QUR’ANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)QUR’AN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ

Əslində imamət və rəhbərlik təkcə dini məsələ deyil və bütün yaradılış aləmində əhəmiyyət daşıyır. Allah-taala Özü varlıq aləminin əsl imamı və rəhbəridir, kainatı hidayət və idarə edən də Odur!
Qur’ani-kərimdə bu məsələyə xüsusi əhəmiyyət verilmiş və imamət insanın təkamül seyrinin son mərhələsi sayılmışdır. Yalnız “ulul-əzm” peyğəmbərlər ona çatmışlar. Belə ki, “Bəqərə” surəsinin 124-cü ayəsində buyurulur:
وَإِذِ ابْتَلَى إِبْرَاهِیمَ رَبُّهُ بِکَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّی جَاعِلُکَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّیَّتِی قَالَ لاَ یَنَالُ عَهْدِی الظَّالِمِینَ
“Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları tamamladı (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam tə’yin etdim!” İbrahim “nəslimdən necə” (onları da imam qərar verəcəksənmi) – soruşduqda Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və bu məqama yalnız sənin pak və mə’sum övladların layiqdir!)”
Ayənin əvvəlində həzrət İbrahimin bir neçə kəlmə ilə imtahana çəkilməsindən söz açılmışdır. Təfsir alimləri arasında bu kəlmənin nədən ibarət olması barədə fikir ayrılığı vardır. “Ruhul-məani” kitabının müəllifi bu haqda on üç baxış qeyd etmişdir.[1]
Nəzərə daha düzgün gələn baxış budur ki, “kəlmələr”də məqsəd İbrahim peyğəmbərin öhdəsinə qoyulan ağır vəzifələrdən ibarət müxtəlif əmr və qadağalardır. Bu vəzifələr – əmr və qadağalar aşağıdakılardan ibarətdir: onun bütpərəstlərə qarşı şücaətli qiyamı, bütləri sındırması, odda yandırılması, ürəyinin parası olan övladını qurban etmək məqsədi ilə bıçağı onun boğazına qoyması, ailə-uşağından keçib, onları Məkkənin bir nəfər belə yaşamayan quru və yandırıcı torpağında tək-tənha qoyması və nəhayət, müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan köçməsi... Bunların hər biri ağır imtahan olsa da, İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail olmuşdur.
Bə’zi təfsirçilər həzrət İbrahimin (ə) imtahanlarının otuzdan çox olduğunu qeyd edərək demişlər ki, bu otuz imtahan Qur’ani-kərimin üç yerində – “Tövbə” surəsinin 13-cü ayəsi (on imtahan), “Əhzab” surəsinin 1-9-cu və 35-ci ayələrində (qalan iyirmi imtahan) açıqlanmışdır. Lakin bu imtahanların bir qisminin təkrar yönünə diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz.
Ümumiyyətlə, İbrahim (ə) qəhrəmanlıq göstərərək bütləri sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə gələrək imamət libası geyindi. Allah-taala onun böyük iftixar və məqama nail olduğunu belə açıqlayır: “Mən səni insanlara imam tə’yin etdim!”
Həzrət İbrahimin (ə) risalət və peyğəmbərlik məqamından, eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu bu məqam hansı məqam idi?
Sözsüz ki, həzrət İbrahimin (ə) ağır imtahanlardan sonra Allah tərəfindən layiq görüldüyü bu məqam onun peyğəmbərlik məqamından üstün olmalıdır. Təfsir alimləri ayədə qeyd olunan “imam” sözü haqda çox söz demişlər və bə’ziləri bu sözün mə’na incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuşlar. Ən maraqlısı budur ki, bir qrup məşhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik məqamı ilə eyni bilmişlər. Halbuki həzrət İbrahimin (ə) həmin vaxt peyğəmbər olmasına heç bir şəkk-şübhə yox idi. O, imamət məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmişdi, həm də övlad sahibi olmuşdu. Ayənin davamında da onun Allahdan öz övladları üçün imamət məqamı istədiyi göstərilir.
Bir çox təfsirçilər həzrət İbrahimin (ə) imtahana çəkildiyi “kəlmələr”in Allah tərəfindən aldığı bir sıra tə’limlərdən, yaxud bütpərəstlərlə mübarizəsindən, Kə’bə evini bina etməsi və oğlunu qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bə’ziləri yenə də imaməti peyğəmbərlik məqamına aid etmişlər. Halbuki bütün bu göstəriş və qəhrəmanlıqlar həzrət İbrahimin (ə) peyğəmbərlik məqamından sonra baş vermişdir. Hər halda, onların təfsirlərində “Mən səni insanalara imam tə’yin etdim” cümləsi aydın şərh olunmur.
Ayədə qeyd olunan “imamət”in itaətin vacibliyi mə’nasında təfsiri də düzgün deyil. Çünki hər bir peyğəmbərə itaət vacibdir. Əgər məqsəd İbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun üçün üstün məqam sayıla bilməz.
Bə’ziləri də başqa bir təfsirlə demişlər: “İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir. Başqa sözlə, hökumətə başçılıq nəzərdə tutulur.”
Bu təfsir qeyd etdiyimiz digər iki təfsirdən fərqli olsa da, imamətin dərin mə’nasını aydın göstərmir. Bizim nəzərimizcə, bu zəmində digər ayələrə diqqət yetirdikdə imamətin daha yüksək bir məqama aid olduğu aydınlaşır. O da geniş mə’nada ilahi proqramların həyata keçirməsindən – həm hökumət məsələləri, həm əmr və hökmlərin icrası, həm də insanların zahiri və batini tərbiyəsindən ibarətdir.
İzah: Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:
1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.
2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:
a) “Təşrii hidayət”; yə’ni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva[2], şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.
b) “Təkvini hidayət”; yə’ni mə’nəvi tə’sirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mə’nəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqram icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.
Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mə’nəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata bilməzdi!
Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam peyğəmbərini (s) misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. “Rəsul” və “nəbi”dən fərqli, vəhy almayan mə’sum imamları misal çəkmək olar.
Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan “Mən səni insanlara imam tə’yin etdim” cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha tə’kidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düşünüb deyir: “İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yə’ni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!
Şübhəsiz, burada “zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mə’nada ədalətin əksi (antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniş mə’nada hər şeyin yerini düzgün tə’yin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qur’ani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:
یَا بُنَیَّ لَا تُشْرِکْ بِاللَّهِ إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیمٌ
“Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!”[3]
Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın mə’sum və günahsız olmasına bir sübutdur.
Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?
Bə’ziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: “Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır. Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.
Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam peyğəmbərinə (s) istinadən “imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məs’ud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-taala İbrahimə (ə) buyurdu:
لا اُعْطِیکَ عَهْداً لِلظّالِمِ مِنْ ذُرِّیَّتِکَ
“Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”
قالَ یا رَبِّ وَمَن الظّالِمُ مِنْ وُلْدی الَّذِی لا یَنالُ عَهْدِکَ؟
İbrahim (ə) dedi: “İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”
قالَ مَنْ سَجَدَ لِصَنَمٍ مِنْ دوُنِی لا اَجْعَلُهُ اِماماً اَبَداً وَلا یَصْلَحُ اَنْ یَکوُنَ اِماماً
Allah buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm. O, imamlığa layiq deyil!”[4]
Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili “Mənaqib” kitabında azacıq fərqlə İbn Məs’uddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) bu ayənin təfsirində buyurdu: “Allah-taala İbrahimə (ə) buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: “Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!”[5]
Mö’təbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlar üçün olmuşdur. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!
Böyük təfsir alimi Əllamə Təbatəbai “Əl-mizan” təfsirində yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar![6]
Fəxri-Razi “Kəbir” təfsirində e’tiraf edir ki, bu ayə peyğəmbərlərin mə’sum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin mə’sum olması onun imamət məqamı ilə sübuta yetir, yə’ni hər bir peyğəmbər imamdır.”
Bütün bu qeydlərdən sonra Qur’ani-kərim baxımından imamət məqamının əzəmət və böyüklüyü mə’lum olur. Məqsədimiz məhz bu nöqtəni aydınlaşdırmaq idi.
***
[1] “Ruhul-məani”, 1-ci cild, səh. 336.
[2] “Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi əzabların çətin və ağır olmasından qorxmaq mə’nasındadır. Təqvanın müxtəlif dərəcəsi vardır: 1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və pəhriz etməkdir; 3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil olur. Bu seçilmiş şəxsiyyətlər hətta bə’zi mübah və halal olan, lakin insanın özünü məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz edirlər. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.) (Müt.)
[3] “Loğman” surəsi, ayə: 13.
[4] “Əmali”, Şeyx Müfid, “Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13.
[5] “Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində.
[6] “Əl-mizan”, 1-ci cild, səh. 274.

İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)QUR’AN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma