17-“NƏCVA” (PIÇILTI) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSİ


“Mücadilə” surəsinin 12-13-cü ayələrində buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا إِذَا نَاجَیْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَیْنَ یَدَیْ نَجْوَاکُمْ صَدَقَةً ذَلِکَ خَیْرٌ لَّکُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِیمٌ أَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا بَیْنَ یَدَیْ نَجْوَاکُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَیْکُمْ فَأَقِیمُوا الصَّلَاةَ وَآتُوا الزَّکَاةَ وَأَطِیعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِیرٌ بِمَا تَعْمَلُونَ
“Ey iman gətirənlər! Peyğəmbərlə məxfi danışığa getməzdən öncə (Allah yolunda) sədəqə verin. Bu sizin üçün daha xeyirli, daha pakdır. Əgər bir şey tapmasanız, (bilin ki,) Allah bağışlayan və rəhm edəndir. Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin, Allaha, Onun Peyğəmbərinə itaət edin (və bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır!”
Bu iki ayədə mövcud olan dəlillərdən, eləcə də, bir çox alimlərin, o cümlədən, Təbərsinin “Məcməül-bəyan”, Fəxri-Razinin “Kəbir”, Qurtubinin “Əl-camiu li-əhkamil-Qur’an”, Alusinin “Ruhul-məani” və digər təfsir kitablarında onun nazil olma səbəbilə əlaqədar qeydlərindən belə başa düşülür ki, bə’zən müsəlmanlar (bə’zi təfsirçilərin yazdıqları kimi, sərvətli müsəlmanlar) Peyğəmbərin (s) yanında mövqe qazanmaq üçün hər bir kiçik və əhəmiyyətsiz məsələni ona pıçıltı ilə və məxfi şəkildə bildirirdilər. Nadanlar anlamırdılar ki, Peyğəmbər (s) vaxtını bir fərdin əhəmiyyətsiz sözlərinə sərf etməklə mühüm işlərdən qalır. Bu iş həm də zəif və yoxsul təbəqəni narahat edirdi. Bu zaman qeyd etdiyimiz birinci ayə nazil oldu və müsəlmanlara belə bir göstəriş verildi: “Əgər Peyğəmbərlə məxfi şəkildə danışmaq istəyirsinizsə, bu işdən öncə Allah yolunda sədəqə verin.” Bu göstəriş maraqlı bir sınaqla yanaşı, Peyğəmbərlə (s) səmimi əlaqədə olduğunu iddia edənlərə tutarlı bir cavab oldu. Bir nəfərdən (yalnız imam Əmirəl-mö’minin Əlidən (ə)) başqa heç kim Peyğəmbərlə (ə) məxfi danışmaqdan əvvəl sədəqə vermədi.
Bununla da müsəlmanlar imam Əlinin (ə) Allah və Onun Peyğəmbərinin (s) yanında yüksək məqama malik olduğunun şahidi oldular. Qısa bir müddətdən sonra ikinci ayə nazil olub, birinci ayədə qeyd olunan hökmü ləğv etdi. Bununla da mə’lum oldu ki, bə’zilərinin ürəklərində sərvət, mal-dövlət sevgisi Peyğəmbərlə (s) məxfi danışmaqdan artıqdır. Həm də aydın oldu ki, məxfi danışmaq istəyənlərin sözləri əhəmiyyətsizdir. Onların bu işdə məqsədi yalnız ictimai mövqe qazanmaq idi.
