Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Şərab içən şəxsin əməlləri [Diyə ödəməyin metodu]

Sual : Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Cavab: Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.

Ölümlə nəticələnən yol qəzasında azyaşlının diyəsi [Can (ölüm) diyəsi]

Sual : Bir gün atam, anam və ailəmizin digər üzvləri səfərə gedərkən xalam oğlunu da ata-anasının icazəsi ilə özləri ilə apardılar. Səfər əsnasında qəza baş verir və maşında olan bütün sərnişinlər, o cümlədən xalam oğlu vəfat edir. Sığorta idarəsi hadisədə dünyasını dəyişmiş fərdlərin hamısı üçün nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Sualımız budur: Xalam oğlunun ata-anasının valideynlərimin varislərindən diyə tələb etməyə haqları varmı?
Cavab: Əgər atası icazə vermişdirsə, sizin ata və ananızın öhdəsində heç bir məsuliyyət (diyə) yoxdur.

Təmirçinin təhlükəsizlik qaydalarına diqqətsizliyi nəticəsində bir ailənin ölümü [Qəsdən adam öldürmə və ona bənzər hallar]

Sual : Təmirçi və ya şirkətin qanuni nümayəndəsi qaz sobasını bir şəxsin mənzilində təhlükəsizlik qaydalarına əhəmiyyət vermədən və ya texniki səhvə yol verməklə, yaxud da borudan istifadə etmədən quraşdırır. Nəticədə ailə üzvlərinin hamısı qazdan boğularaq vəfat edirlər. Qan sahibləri təqsirli bilinən şəxsin əleyhinə şikayət edirlər. Sual budur: Şirkət nümayəndəsinin və ya təmirçinin texniki nasazlığa və yaxud təhlükəsizlik qaydalarına riayət olunmaması barədə ev sahibinə məlumat verməsi və ya verməməsi hallarında kim məsuliyyət daşıyır və hansı növ qətl baş vermişdir?
Cavab: Əgər bu barədə onlara məlumat vermişdirsə, məsuliyyət daşımır. Vəziyyətin təhlükəli olmasına baxmayaraq xəbər verməmişdirsə, "ehtiyatsızlıq üzündən qətl" sayılır və öz əmlakından diyə verməlidir.

Həkimin müalicə zamanı səhlənkarlığı [Təzirlər]

Sual : Bir şəxs bədəninin yanmasına görə xəstəxanaya köçürülür və həkimin müalicə zamanı yol verdiyi səhlənkarlıq ucbatından vəfat edir. Tibbi ekspertizanın verdiyi məlumata əsasən yanığın dərəcəsinin böyüklüyü xəstənin ölümünün əsas amilidir. Həkimin səhlənkarlığı isə xəstənin ölümünün tezləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə həkim məsuliyyət daşıyırmı?
Cavab: Həkim günaha yol vermişdir və təzir olunmalıdır.

Xilas edicinin xilas etməkdən imtina etməsi [Diyə ödəməyin metodu]

Sual : Vəzifəsi suda batan şəxsi xilas etmək olan bir şəxs öz işindən imtina edərsə və həmin şəxs suda batarsa, o, bu işə görə məsuliyyət daşıyırmı?
Cavab: Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.

Mağaza sahibinin yanında əmanətin tələf olması [Əmanətin hökmləri]

Sual : Əgər bir şəxs müəyyən bir şeyi, məsələn, paltarı mağazada qoyub: “Bu paltar sizin mağazanızda qalsın, mən onu sonra aparacağam” – deyə xahiş etsə və mağaza sahibi də bunu qəbul etsə, həmin şəxs bir müddətdən sonra öz malını aparmaq üçün gələndə mağazaçı başqasının o malı apardığını söyləsə, mal sahibinin şikayət etməyə və malı tələb etməyə haqqı varmı?
Cavab: Əgər mağaza sahibi kifayət qədər araşdırmamış paltarı başqasına versə, zamindir.

Çobanın uşaq olduğu təqdirdə sürüyə dəyən zərər [Diyə ödəməyin metodu]

Sual : Bəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?
Cavab: Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.

Torpağa gübrə tökülməsi nəticəsində qonşunun heyvanlarının tələf olması [Diyə ödəməyin metodu]

Sual : Kənd toyuqları əkinçinin əkin sahəsinə səpdiyi toxumları dənləyir və əkin sahəsini tapdalayıb xarab edirlər. Əgər əkin sahibi toyuqların qarşısını almaq üçün toxumlara zəhər qatıb səpsə, toyuqlar bu toxumları yeyib ölsələr, bu haqda toyuq sahiblərinə də xəbərdarlıq etdiyini nəzərə alsaq, əkin sahibi, gördüyü iş nəticəsində tələf olan toyuqlara görə zamindirmi?
Cavab: Əgər toyuqların qarşısını almaq üçün bundan başqa yol olmasa və toyuq sahiblərinə də bu barədə xəbər vermişsə, eybi yoxdur və zamin deyil.

Həddi-buluğa çatmayan fəhlənin diyəsinin zamini [Diyə ödəməyin metodu]

Sual : Xeyriyyə (faizsiz kredit) fondu öz işinə başlamazdan öncə müqaviləyə əsasən müəssisəyə nəzarəti inşaatçılardan birinin öhdəsinə qoyur. Fondun binasının tikinti işlərini başlayır. Binanın qaynaq işləri də digər müqavilə ilə qaynaqçılardan birinə həvalə edilir. Başqa bir şəxs isə işçi tapmaq və tikinti materiallarının tədarükünü öz öhdəsinə götürür. Bu şəxs 8 yaşlı bir uşağı fəhlə kimi işə götürür ki, qaynaq zamanı seyfin qapısı uşağın üstünə düşür və təəssüflər olsun ki, onun onurğa beyninin tamamilə kəsilməsinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bu uşağın diyəsinə kim zamindir?
Cavab: Uşağın işə götürülməsi onun vəlisinin (sahibi) icazəsi ilə və uşağın məsləhətinə, gücünə uyğun idisə, habelə uşağın təhlükəsizliyinin təmini istiqamətində heç bir qüsur və səhlənkarlığa yol verilməmişdirsə və hadisə təsadüfən baş vermişdirsə, bu halda heç kəs zamin deyil. Amma vəlisinin icazəsi olmadan işə götürülmüşdürsə və ya təhlükəsizliyinin təminində səhlənkarlığa yol verilmişdirsə, işə götürən şəxs onun diyəsi ilə bağlı zamindir.

Hadisə yerini tərk etdiyi təqdirdə qəzadan dəyən zərəri ödəmək [Diyə ödəməyin metodu]

Sual : Yol-hərəkət qaydalarına əsasən sürücü hadisə yerindən qaçarsa, müqəssir sayılır. Sual budur: İslam şəriəti baxımından xəsarət vurduğuna göz yumub hadisə yerini tərk edən şəxs, şəriət baxımından başqasına xəsarət haqqı ödəməlidirmi?
Cavab: Həqiqətən müqəssir deyilsə, Allah dərgahında məsuliyyət daşımır. Amma qanun onu zahirdə cavabdeh bilir və ondan dəyən zərəri alır. Hadisənin həqiqətdə necə baş verdiyindən xəbərdar olmayan ekspertlərin və qazının bu qanuna əməl etməsinin şəriətə uyğun olmasını ehtimal etmək olar.

Məscidin qab-qacağının təsadüfən sınması [Diyə ödəməyin metodu]

Sual : Məscidin qab-qacağının təsadüfən, məsələn, Məhərrəm günlərində əzadarlara xidmət edərkən sınması, zəmanətə səbəb olurmu?
Cavab: Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.

Mal sahibinin razılığına əmin olmaq [Diyə ödəməyin metodu]

Sual : Əgər insan başqasının malına – onun olmadığı vaxtda qəsdən və ya səhvən ziyan vursa və bunu mal sahibinə bildirdiyi təqdirdə etiraz etməyəcəyinə və razılıq verəcəyinə əmindirsə, hökm nədir?
Cavab: Əgər onun razı olacağına əmindirsə, ona bu barədə məlumat verməsi vacib deyil. Lakin onun zimməsi və öhdəliyi (ehtiyata əsasən) mal sahibi "öz haqqımdan keçdim" deməyincə öhdəsindən götürülməyəcəkdir.

Qonşunun su navalçasından zərər çəkməsi [Diyə ödəməyin metodu]

Sual : Əgər bir şəxsin evinin navalçasından su axması nəticəsində qonşuya ziyan dəysə, vurulan zərər navalça sahibinin öhdəsindədirmi? Əgər məsələni ayırd etmək üçün mütəxəssis gətirsələr, onun xərcini kim ödəməlidir?
Cavab: Əgər hər iki nəfər mütəxəssisin gəlməsini təklif etmişlərsə, mütəxəssisin xərcləri onların arasında bölünməlidir. Dəyən zərər barəsində isə, hökm belədir: əgər navalça sahibinin evi (qonşusundan) öncə, adi qaydaya və adət-ənənəyə uyğun şəkildə tikilmişdirsə, dəyən ziyan onun boynuna deyil.

Maşının suda batmasına görə sürücünün zəmanəti [Diyə ödəməyin metodu]

Sual : Cəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?
Cavab: Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.

İki nəfərin malı tələf etməsi [Diyə ödəməyin metodu]

Sual : Əgər bir şəxs neft, yaxud digər yanacaq maddəsini özgəsinin əmlakının üstünə töksə və başqa birisi kibritlə onu yandırsa və mal tələf olsa, onların hər biri digərinin kibrit yandırdığını iddia etsə, vəzifə nədir?
Cavab: O iki nəfərdən birinin bu işi gördüyü məlum ikən həqiqi müqəssiri aşkar edən bir dəlil-sübut mövcud olmasa, zəmanət (təzminat) onlar arasında bölünəcəkdir.

Qisasa məhkum edilmiş qatilin qüsl və kəfəni [Meyit qüslünün hökmləri]

Sual : Can qisasına (edama) məhkum olunmuş şəxsi qisasdan öncə hazırlamaq (qüsl verib kəfənləmək) lazımdır, yoxsa qüsl və kəfəni qisasdan sonra da yerinə yetirməyin maneəsi yoxdur?
Cavab: Öncədən olması lazımdır.

Varisi olmayan məqtul [Qan sahibləri]

Sual : Varisi olmayan şəxsin qatili (qəsdən adam öldürmə halında) edam olunmalıdır?
Cavab: Belə hallarda qan sahibi İmam və şəri hakimdir.

Qatilin qisas hökmündən bixəbərliyi [Qisasın hökmləri]

Sual : Qatil hökmü bilmədiyini və qəsdən adam öldürmənin cəzasının qisas olduğundan xəbərsiz olduğunu iddia etsə, bu iddia da məhkəmənin rəyinə görə həqiqətə yaxın sayılsa və doğru olması ehtimalı da mövcud olsa, qisas hökmünü tətbiq etməkdə təsiri olacaqmı?
Cavab: Qisas hökmünü bilməməyin qisas hökmünü icra edib-etməməkdə heç bir təsiri yoxdur.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

Sual : Bir şəxs başqası ilə dalaşarkən onu elə yaralamışdır ki, bu kimi yaralar adətən öldürücü deyil – həkimə müraciət etməklə, müalicə olunmaqla sağalır. (Məsələn, onun bir barmağını qırmışdır.) Lakin zərərçəkən qəsdən həkimə müraciət etməmiş və müalicə olunmamışdır. (Yoxsulluq üzündən, müalicə xərclərinə gücü çatmadığından, laqeydlik və səhlənkarlıq üzündən və ya inadkarlıqdan da ola bilər.) Nəticədə yarada çürümə (infeksiya) baş vermiş və bədənin digər yerlərinə keçərək zərərçəkənin ölümünə səbəb olmuşdur. Bunları nəzərə almaqla sual budur ki, sözü gedən qətl hadisəsi "qəsdən adam öldürmə" sayılır və ondan qisas alınmalıdır, yainki, öldürmək məqsədilə vurmadığına görə "ehtiyatsızlıq üzündən qətl" sayılır? Yaxud da ümumiyyətlə qətl hadisəsi ona aid edilmir və o, sadəcə yetirdiyi xəsarətə uyğun olaraq dəyən zərəri ödəməyə və ya diyə verməyə məhkum olunmalıdır?
Cavab: Sualda fərz olunanlara əsasən, xəsarət yetirən şəxs qəsdən bunu etdiyi təqdirdə üzv qisasından əlavə, səhvən etdiyi təqdirdə isə üzvün diyəsindən əlavə nə isə ödəməyə zamin deyil.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

Sual : Qatildən qisas almaq üçün vəliyyi-əmr və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilmədiyi təqdirdə qatillə əlaqədar vəzifə nədir? İcazə verilən zamana qədər, hətta on illər keçsə belə, qatil həbsdə qalmalıdır, yoxsa dərhal azad olunmalıdır? İkinci halda hansı formada təzminat alınmalıdır?
Cavab: Vəliyyi-əmrin icazəsi lazım deyil. Qazının çıxardığı hökm kifayətdir. Qazı olmasa, möminlər içində adil olan şəxslər şəri hakimin əvəzinə izn verə bilər. Şəri hakim icazə versə, amma qan sahibi razı olmasa, ona son xəbərdarlıq ediləcəkdir ki, ya qisas alsın ya da qatilin razı olduğu təqdirdə diyə alsın. Əgər bunların heç birinə razı olmasa, vəzifə aydın olana kimi vəsiqə (təzminat) təqdim etməklə qatili azad etmək olar.

Qətldə şübhəli bilinən şəxsdən qisas almaq [Qisasın hökmləri]

Sual : Bir şəxs iki "kalaşnikov" gülləsi ilə qətlə yetirilmişdir. Qətldə şübhəli bilinən şəxslər dörd nəfərdir. Onlardan üçünün əlində "kalaşnikov" tipli avtomat silah olsa da hal-hazırda aradan çıxıb gizlənmişlər. Lakin yaxalanan birinin əlində "brunov" tipli silah tutulmuşdur. Belə olduqda qan sahibləri dördüncü şəxsdən qisas alınmasını tələb edə bilərlərmi? Ümumiyyətlə, burada hansı növ hökm verilməlidir?
Cavab: Şəriət qanunlarına əsasən onun qətl törətdiyi sübut olunmasa, ondan qisas almağa haqları yoxdur.

Ərlə arvadın qan sahibləri [Qan sahibləri]

Sual : Ər və ya arvad qətlə yetirilmişdir və biri-birindən savayı varisləri yoxdur. Bunu nəzərə almaqla aşağıdakı suallara cavab verin: 1) Onlar biri digərinin qan sahibləridirmi? 2) Qatildən diyə almaq haqları varmı? 3) Onların birinin qətlindən sonra digərinin razılıq verməsi (şikayət etməməsi) qatildən qisas alınmasının qarşısını alacaqdırmı?
Cavab: Ərlə arvadın qarşılıqlı olaraq bir-birlərinin qatilindən qisas almaq hüquqları yoxdur. Lakin onlara diyədən pay çatır.

Qatilin qisasdan sonra dirilməsi [Qisasın hökmləri]

Sual : Bir şəxs qisasa məhkum edilir və can qisası adı ilə edam olunur. Tibbi ekspert onun dünyadan getməsinə dair rəy verir. Amma o, ölüxanada ayılıb özünə gəlir, bu halda: 1) Qisas hökmü öz qüvvəsində qalır, yoxsa qüvvədən düşür? 2) Qisas öz qüvvəsində qalırsa, birinci dəfə dar ağacından asmanın diyəsi cinayətkar şəxsə verilməlidirmi? 3) Diyə ödəmək kimin öhdəsinə düşür? 4) Diyənin ödənmə möhləti nə qədərdir?
Cavab: Qisas hökmü öz qüvvəsində qalır və qan sahibləri onu tələb edə bilərlər. 2 və 3) Əgər cani zədələnsə, üzvü qüsurlu şəklə düşsə və ya digər formada zərər çəksə, ehtiyat vacib budur ki, onun diyəsi beytul-maldan ödənilsin. Bu, o halda ola bilər ki, hökm qazı və onun məmurları tərəfindən icra olunsun və hökmün icrasında heç bir laqeydlik və səhlənkarlıq baş verməsin. 5) Digər diyələr kimidir.

Azyaşlı qəyyum həddi-buluğa çatana kimi qatilin həbsdə qalması [Qan sahibləri]

Sual : Uşağın sahibinin (vəlisinin) qisas almağa haqqı olmadığını və uşağın həddi-buluğa çatmasına hələ çox qaldığını fərz etsək, uşaq həddi-buluğa çatıb özü bir qərara gələnə qədər qatili həbs etmək olarmı? Ümumiyyətlə, uşağın həddi-buluğ yaşına qədər çəkən zamanın qisas tələbi ilə əlaqəsi varmı?
Cavab: Zaman uzun çəkərsə, cinayət işlətmiş şəxsi kafi (qaneedici) vəsiqə (sənəd) almaqla azad etmək lazımdır.

Qəyyumun qisas və əfvlə bağlı ixtiyarları [Qan sahibləri]

Sual : Qan sahibləri hamılıqla uşaq (səğir) və ya ruhi xəstə olsalar, başçı və ya qəyyumlarının onların tərəfindən qisas tələb etməyə və ya əfv etməyə haqları varmı?
Cavab: Qisas və ya əfv etmək hüququnu sübut etmək çətindir. Yalnız bir halda ola bilər ki, uşaqların məsləhəti qəti şəkildə bunu tələb etsin.

Qan qəyyumlarının bəzisinin azyaşlı olması [Qan sahibləri]

Sual : Qisas hökmü mürəkkəb (hissələrə bölünə bilən) hökmdürsə, qan sahiblərinin bəzisi aqil və həddi-buluğa çatmış, bəzisi isə ruhi xəstə və azyaşlı (səğir) olsa, məsələni necə həll etmək mümkündür? Diqqət etmək lazımdır ki, qisas və yaxud əfv hallarında qan sahiblərinin bəzisi azyaşlı və geri zəkalı olduqlarına görə qisas almaq və ya əfv etmək hüququna malik deyillər.
Cavab: Böyüklər qisas almaq istəsə, azyaşlıların səhmlərini onların sahib (vəli) və ya qəyyumlarına ödəməlidirlər.

Qan qəyyumlarının əfv, diyə və qisasla bağlı ixtilafları [Qan sahibləri]

Sual : Fərz edək ki, qisas inhilali hüquqdur və qan sahibləri hamılıqla aqildirlər və həddi-buluğ yaşına çatmışlar. Onlardan bəziləri qisas alınmasını, bəziləri diyə almağı tələb edirlər. Bəziləri isə əfv etmək qərarına gəlirlər. Bu halda məsələnin hökmü necə olacaqdır?
Cavab: Onlardan bəzisi diyə almaq istəsə, qalanlarının diyə səhmlərini ödəməklə qisas almağa haqqı var. Əgər bəziləri əfv etsələr qalanlarının qisas haqları var. Amma gərək diyə səhmini caninin özünə və varislərinə ödəsinlər.

Qisas haqqının mürəkkəb olması [Qisasın hökmləri]

Sual : Qisas inhilali (bir neçə hissəyə və haqqa ayrıla bilən) və mürəkkəb (bir neçə hissədən tərkib tapmış) hüquqdur, yoxsa qeyri-inhilali və bəsit?
Cavab: Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.

Vələdüzzinanı öldürdüyünə görə müsəlman şəxsdən qisas alınması [Qisasın hökmləri]

Sual : Müsəlman bir şəxs, müsəlman vələdüz-zinanı (şəriətə görə qeyri-qanuni yolla dünyaya gəlmişi) qətlə yetirsə, ondan qisas alınırmı?
Cavab: Qisas alınır.
Səhifə sayı : 51