Yuxarıda sünnülərin birinci dərəcəli, ümdə və məşhur kitablarında qeyd olunan, sənədi səhabə böyüklərinə çatan hədislərin hamısında təqribən iki mühüm məsələyə tə’kid edilmişdir:
Birincisi budur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) iki namazı elə bir halda birlikdə qılırdı ki, xüsusi bir çətinlik, o cümlədən yağış, səfər, düşməndən qorxu və s. yox idi.
Digəri də budur ki, o həzrət bu işlə öz ümmətinə imkan yaratmış, çətinlik, əzab-əziyyəti aradan qaldırmışdır. Bununla belə, bə’zilərinin irad tutaraq «bu namazların birlikdə qılınması iztirar və çıxılmaz vəziyyətlərə aiddir!» - deməsi rəvadırmı?! Nə üçün həqiqətlər qarşısında gözlərini yumur və əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in sözlərinə e’tina etmədən şəxsi mühakimələrini yürüdürlər?! Allah və Onun Rəsulu bu işə icazə verir, lakin ümmətin təəssübkeşləri icazə vermirlər! Axı nə üçün?!
Nə üçün cavan müsəlmanların hər bir halda və hər bir yerdə – islam ölkələrində və xaricdə, institutlarda və ali təhsil ocaqlarında, idarə, zavod və fabriklərdə ən mühüm İlahi vəzifəni (gündəlik namazları) yerinə yetirmələrinə imkan vermirlər?! Bizim əqidəmizcə, İslam dini dünyanın sonuna qədər hər bir zaman və hər bir məkanda hərtərəfli proqram tökmüşdür.
Şübhəsiz, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) özünün geniş nəzərləri ilə bütün dövrlərdə və əsrlərdəki bütün dünya müsəlmanlarını görür və bilirdi ki, əgər hamını 5 dəfə namaz qılmağa vadar etsə, bə’ziləri namazı tərk edəcəklər (hal-hazırda mövcud olan vəziyyət kimi). Buna görə də öz ümmətinə minnət qoyaraq onların imkanlarını artırmışdır ki, hamı gündəlik namazları hər bir zamanda və hər bir məkanda asanlıqla qıla bilsin. Qur’an buyurur:
وَمَا جَعَلَ عَلَیْکُمْ فِی الدِّینِ مِنْ حَرَجٍ
«Allah dində sizin üçün heç bir çətinlik qərar verməyibdir.»[1]
[1] «Həcc» surəsi, ayə:78