Bu ayənin təfsiri ilə bağlı çoxlu rəvayət nəql olunmuşdur ki, onun hökmünə əməl edən şəxs yalnız imam Əli (ə) olmuşdur. “Şəvahidut-tənzil” kitabında nəql olunur ki, Mücahid imam Əlinin (ə) belə buyurduğunu demişdir:
اِنَّ فِى الْقُرْآنِ لآیَة ما عَمِلَ بِها اَحَدٌ قَبْلِى وَلا بَعْدِى وَهِىَ آیَةُ النَّجْوى، قالَ کانَ لِى دِینارٌ فَبِعْتُهُ بِعَشَرَةِ دَراهِمَ، فَکُلَّما اَرَدْتُ اَنْ اُناجِىَ النّبِىَّ (ص) تَصَدَّقْتُ بِدِرْهَمٍ مِنْهُ ثُمَّ نُسِخَتْ:
“Qur’anda bir ayə var ki, məndən qabaq və məndən sonra ona əməl edən bir kəs olmayıb və olmayacaq da; bu “nəcva” ayəsidir. Mənim bir dinar pulum var idi, onu on dirhəmə satdım. Bununla da hər vaxt Peyğəmbərlə (s) məxfi danışmaq istəsəydim, bir dirhəm sədəqə verərdim. Lakin bir müddətdən sonra o ayənin hökmü (sonrakı ayənin vasitəsilə) ləğv oldu.”[1]
Başqa bir rəvayətdə Əbu Əyyub Ənsaridən belə nəql olunur: “Bu ayə Əli (ə) haqda nazil olmuşdur. Əli (ə) Peyğəmbərlə (s) on dəfə məxfi danışdı və hər danışığından əvvəl bir dirhəm sədəqə verdi.”[2]
Növbəti rəvayətdə Mücahiddən belə nəql olunur: “Qur’ani-kərimdə bir ayə var ki, hökmü ləğv olana qədər Əli ibn Əbi Talibdən (ə) başqa heç kim ona əməl etmədi. Həmin ayə “nəcva” ayəsidir. O, Allahın Peyğəmbəri ilə məxfi danışdı və bir dinar pul sədəqə verdi.”[3]
Həmin kitabda bu barədə təxminən, on rəvayət nəql olunmuşdur.
Süyuti “Əd-durrul-mənsur” təfsirində də bu rəvayəti (yeddi müxtəlif sənədlə), onun düzgünlüyü ilə bağlı Hakim Nişapurinin e’tirafını və imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Qur’ani-kərimdə bir ayə var ki, məndən qabaq və sonra ona əməl edən olmayıb və olmayacaq.” Sonra hədisin davamını “Şəvahidut-tənzil” kitabında nəql olunduğu kimi qeyd etmişdir.[4]
Yenə həmin kitabda müxtəlif ravilərdən belə nəql olunmuşdur: “Peyğəmbər (s) (şəxsi danışığa gəlmək istəyənlərin nə qədər sədəqə verəcəkləri barədə Əli (ə) ilə məsləhətləşib) buyurdu: (Ya Əli!) Bir dinar necədir? Əli (ə) dedi: (Ya Peyğəmbər (s)) Camaatın ona gücü çatmaz. Peyğəmbər (s) buyurdu: Bir dinarın yarısı necə? Əli (ə) dedi: Buna da camaatın gücü çatmaz. Buyurdu: Bəs, nə qədər olsa, yaxşıdır? Dedi: Bir arpa ağırlığı qədər qızıl pul! Peyğəmbər (s) buyurdu: (Ya Əli!) Onun miqdarını çox az dedin!
Onların söhbətindən bir az keçməmişdi ki, ”Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?! İndi ki, siz bu işi etmədiniz və Allah da tövbənizi qəbul etdi, onda namaz qılın, zəkat verin...” ayəsi nazil olub, ötən hökmü ləğv etdi.
Əli (ə) buyurur: “Allah-taala mənim vasitəmlə bu ümmətin yükünü yüngülləşdirdi.”[5]
Bu məsələ ilə əlaqədar Bursuinin “Ruhul-bəyan” təfsirində Abdullah ibn Ömər ibn Xəttabdan nəql etdiyi bir hədis diqqəti daha çox cəlb edir. O deyir: “Əgər Əlinin (ə) malik olduğu üç fəzilətdən biri məndə olsaydı, bir dəstə qırmızı dəvəyə[6] (ən qiymətli mala) sahib olmağımdan daha yaxşı olardı. Birincisi, Əlinin (ə) Fatimeyi-Zəhra (ə.s) ilə evlənməsi, ikincisi, “Xeybər” müharibəsində qələbə bayrağını əlinə götürməsi, üçüncüsü, “nəcva” ayəsidir.”[7]
Bu hədisi Zəməxşəri “Kəşşaf”, Qurtubi “Əl-camiu li-əhkamil-Qur’an” və Təbərsi “Məcməül-bəyan” kitablarında nəql etmişlər.[8]
Həqiqətdə, Abdullah ibn Ömər üç həssas və mühüm məsələyə işarə etmişdir. Çünki Peyğəmbərin (s) buyurduğu kimi, bütün dünya qadınlarının ən fəzilətlisi Fatimeyi-Zəhraya (ə.s) layiq, yalnız Əlidir (ə) və Peyğəmbərdən (s) sonra bəşəriyyətin qəhrəmanı odur! “Xeybər” döyüşündə İslam sərkərdələrinin məğlub olduğu zaman Peyğəmbərin (s) bayrağı imam Əliyə (ə) verməsi və bununla da müsəlmanların bu döyüşdə qələbə qazanması başqalarının arzuladığı misilsiz bir fəzilətdir. “Nəcva” ayəsinə gəldikdə isə, bu ayəyə əməl edən yeganə şəxs imam Əli (ə) olmuşdur.
Qəribədir ki, bə’ziləri bu məsələni əhəmiyyətsiz göstərməyə, hətta Əlinin (ə) bu fəzilətini ört-basdır etməyə cəhd göstərmişlər! Onlar adəti üzrə, həmişə bəhanələr, məntiqsiz və əsassız dəlillər girdabındadırlar. Bə’zən deyirlər ki, səhabələrin böyükləri (sədəqə verməyə) ehtiyac bilmədikləri üçün bu işə əməl etməmişlər; bə’zən deyirlər ki, səhabələrin bu işi görməyə (sədəqə verməyə) kifayət qədər vaxtı yox idi. Çünki bu hökm tez bir zamanda ləğv olundu; bə’ziləri də deyirlər ki, sədəqə verib, Peyğəmbərlə (s) məxfi danışığa getmək, yoxsulları narahat edər, sərvətliləri qorxuya salar. Çünki yoxsulların sədəqə verməyə gücləri çatmırdı və sərvətlilər də gücləri çatdıqları halda, əgər bu işi tərk etsəydilər, danlanacaqdılar. Buna görə də digər səhabələrin bu ayənin hökmünə əməl etməməsi, onları fəzilətdən salmır.”[9]
Amma bu böyük təfsir alimləri sanki ikinci ayəni bəhanə gətirdikləri zaman tamamilə unutmuşlar ki, Allah-taala elə həmin ayədə əvvəlcə Peyğəmbərlə (s) məxfi danışanları hökm nazil olduqdan sonra sədəqəni tərk etdikləri üçün danlayır və məzəmmət edir. Ayədə buyurulur: “Yoxsa siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuz?” Allah-taala bu işi tərk etməyi bir növ günah hesab edərək buyurur: “Allah tövbənizi qəbul etdi!” Bu ayədə sədəqə verməyi tərk edənlərin bağışlandığı bildirilir. Onun əvəzində namaz qılmaq, zəkat vermək, Allaha və Peyğəmbərə (s) itaət etmək əmri verilir. Əgər digər səhabələrin vaxtı yox idisə, məqsədləri yoxsulların qəlbini ələ almaq, sərvətlilərin qorxusunu aradan qaldırmaq idisə, onda nə üçün Allah-taala onları məzəmmət edir və tövbə məsələsini gündəmə gətirir?! Ayəyə diqqət yetirməklə mə’lum olur ki, onların tutduğu iş düzgün deyilmiş. Bu mövqedən çıxış edən alimlər əqidələrinə uyğun gəlməyən məsələlərdə Qur’an ayələrinin münasibətini görə bilmirlər.
İmam Əlinin (ə) fəzilətini əhəmiyyətsiz göstərmək üçün demişlər: “Nəcva” ayəsi ilə onun hökmünü ləğv edən sonrakı ayə arasında yalnız bir saat fasilə olmuşdur. Buna görə də, digər səhabələr onun hökmünə əməl etməyə müvəffəq olmamışlar.” Belələri də yaddaşı zəif qrupdan sayılır. Çünki onlar hökmü ləğv edən ayənin tonuna diqqət yetirməmişlər. Həmin ayədə bir qrup səhabə məzəmmət olunur ki, nə üçün yoxsulluq qorxusundan sədəqə verməyi və Peyğəmbərlə (s) məxfi danışmağı tərk etmişlər! Düzdür, onlar bu işi tərk etsələr də, Allah rəhm edəndir və onların tövbəsini qəbul etmişdir. Əgər bu iki ayə arasında fasilə bir saat olsaydı, Allah-taala onları məzəmmət etməzdi. Bir sıra rəvayətlərdə “bu iki ayə arasında fasilə on gün olmuşdur” fikri daha münasibdir.[10]
Sual: Bu məsələ ilə bağlı bir sual qalır. Bu işi necə fəzilət hesab etmək olar? Bə’zi təəssübkeş təfsirçilərin dedikləri kimi, nə ona əməl etmək bir fəzilətdir, nə də onu tərk etmək bir nöqsan və xəta.
Cavab: Bu sual da keçən bəhslərdə cavablandırıldı. Əlavə olaraq deyə bilərik ki, sualın cavabını tapmaq üçün ən yaxşı yol Qur’ani-kərimə müraciət edib, hökmü ləğv edən (ikinci) ayəyə diqqət yetirməkdir. Bu ayədən göründüyü kimi, Allah-taalanın əmrilə müsəlmanlar sınağa çəkilir. Belə ki, Peyğəmbərlə (s) şəxsi danışmaq istəyənlər müsəlmanları nəzərə alaraq yenidən danışıq üçün, Allah yolunda sədəqə verməli idilər. Burada yalnız bir nəfər bu ilahi sınaqdan layiqincə keçdi və o da Əli ibn Əbi Talib (ə) oldu. Məgər bu böyük bir iftixar və fəzilət deyilmi?! Başqa sözlə, bütün səhabələr ayədə məzəmmət olunduğu və onların tövbəsindən söz açıldığı halda, burada istisna edilən şəxs yalnız imam Əlidir (ə).
Bəs, nə üçün bə’zi alimlər belə açıq-aydın həqiqəti inkar etmək istəyirlər? Bunun səbəbi haqda özünüz düşünün!
 
 
 
 
[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 231, hədis: 951.
[2] Yenə orada, səh. 240, hədis: 946.
[3] Yenə orada.
[4] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 185.
[5] Yenə orada, 6-cı cild, səh. 185.
[6] Bu söz ərəblər arasında daha qiymətli əşyalar barəsində işlədilir. Onlar nəfis, qiymətli və inci əşyaları bəyan edərkən, bu sözü işlədirlər. Bu söz atalar sözü formasına düşmüşdür.
[7] “Ruhul-bəyan”, 9-cu cild, səh. 406.
[8] “Kəşşaf”, 4-cü cild, səh. 494; “Əl-camiu li-əhkamil-Qur’an”, 9-cu cild, səh. 6472 və “Məcməül-bəyan”, 9-10-cu cild, səh. 252, bəhs etdiyimiz ayənin təfsirində.
[9] “Kəbir” təfsiri, Fəxri-Razi, 29-cu cild, səh. 272 və “Ruhul-məani”, 28-ci cild, səh. 28.
[10] “Ruhul-məani” təfsirində bu nəzər xəlifə Mənsur Dəvaniqinin dövründə yaşayan və “tabein” şagirdlərindən olan Müqatildən nəql olunmuşdur.
 
 
 

18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma