Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Boyun nahiyəsində xəsarət [Qəsdən adam öldürmənin kəffarəsi]

Sual : Boyun nahiyəsinə vurulan xəsarətə diyə düşür, yoxsa ərş? Sınıqlar qəsamə yolu ilə sübuta yetirmi?
Cavab: Bəzi hallarda diyə düşür, bəzi hallarda isə ərş. Sınıqlar qəsamə (and içmə) yolu ilə də sübut oluna bilər.

Ayaqda müxtəlif sınıqların diyəsi [Sınıqların diyəsi]

Sual : Dava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Cavab: Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

Bir bədən üzvündə müxtəlif və ayrı-ayrı sınıqların diyəsi [Sınıqların diyəsi]

Sual : Bir üzvdə bir neçə, ayrı-ayrı sınığın diyəsi nə qədərdir? Məsələn, bir şəxsin bir ayağı bir neçə yerdən sınmışsa, o cümlədən, çanaq sümüyünün sol tərəfi, çanaq sümüyünün başqa tərəfi, sol ayağın nazik sümüyü, sol ayağının diz qapağı və qarın altı sümüyü sol tərəfdən sınmışsa, belə ki, onlar ayrı-ayrı sınıqlar sayılırsa, bütövlükdə beş ayrı-ayrı xəsarətdən ibarətdirsə, bu kimi hallarda bu və sair üzvlərdə hər sınığa ayrı-ayrılıqda diyə düşür, yoxsa onların hamısı üçün bir sümük sınığına düşən diyə nəzərdə tutulur?
Cavab: Sınıqların hər birinə ayrı-ayrılıqda diyə düşür.

VVAQ yolu ilə boşanma [Talağa aid müxtəlif məsələlər]

Sual : Məlum olduğu kimi, Azərbaycan yetmiş il Sovet hökumətinin əsarəti altında olan bir dövlət olub. Bu da səbəb olub ki, xalqımızın hələ bir çoxu hələ də sovet düşüncələri ilə yaşayır. Düzdü, hal-hazırda dini maariflənmə olunur və s. Amma xalqın hamısı dini vəzifələrini bilmir. Sualım da elə bilməməzlik ucbatından bəzi şəri məsələlərə uyğun olmayan əməllər barəsindədir. Adətən bizlərdə gənclər ailə qurduqda dövlət nikahı və şəri əqd (kəbin) oxutdurarlar. Bəziləri isə ancaq dövlət nikahı ilə kifayətlənirlər. Elələri olur ki, evlənərkən yoldaşından kəbini və dövlət nikahı olub. Lakin, boşandıqda əksəriyyət məhkəmə ilə boşansalar da talağın nə olduğunu hələdə bilmir. Sonradan xanım kiminləsə yenidən ailə qurur və dövlət nikahı ilə qeydə alınır. Aralarında cinsi yaxınlıq da baş verir lakin, sonradan xəbərdar olurlar ki, kəbin olmalıdır. Bu məsələlər də böyük fəsadlara səbəb olur. Məsələn: Onlar məscidə əqd oxutdurmaq üçün gəlirlər və ruhani onlardan soruşur: “Ailəli olmusunuz ya yox?” Xanım: “Bəli olmuşam və boşanmışam” – deyə bildirir. Bu zaman ruhani sual verir ki, talağınız verilib? Bu anda heç talağın nə olduğunu bilmirlər. Ruhani soruşur ki, şəriət yolu ilə boşanmısınız? Məsələni başa salırlar. Hamının da cavabı eyni olur: "Zaksdan boşanmışıq, bilmirdik, kəbindən boşanmaq da lazımdır." Bu vəziyyətdə də ruhanilər onların kəbinlərini kəsmirlər. O biri kişidən olan talaqlarını verib onlara deyirlər ki, siz bir-birinizə əbədi haramsınız. Əksəriyyət isə buna əməl etməyib elə dövlət nikahi ilə kifayətlənib bir yerdə yaşamağa davam edirlər. Sualım bundan ibarətdir ki, talağın vacib olduğunu bilməyən qadın başqasi ilə ailə qurub, cinsi yaxınlıq edərsə və sonradan kəbin oxutdurmaq istəyəndə artıq bir-birlərinə haram olduqlarını başa düşərsə, bu vəziyyətdə nə etməlidir? Sizin nəzərinizdə onlar bir-birinə əbədi haramdırlarmı? Onlar boşanmalıdırlarmı?
Cavab: O vaxtlar dövlət yolu ilə evlənib-boşanan şəxslərin nikah və talağı səhihdir, amma hazırda şəriət hökmlərini öyrənməli və şəriətə uyğun nikah bağlamalı və yaxud boşanmalıdırlar. Qeyd etdiyiniz hallarda əbədi haramlıq yaranmır.

Nafizə xəsarətinin diyəsinin miqdarı [Yaralamanın diyəsi]

Sual : Güllə zərərçəkən şəxsin bədəninin sağ nahiyəsinə girmiş və 20 sm məsafə ilə həmin tərəfdən çıxmışdır. Başqa sözlə, güllə sadəcə dərinin altına girmiş və qısa məsafədən xaric olmuşdur. Tibbi ekspertiza məruzəsində bildirmişdir ki, güllə bədənin daxili orqanlarına və mədə-bağırsaqlara heç bir zərər yetirməmişdir. Sualımız budur: Bu yara kamil diyənin üçdə biri olan caifənin, yoxsa kamil diyənin üçdə ikisi olan caifənin nümunəsidir? Yoxsa, bunların heç biri olmayıb, yalnız ərş müəyyən olunmalıdır?
Cavab: Bu xəsarət zahirən nafizənin nümunəsidir. Onun diyəsi mötəbər hədislərdə yüz dinar təyin olunmuşdur.

Dalağın diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Dalağın diyəsini izah edin.
Cavab: Əgər xaricdən dalağa xəsarət yetirilərsə, ona caifə diyəsi (tamam diyənin üçdə biri) düşür. Əgər zahirdə heç bir yara və xəsarət olmasa, yalnız zərbə və s. nəticəsində dalaq zədələnsə, ekspertiza və mütəxəssislər ona dəyən xəsarətin miqdarını təyin etməli, insanın kamil diyəsinin məcmusu ilə müqayisə etməli və diyəni hesablamalıdırlar.

Eyibli sümüyün sındırılmasının diyəsi [Sınıqların diyəsi]

Sual : Sümüyün sınmasına görə verilən diyə – eyibli olduğu təqdirdə – həmin üzvün diyəsinin beşdə biri qədərdir. Digər tərəfdən, bəzi üzvlərin, məsələn, burunun sınması üçün veriləcək diyə xüsusi şəkildə qeyd olunur. Belə halda sözü gedən diyə külli və ümumi qayda ilə tətbiq olunaraq hesablanmalıdır, yoxsa həmin üzv üçün qeyd olunmuş diyə meyar tutulmalıdır?
Cavab: Sözü gedən qayda bütün hallara şamil olmur. Çünki, bəzi hallarda nəqli dəlillər və icma onun əksini göstərir. Buna görə də nəqli dəlil və icma mövcud olan hallarda həmin halın konkret hökmünə əməl etmək lazımdır.

Üzdə dərin yaranın diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Mübahisə zamanı iki nəfər bir nəfərə hücum edib bel və yaba ilə onun üz-gözünə zərbələr endirmişlər. Tibbi ekspertizanın verdiyi rəyə görə onun başına vurulan zərbələr beyninin zədələnməsinə, üzünə vurulan zərbələr isə yalnız üzündəki ətlərin iki yerdən deşilməsinə gətirib çıxarmışdır. Zərərçəkən şəxs bir neçə saatdan sonra vəfat etmişdir. Mütəxəssis həkim zərərçəkənin beyninə dəyən zərbəni ölümünün səbəbi kimi qeyd etmişdir. Qan sahibləri də mübahisə vaxtı orada olduqlarına görə yuxarıda sözü gedən iki nəfəri qatil kimi tanıtmışlar. Hakim də "qəsamə" icra edildikdən sonra qan sahiblərinin sözlərini təsdiq etmişdir. Bu mərhələdə üçüncü şəxs zərərçəkənin üzünə dəymiş xəsarətin onun tərəfindən törədildiyini söyləyir. Üçüncü şəxsin sözlərinin doğruluğunu nəzərə alsaq, sual budur ki, üçüncü şəxs müqəddəs İslam şəriəti baxımından qətldə şərik sayılırmı? Yoxsa, o, yalnız diyə ödəməlidir? İkinci halda diyənin miqdarı (üzün ətinə yaba ilə vurulan iki dərin deşik) nə qədərdir?
Cavab: Sualda fərz olunanlara görə üzə vurulan zərbə ölümə səbəb olmamışdır və cinayətkar diyə ödəməlidir. Yara sümüyə çatmayıbsa, onun diyəsi hər yaraya görə üç dəvədir.

Yanğın nəticəsində bədənin dərisinin aradan getməsi [Ərş]

Sual : Bir şəxs digərinin üzərinə benzin töküb onu yandırmışdır. Habelə, onun bədəninin bəzi hissələrinə xəsarət yetirmişdir. Belə ki, bədəninin həmin hissələrinin dərisi çıxmışdır. Lakin sonradan yanıq yaraları sağalmışdır. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz: 1) Sözü gedən cinayətə diyə düşür, yoxsa ərş (sağlamla eyiblinin qiymət fərqi)? 2) Diyə düşürsə, onun miqdarı nə qədərdir? 3) Diyə (və ya ərş) düşdüyü təqdirdə, dəyən zərərləri sağaltmaq və nöqsanları bərpa etmək istiqamətində aparılan müalicə və cərrahiyyə əməliyyatı üçün lazım olan xərcləri kim ödəməlidir?
Cavab: Sözü gedən cinayətə diyə düşmür, ərş düşür. Ehtiyat vacib odur ki, cinayəti törətmiş şəxs ərşin məbləğindən artıq olan müalicə xərclərini də ödəsin.

Xəstəliyi ucbatından iş yerində vəfat edən işçi [Diyə ödəməyin metodu]

Sual : Emalatxanada çalışan mexanik tibbi ekspertizanın verdiyi rəyə görə ağ ciyər xəstəsi imiş. O, emalatxanada təmizlik işləri apararkən ciyərlərinin xəstəliyinə görə dünyasını dəyişib. Emalatxana sahibi onun ciyərlərinin xəstə olduğunu bilmirmişsə, zamindirmi?
Cavab: Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.

Diyə müalicə xərclərindən az olarsa [Bədən üzvlərinin diyəsi]

Sual : Yol qəza hadisəsi və ya mübahisə nəticəsində bir şəxsin böyrəkləri sıradan çıxmışdır. Yaxud zərbə nəticəsində mütəmadi şəkildə müalicə almalı və daim həkim nəzarətində yaşamalıdır. Yaxud da böyrəklərin biri, dalağı və ya sidik kisəsi bu hala düşmüşdür. Belə hallarda hökm çıxarmaq üçün qazının vəzifəsi nədir? Xahiş edirik, cavabı izahla yazasınız. Əlavə olaraq bilmək istəyirik ki, müalicə üçün lazım olan vəsait təqsirli bilinən şəxsin öhdəsinədir, yoxsa zərərçəkən şəxsin? Zərərçəkənin öhdəsinədirsə, diyə məbləğinin müalicə xərclərini ödəmək üçün kifayət qədər olmadığı təqdirdə vəziyyəti necə islah etmək mümkündür?
Cavab: Tibbi ekspertiza və mütəxəssis həkimlər daxili üzvlərə dəyən xəsarətin bədənin neçə faizini təşkil etdiyini açıqlamadırlar (müharibə əlillərində hesablandığı kimi). Sonra həmin faiz, kamil diyə ilə müqayisə olunmaqla hesablanmalıdır. Müalicə xərcləri bundan çox olarsa, ehtiyat vacib budur ki, müalicə xərclərinin qalan hissəsini ödəsinlər.

Nəcisini saxlaya bilməyən şəxsin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxs başqasının törətdiyi cinayət nəticəsində bir il öz nəcisini saxlaya bilmir. Sonradan cərrahiyyə əməliyyatı vasitəsilə öz sağlamlığını bərpa edir. Lakin problemin 10 faizi hələ də qalmaqdadır. Yəni, on faiz öz nəcisini saxlaya bilmir. Məhkəmə də onun sağlamlığı bərpa olunandan sonra qərar çıxarmaq istəyir. Sual budur: Zərərçəkən diyəni kamil şəkildə almalıdır, yoxsa kamil diyənin on faizini?
Cavab: Belə hallarda diyə kamildir.

Müxtəlif amillərin təsirinə mütənasib olaraq diyə [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxsi yerdə sürümüşlər. Sürünmək habelə don vurmaq nəticəsində ayaqlarının altında, ayaq barmaqlarında və əllərində suluq və qabar əmələ gəlmişdir. Bunun diyəsi necədir?
Cavab: Bu işlərin qoyduğu təsirə əsasən diyə alınmalıdır.

Üzvün işdən düşməsi ilə nəticələnən sınığın diyəsi [Sınıqların diyəsi]

Sual : Bir şəxsə qarşı cinayət törədilir və bədəninə müxtəlif dərəcəli xəsarətlər yetirilir. Məsələn, sümüklərinin qırılmasından əlavə həmin üzvlərdə müəyyən dərəcədə naqislik yaranır. Əlbəttə, üzvlərdə olan bu naqislik sümüklərin qırılmasından və s. irəli gələ bilər. Belə məsələlərdə yalnız dəymiş zədələrin və sınmış sümüklərin diyəsi alınmalıdır, yoxsa üzvdə yaranan naqislik üçün də başqa bir diyə nəzərdə tutulmalıdır?
Cavab: Bir diyə alınmalıdır və o da sümüklərin sınmasının və dəyən zədələrin diyəsidir. Lakin üzvün sınması ilə naqisliyi üçün bir yerdə alınan diyə ilə naqislik olmadan üzvün sınmasına görə alınan diyə arasında fərq var.

İş zamanı barmağın kəsilməsinə görə diyə [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxs polad qayırma zavodunda partlayıcı maddənin (zavod sahibi bu maddədən qeyri-qanuni şəkildə istifadə edirdi) partlaması nəticəsində barmaqlarını itirmişdir. Diyə zavod sahibinin boynunadırmı? Onun boynunadırsa, qızıl və gümüşlə hesablasaq, miqdarı nə qədərdir?
Cavab: Sözü gedən şəxs bu işdən xəbərdar olduğu halda öz razılığı ilə partladıcı maddə ilə işləmiş və barmaqlarını itirmişdirsə, heç kəs zamin deyil.

Böyrəyin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Böyrəyin diyəsi nə qədərdir?
Cavab: İki böyrək üçün kamil (tamam) diyə ödənilməlidir. Çünki insanın ölümünə səbəb olur. Bir böyrəyə görə də ehtiyat vacib, diyənin yarısını ödəməkdir.

Diyə artımı hallarında diyə növünün təyini [Diyə ödəməyin metodu]

Sual : Can qisasına məhkum olunmuş şəxs diyənin artıq hissəsini almalı və bundan sonra edam olmalıdırsa, diyənin növünü müəyyən etmək onun öz ixtiyarındadır, yoxsa diyə ödəməli olan şəxsin ixtiyarındadır?
Cavab: Diyə verən şəxsin ixtiyarındadır.

Haram aylarda qətlin diyəsi [Can (ölüm) diyəsi]

Sual : Ehtiyatsızlıq üzündən baş verən qətl hadisəsində diyə hansı şəkildə ödənilmədir? Qəsdən adam öldürmə hadisəsi Məhərrəm ayında baş versə və ölənin vəlisi (qan sahibi) qisasın ləğv olunmasına və yerinə diyə verilməsinə razılıq versə, diyə necə ödənilməlidir?
Cavab: Haram aylarda ehtiyatsızlıq üzündən adam öldürmə hadisəsində diyənin üçdə biri ona əlavə olunur. Lakin qəsdən adam öldürmə hadisəsində isə tərəflərin razılaşdığı məbləğ meyar tutulmalıdır.

Müqəssir sürücünün və sərnişininin diyəsi [Can (ölüm) diyəsi]

Sual : Avtobusun peykan markalı yükdaşıyan avtomobil ilə toqquşması nəticəsində avtomobilinin sürücüsü və onun yanında oturan şəxs həlak olur. Yol polisi yükdaşıyan avtomobilinin sürücüsünü hadisədə təqsirli bilirsə, hökm necə olacaqdır?
Cavab: Əgər yükdaşıyan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını öz ölümündə özü təqsirli bilinəcək bir şəkildə pozmuşdursa, qanı hədərdir. Onunla birlikdə həlak olmuş şəxsin diyəsi də onun əmlakından verilməlidir. Əgər o, yol hərəkəti qaydalarını ölüm hadisəsində təqsirli bilinəcəyi bir formada pozmamışdırsa, yəni hər iki tərəf təqsirli bilinirsə, hər ikisinin diyəsinin yarısını avtobus sürücüsü ödəməlidir və ölən ikinci şəxsin diyəsinin yarısı yükdaşıyan peykan avtomobilinin sürücüsünün malından götürülməlidir. Belə hallarda məlumatı olan insanların sözləri - onların etibarlı şəxs olduqları surətdə, sübut sayılır.

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm [Qisasın hökmləri]

Sual : Ürəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?
Cavab: Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

İki nəfər arasında qətl şübhəsi [Diyə ödəməyin metodu]

Sual : İki nəfər qəsdən adam öldürmək məqsədi ilə üçüncü şəxsə tərəf atəş açırlar. Güllələrin biri hədəfə dəyir və həmin şəxs vəfat edir. Lakin bu güllənin onların hansı birinin tüfəngindən açıldığı məlum deyil. Buna görə də onların ikisindən biri mütləq qatildir və hər ikisindən qisas almaq mümkün deyil. Püşkatma metodundan da istifadə etmək olmur. Çünki hadisə “dəry” qaydasının icra olunduğu yerdir və “püşkatma” belə yerdə çətin məsələdir. (Necə ki, əmlak məsələlərində də icra olunmur.) Çünki burada “ədl və insaf” qaydası hakimdir. Xahiş edirik ki, şəri hökmü bəyan edəsiniz.
Cavab: Burada diyə münasəfə ilə (yarı-yarı) bölünməlidir.

Yol qəzasında təqsirli bilinənlər arasında diyənin bölüşdürülməsi [Diyə ödəməyin metodu]

Sual : Yol qəza hadisələrinin birində minik avtomobili yük maşını ilə toqquşaraq yolun ortasında dayanır. Arxadan gələn avtobus da minik avtomobili ilə toqquşur. Birinci hadisədə minik avtomobilinin sürücüsü, ikinci hadisədə isə avtobus sürücüsü təqsirli bilinir. Qeyd etmək lazımdır ki, minik avtomobilinin sərnişinlərinin hamısı bu hadisədə dünyasını dəyişir. Onların ölümlərinin əsas səbəbinin birinci, yoxsa ikinci yol qəzasının olması dəqiq məlum deyil. Belə halda hökm necə olacaqdır?
Cavab: Minik avtomobilinin sərnişinlərinin diyəsi avtobus sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında bölünməlidir. Yəni, onun əlli faizi minik avtomobilinin qalan əmlakından götürülməlidir, digər əlli faizini də avtobus sürücüsü ödəməlidir.

Başqa uşaq tərəfindən kor edilən uşağın diyəsi [Aqilə]

Sual : Təxminən dörd il bundan qabaq mənim Mehdi adında oğlum (o zaman onun üç yaşı var idi) anası ilə birlikdə qonaqlığa dəvət olunmuşdu. Qonaqlıqda meyvə yeyilən zaman Mehdi – anasının və başqalarının dediklərinə əsasən – əlindəki bıçağı tullayır. Bıçaq oynamaqda olan digər uşağın bir gözünə dəyib kor edir. Mübarək nəzərinizə çatdırıram ki, böyüklərin bu işdə əsla müdaxilələri olmamışdır. Uşaqlar isə bir-birləri ilə oynayırmışlar. Digər tərəfdən, zərərçəkən uşaq bacımın uşağıdır. Hadisədən üç il keçəndən sonra bacım bizim əleyhimizə şikayət etmişdir. Mənim maddi imkan baxımından bir yığın borclardan savayı heç nəyim yoxdur. Maddi vəziyyətimi nəzərə almaqla diyənin kim tərəfindən ödənilməli olduğunu deyin.
Cavab: Diyə mütləq ödənilməlidir, lakin sizin öhdənizdə deyil. Ata tərəfindən olan kişi qohumlarınızın öhdəsindədir və onlar arasında bölünməlidir. Onların hər biri imkanları çatan miqdarda onun bir hissəsini ödəməlidirlər.

Yol qəzasında iki tərəfin təqsirli olduğu halda diyənin bölünməsi [Diyə ödəməyin metodu]

Sual : Gecə vaxtı avtomobil ilə motosikletin toqquşması nəticəsində baş verən qəza hadisəsində motosiklet sürücüsü dünyasını dəyişir. Yol polisi hər iki tərəfin hadisədə 50 faiz təqsirli olduğunu təsdiqləyir. Çünki, motosikletin işığı olmamış və sürücü yol hərəkəti qaydalarına riayət etmədən, ehtiyatsızlıqla sürücülük etmişdir. Avtomobil sürücüsü də qabağa diqqətlə baxmamaqda və sürətinin yuxarı olmasında təqsirləndirilir. Fərz edək ki, o iki nəfərdən birinin təqsiri digərindən çoxdur, həmçinin hadisədə tərəflərin hər ikisinin təqsirli olduğuna görə onların hansı birinin qəza hadisəsinin gerçək amili olmasını təyin etmək mümkün deyil. Belə olduqda hökm necə olmalıdır?
Cavab: Onların hər ikisi bərabər şəkildə ölüm hadisəsinin amilidirlərsə, diyə bölünməlidir. İkinci surətdə ehtiyat budur ki, hər birinə mütənasib olaraq diyə hesablansın.

Əmanəti qorumaqda səhlənkarlıq [Əmanətin hökmləri]

Sual : Mən bir müddət öncə təmir işləri aparılan evimə baş çəkmək üçün oraya getdim. Əlimdə xeyli miqdarda pul, xarici valyuta və çek olan paket də var idi. Bu zaman dostum (həm də qohumum) evə daxil oldu və mən paketi ona tapşırdım. Çünki paket ilə əlaqədar nigarançılığım var idi və başımın qarışıq olduğuna görə onun içindəkilərə bir zərər dəyəcəyindən qorxurdum. Amma paketi verərkən iki səbəbdən onun içində pul olduğunu dostuma demədim: Birincisi, orada podratçı və adi işçilər olduğuna görə. İkincisi də o məntəqədə pulu adi kağız paketə qoymaq bir adət halını aldığına görə. Buna görə də o, paketin içində pul olduğunu bilirdi. Təəssüflər olsun ki, oradan çıxarkən paketi ondan almağı unutdum. Bir neçə dəqiqədən sonra paketi ona tapşırmağım yadıma düşdü. Ondan bu haqda soruşanda isə paketin yadından çıxıb həmin yerdə qaldığını bildirdi. Dərhal ora getdim, amma nə qədər axtarsam da paketi tapmadım və onun oğurlandığını başa düşdüm. Dostum buna görə zamindirmi?
Cavab: O, paketdə pul olduğunu bilir və ya buna güclü ehtimal verirdisə, eyni halda belə səhlənkarlığa yol vermişdirsə, zamindir. Əgər iki tərəf arasında mübahisə yaranarsa, şəri hakimə müraciət etməlisiniz.

Zavod tullantıları nəticəsində həyatlarını itirən uşaqların diyələri [Diyə ödəməyin metodu]

Sual : Neft-kimya zavodu öz xərclərinə qənaət etmək üçün zəhərli tullantıları gigiyenik və təhlükəsizlik qaydalarına riayət etmədən zavod yaxınlığındakı su hovuzuna axıdır. Bundan xəbəri olmayan bir neçə uşaq həmin sularda çimir və zəhərlənərək bir müddət sonra vəfat edirlər. Zavod buna görə məsuliyyət daşıyırmı? Xahiş edirik, suala cavab verərkən iki variantı; su hovuzunun zavod ərazisinə aid olduğu və olmadığı hallarını nəzərə alasınız.
Cavab: Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.

Fəhlənin ehtiyatsızlıq üzündən həyatını itirməsi [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Sahibkar işində kifayət qədər peşəkar və təcrübəli olan 50 yaşlı qazmaçı ustanı quyu qazmaq üçün işə götürür. O da quyu qazarkən quyunun içinə girən zaman ayağı sürüşərək quyuya düşüb dünyasını dəyişir. Sual budur ki, vəfat etmiş şəxsin varisləri yer sahibindən haqq tələb edə bilərlərmi?
Cavab: Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.

İş yerində üzvlərini itirən fəhlələr [Diyə ödəməyin metodu]

Sual : Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?
Cavab: Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Şərab içən şəxsin əməlləri [Diyə ödəməyin metodu]

Sual : Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Cavab: Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.
Səhifə sayı : 51