Sual:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ

Sual olunur ki, bə’zi kitablarda Peyğəmbəri-əkrəmin (s)
( اَصْحابِى بِمَنْزِلَةِ النُّجُومِ فِى السَّماءِ فَاَیُّما اَخَذْتُمْ بِهِ اِهْتَدَیْتُمْ )
“Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən yapışsanız (itaət etsəniz), hidayət olar və doğru yola yönələrsiniz” buyurduğu da nəql olunmuşdur. Görəsən, bu hədis Əhli-beyt (ə) barəsində nəql olunan yuxarıdakı hədislərlə ziddiyyət təşkil edirmi?
Bu sualın cavabı ilə bağlı bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Bu hədisin mö’təbər oluğunu fərz etsək belə, Əhli-beytin (ə) barəsində deyilən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki İslamın əsaslarının bəyanında bir örnəyin başqa bir örnəklə heç bir ziddiyyəti yoxdur. Xüsusilə “Əhlu-beyti kən-nücum” (Əhli-beytim ulduzlar kimidir) hədisində bu vəsf Qur’ani-kərimə aid edilməsə də, Qur’ani-kərimin müsəlmanlar üçün ən gözəl istinad yeri olması sözsüzdür.
2. Əhli-sünnə alimləri bu hədisi sənəd baxımından “saxta”, “məkzub” (yalan) və yaxud “məşkuk” (şübhəli) adlandırmışlar. Bunu açıqlayanlar arasında əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl, eləcə də İbn Həzm, Əbu İbrahim Məzəni (Şafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql etməyə ehtiyac yoxdur. Bu alimlərin münasibətləri barədə mə’lumat əldə etmək istəyənlər “Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə bilərlər.[1]
3. Səhabələrə aid edilən hədisin möhtəvası məntiqlə uyğun gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında (geniş mə’nada səhabə; yə’ni Peyğəmbəri (s) görən və həzrətlə birgə olan hər bir şəxsi nəzər almaqla) böyük ixtilaflar yarandı. Bu ixtilaflarda qanlar axıdıldı, dəhşətli müharibələr baş verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin yolunu seçməkdə azad buraxıb deyək: “Özünüz bilərsiniz, ya Əmirəl-mö’minin Əlinin (ə), ya da Müaviyənin qoşunundan olun; Cəməl müharibəsində ya Əliyə (ə) qoşulun, ya da Təlhə və Zübeyrə. Onların hər hansı birinə qoşulsanız, doğru yolu tapacaqsınız və sizi behiştə aparacaqlar.” Xeyr, belə deyil! Heç bir ağıllı insan bunu qəbul etməz. Allah Rəsulunun (ə) məqamı isə çox üstündür və həzrətə belə hədislər aid etmək rəva deyil.
Tarixdə göstərilir ki, Əməvi hakimləri öz mövqelərini möhkəmləndirmək, “nücum” hədisini e’tibardan salmaq və Əhli-beytin (ə) məqamını kiçiltmək üçün belə saxta hədisləri İslam peyğəmbərinə (s) aid etmiş, bununla da Şam əhalisi və qeyrilərini inandırmağa çalışmışlar ki, Əlinin (ə) hökuməti haqq olduğu kimi, səhabələr zümrəsindən olan Müaviyənin hökuməti də haqqdır.[2] Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalışmışlar.

[1] Xülasətu əbəqatil-ənvar”, 3-cü cild, səh. 124-167. (Burada qeyd etdiyimiz hədisin sənədinin e’tibarsızlığı ravilərin tərcümeyi-halı ilə birgə əhli-sünnənin otuz nəfərdən çox alimi nəql etmişdir.)
[2] Əhli-sünnə firqəsinin nəzərinə görə, Peyğəmbəri-əkrəmə (s) iman gətirən və o həzrəti günün yarı hissəsini belə, görənlər səhabə adlanırlar və səhabə adını daşıyan hər bir kəs isə ədalətlidir. Lakin Əhli-beyt məktəbinin ardıcılları o kəsə səhabə deyirlər ki, daim və uzun müddət Peyğəmbəri-əkrəmlə (s) birgə olsun. Onların nəzərinə görə, bütün səhabələr ədalətli deyillər.


4-“ON İKİ İMAM” HƏDİSİ
Əhli-beytin (ə) mövqeyini imamət və vilayətlə əlaqələndirən və bir sıra şübhəli sualları cavablandıran hədislərdən biri də “on iki imam” hədisidir. Bu hədis İslamın ən məşhur hədislərindəndir. O səhih və mö’təbər kitabların əksəriyyətində nəql olunmuşdur. Bu hədis barəsində əksər alimlər yekdil fikirdədirlər. Əvvəlcə, hədisin sənədini, sonra isə onun məzmununu qısa şəkildə araşdıracağıq:
Bu hədisi Peyğəmbərin (s) səhabələrindən bə’ziləri nəql etmişdir. Onun əksər raviləri Cabir ibn Sumrəyə, ondan sonra Abdullah ibn Məs’uda, Abdullah ibn Ömərə, Abdullah ibn Əmr ibn Asa, Əbdül-Məlik ibn Ümeyrə, Əbul-Cildə və Əbu Cüheyfəyə istinad edir. Hədis hafizləri onu ondan artıq kitabda qeydə almışlar. İndi isə diqqətinizi həmin hədisin bir hissəsinə yönəldirik:
1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:
لا یَزالُ الْاِسْلامُ عَزیزاً اِلى اِثْنى عَشَرَ خَلیفَةً – ثُمَّ قالَ کَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ کُلُّهُم مِنْ قُرَیْشٍ!:
“On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!”[1]
Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.
Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.
Bir hədisdə Amir ibn Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”[2]
Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür.[3]
2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:
یَکُونُ اِثْنى عَشَرَ اَمِیراً فَقالَ کَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: کُلُّهُم مِنْ قُرَیْشٍ!:
“Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!”[4]
3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir!”[5]
4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) “Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli və yenilməz olacaqdır” deyə buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demişdir.[6]
5. “On iki imam” hədisi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bə’zi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər.[7]
Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məs’udun yanında oturmuşduq, o bizə Qur’an oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:
اِثْنى عَشَرَ کَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِیلَ:
“Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”[8]
Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mö’təbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün “Ehqaqul-həqq”, “Fəzailul-xəmsə”, “Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.
***


[] “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453, Beyrutun “Daru ihyai-turrasil-ərəbi” çapı.
[2] “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453.
[3] “Səhihi-Müslim”, 3-cü cild, səh. 1453.
[4] “Səhihi-Buxari”, 3-cü cild, səh. 101, Beyrutun “Darul-ceyl” çapı.
[5] “Səhihi-Termizi”, 4-cü cild, səh. 501, Beyrutun “Daru ehyai-turrasil-ərəbi” çapı, “ma caə fil-xüləfa” bölümü, hədis: 22223.
[6] “Səhihi-Əbi Davud”, 4-cü cild, “Əl-Mehdi” bölümü, Beyturun “Daru ehyais-sünnətin-nəbəviyyə” çapı.
[7] “Müntəxəbul-əsər” kitabının 12-ci səhifəsinə və “Ehqaqul-həqq” kitabının 13-ü cildinə müracət edin!
[8] “Müsnədi-Əhməd ibn Hənbəl”, 1-ci cild, səh. 398, Beyrutun “Darus-Sadiq” çapı.

 

“ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma