və qəti mövqe nümayiş etdirərək, bu işin qəbahəti xüsusunda dedi: Qəmə vurmaq, bədənə qıfıl asmaq kimi əməllərdən çəkinmək lazımdır, çünki bu cür əməllər düşmən əlinə bəhanə verəcək və nəticədə əzəmətli, qurucu mərasimi bütövlüklə sual altına aparacaq. Qəməni dost başına deyil, düşmən başına vurmaq lazımdır, qıfılı dost bədəninə deyil, düşmən ağzına vurmaq lazımdır. Nəzərə almaq lazımdır ki, təkcə niyyət müqəddəsliyi kafi deyil, əməl özü də müqəddəs olmalıdır. Bu cür addımlar və əməllər, əlbət ki, nə mötəbərdir, nə də ağıl və şəriət ənənəsindəki əzadarlıq nümunəsidir (22).


Son söz
Ayətullah Məkarim Şirazi sonda İmam Hüseyn (ə) əzadarlıq ayinlərində şiə intellektuallığı və emosionallığı bağının rəvacının lüzumuna təkid edərək, buyurdu: Şübhəsiz ki, bəzi məddahlar və məlumatsız şəxslər (əlbəttə məlumatlı məddahların əksəriyyətinin hesabı onlardan ayrıdır) İmam Hüseyn (ə), yaxud digər imamlar (ə) əzası haqqında yanlış sözlər deyirlər və ya qüluvv edirlər, lakin bu məsələnin əsil əzadarlıqla – hansı ki, İslam ümmətinin məlumatlanmasına, oyanışına bais olur; anti-zülm aspektləri vardır və əslində müstəsna insani səciyyələri tərbiyələndirən bir məktəbdir – heç bir əlaqəsi yoxdur (23).


Əzadarlıqdan məqsəd İmam Hüseyn (ə) tarixini və hədəfini diri saxlamaq, yəni zülm və zillətlə mübarizə aparmaqdır. Əzadarlıq elə bir şəkildə olmalıdır ki, o böyük rəhbərin hədəfləri ilə hamını tanış etsin.
Əzadarlıq üslubu o həzrətin (ə), habelə digər məsum imamların (ə) sünnəsinə və aqillərin üslubuna uyğun olmalıdır(24).


Araşdırma və tərtibat: Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
2-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
3-    Qüluvv, bir varlığı böyük göstərmək, onda olmayan şeyləri ona nisbət verməkdir; məsələn, İmam Əliyə (ə), yaxud digər imamlara (ə) ilahilik nisbəti verib, onlar barəsində qüluvv etsinlər.
4-    “Əzadarlıq hökmləri”, səh. 140
5-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
6-    “Əzadarlıq hökmləri”, səh. 145
7-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
8-    “Əzadarlıq hökmləri”, səh. 139
9-    Yenə orada
10-    “Əzadarlıq hökmləri”, səh. 140
11-    “Əzadarlıq hökmləri”, səh. 38
12-    “Əzadarlıq hökmləri”, səh. 139
13-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
14-    “Əzadarlıq hökmləri”, səh. 141
15-    “Əzadarlıq hökmləri”, səh. 49
16-    “Əzadarlıq hökmləri”, səh. 141
17-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
18-    “Əzadarlıq hökmləri”, səh. 141
19-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
20-     “Əzadarlıq hökmləri”, səh. 141
21-    Ayətullah Məkarim Şirazinin məddahlarla görüşündəki çıxışı, 2/4/2005
22-    Camaatın, “Aşura günlərində və İmam Hüseynin (ə) əzadarlıq mərasımlərində müsəlmanların vəzifəsi” barədə sualına cavab olaraq Ayətullah Məkarim Şirazinin çıxışı, 16/6/1994
23-    “Əzadarlıq hökmləri”, səh. 30
24-    “Əzadarlıq hökmləri”, səh. 29

Yayım tarixi: 18/10/2015

 


Nəşr tarixi: « 2016/10/7 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2246