Ayətullah Məkarim Şirazinin baxışında Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayət nişanələri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin baxışında Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayət nişanələri

Vilayət məsələsi digər məsələlərdən daha önəmlidir, çünki İmamın (ə) ifadəsi ilə desək, vilayət İslamın digər həlledici faktorlarının icrasına zamindir.

 Ayətullah Məkarim Şirazinin baxışında Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayət nişanələri
 Vilayət məsələsi digər məsələlərdən daha önəmlidir, çünki İmamın (ə) ifadəsi ilə desək, vilayət İslamın digər həlledici faktorlarının icrasına zamindir.


Qədir-Xum hadisəsi həqiqi İslamın yaşaması üçün məsum imamın vilayət və hakimiyyəti ilə bağlı hicrətin 10-cu ili zilhiccənin 18-də bünövrəsi qoyulan önəmli tarixi bir hadisədir. Buna əsasən, vilayət və məsum imama itaət etmək Qədir-Xum hadisəsinin ən əsas nöqtələrindən sayılır və sözügedən fundamental hadisə haqqında dərindən analiz aparmağı ikiqat zəruri edir. Həmin səbəbə görə bu yazıda Məkarim Şirazi cənablarının yüksək təfəkküründən bəhrələnərək Qədir-Xum hadisəsindəki vilayət fenomeninin ən önəmli aspektləri oxuculara təqdim edilir:

 

Ayətullah Məkarim Şirazinin kəlamında Qədir-Xum hadisəsinin icmali təsviri
Həzrət Rəsulullahın (s) ömrünün sonuncu ilində vida həcci mərasimi o həzrətin iştirakı ilə əzəmətli şəkildə sona yetdi. Bu səfərdə Mədinə camaatının Peyğəmbəri (s) müşayət etməsindən əlavə, Ərəbistan yarmadasının müxtəlif nöqtələrindən gələn müsəlmanlar da böyük tarixi bir iftixara sahib olmaq üçün o həzrətə qoşulmuşdular.
Hicrətin 10-cu ili, cümə axşamı günü idi. Qurbanlıq bayramından düz 8 gün keçirdi. Birdən, quru və isti səhrada Qədir-Xum məntəqəsində Peyğəmbər (s) tərəfindən dayanmaq əmri verildi.


...Peyğəmbər (s) camaata xəbər verdi ki, hamı uzun xütbə əsnasında bəyan ediləcək yeni ilahi xəbəri eşitməyə hazır olsunlar. Buna görə də dəvələrin palanı (və digər əşyalardan) minbər hazırlandı və Peyğəmbər (s) onun üstünə çıxdı. O həzrət (s) əvvəlcə Allaha həmd-səna etdikdən sonra özünü Allaha tapşırıb, camaata müraciətlə buyurdu: “Tezliklə mən Allahın dəvətini qəbul edib aranızdan gedəcəyəm. Mən də, siz də məsuliyyət daşıyırıq. Siz mənim haqqımda necə şəhadət verirsiniz?” (1).
Camaat yüksək səslə dedi:
 “نشهد انّك قد بلّغت و نصحت و جهدت فجزاك اللّه خيرا”
“Biz şəhadət veririk ki, sən peyğəmbərlik (risalət) vəzifəsini çatdırdın və xeyirxahlıq şərtinə əməl etdin, bizim hidayətimiz üçün son səyini göstərdin. Allah sənə xeyir versin!” (2).
Allah Rəsulu (s) daha sonra buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə və qiyamət gününün haqq olmasına, o gün ölülərin diriləcəyinə şəhadət vermirsizmi?!”.
Hamı bir ağızdan dedi: “Bəli, şəhadət veririk!”.
Allah Rəsulu (s) buyurdu: “İlahi, özün şahid ol!”. (3)
Bir daha dedi: “Səsimi eşidirsinizmi?”.
Dedilər: “Bəli!”.
Bunun arxası ilə sükut bütün ətrafı bürüdü, küləyin zümzüməsindən başqa bir şey eşidilmirdi.
Həzrət Rəsulullah (s) buyurdu: “İndi diqqət edin, görüm aranızda əmanət qoyacağım bu iki qiymətli və dəyərli şeylə necə davranacaqsınız?!”.
Camaat arasından bir nəfər səsləndi: “Hansı iki dəyərli şey, ey Allahın Rəsulu?!”.
Həzrət Rəsulullah (s) dərhal buyurdu: “Birincisi, Allahın böyük əmanəti, kitabı olan Qurandır. Onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Ondan uzaq düşməyin, yoxsa azarsınız. İkinci əmanət isə, mənim Əhli-beytim, ailəmdir. Hər şeydən xəbərdar olan Allah mənə xəbər verdi ki, bu iki əmanət cənnətdə mənim yanıma gələnə qədər heç vaxt bir-birindən ayrılmayacaq. Bu iki əmanətdən önə keçməyin, yoxsa həlak olarsınız və arxada qalmayın ki, yenə də həlak olarsınız.” (4)
Bu zaman həzrət Rəsulullah (s) öz ətrafına baxdı, sanki kimisə axtarırdı. Allah Rəsulunun (s) gözü həzrət Əliyə (ə) dəyəndə, əyilib onun əlindən tutub bacardıqca yuxarı qaldırdı. Hamı Əlini (ə) gördü və tanıdı. Həzrət Rəsulallah (s) daha aydın və yüksək səslə buyurdu:


 “ايّها النّاس من اولى النّاس بالمؤمنين من‏ انفسهم”


“Camaat! Kim müsəlmanlara özlərindən daha üstün və yaxındır?” (5).


Camaat dedi: “Allah və Peyğəmbəri (s) daha yaxşı bilir”.
O həzrət (s) buyurdu: “Allah mənim mövlam (sahibim) və rəhbərimdir, mən də möminlərin mövlası və rəhbəriyəm, onlara özlərindən daha üstün və yaxınam (mənim istəyim onların istəyindən qabaqdır)”. Daha sonra buyurdu:


“فمن كنت مولاه فعلىّ مولاه”


“Mən kimin mövla və rəhbəriyəmsə, Əli də onun mövla və rəhbəridir”.


O həzrət (s) bu sözü 3 dəfə, hədisi nəql edənlərin bəzilərinin dediyinə əsasən isə 4 dəfə təkrarladı...
Peyğəmbərin (s) xütbəsi sona çatdı. O həzrətin (s), Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Camaat hələ dağılmamışdı ki, vəhy mələyi nazil oldu və bu ayəni Peyğəmbərə (s) oxudu:


“الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي”


“Bu gün dininizi kamil etdim və sizə öz nemətimi tamamladım”.


Allah Rəsulu (s) buyurdu: “Allah böyükdür, Allah böyükdür. O Allah ki, öz dinini kamil etdi, nemətini də tamamladı və mənim peyğəmbərliyim və risalətimdən, məndən sonra da Əlinin vilayətindən razı oldu”.
Bunlar şiə və sünnü alimlərinin kitablarında gələn məşhur “Qədir-Xum” hədisi haqqında bir xülasə idi. (6)

 

Vilayətin təbliği – Qədir-Xum hadisəsində Peyğəmbərin (s) ən vacib vəzifəsi
Qəbul etməliyik ki, Peyğəmbərin (s) Qədir-Xumdakı vəzifəsi siyasi bir məsələdir və bir qrup bunu qəbul etməmək üçün onu inkar etdi, hətta bu yolda Peyğəmbərlə (s) qarşı-qarşıya durmağa hazırdırlar. (7)
Buna görə də bütün cəhətlərini nəzərə aldıqda, onu ədalətli şəkildə, münsifanə təhlil etdikdə, təəssübkeşlik, inadkarlıq olmadan yanaşdıqda, Qədir-Xumda rəsmi surətdə bəyan olunan vilayət və Peyğəmbərin (s) canişinliyi məsələsindən başqa bir şeyə rast gəlmirik (8).


Bəli! Peyğəmbər (s), ömrünün son ilinə qədər haqqında rəsmi şəkildə danışmadığı, o həzrətin (s) risalət və peyğəmbərliyi ilə eyni mərtəbədə olan və bir qrupun isə mübarizə aparmaq üçün and içdiyi, Allah-taalanın Peyğəmbəri (s) bu vəzifəni yerinə yetirməsi üçün onu qoruyacağına zəmanət verdiyi bu məsələ Peyğəmbərin (s) mühüm və həlledici canişinlik məsələsi idi. Çünki, Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan etsə də, ancaq rəsmi və müsəlmanların hüzurunda açıqlamamışdı. Buna görə də bu böyük məmuriyyət və vəzifə o həzrətin (s) vida həccindən qayıtdığı zaman, Qədir-Xum səhrasında ən gözəl şəkildə həyata keçdi. Peyğəmbər (s) də həzrət Əlini (ə) canişin elan edərək öz vəzifəsini tamamladı. (9)

 

İslamda vilayətin çatdırılmasının vacibliyi
Namaz, oruc, həcc və zəkatın həyata keçməsində vilayətin rolu danılmazdır. Bu və ya digər ibadətlər vilayət sayəsində əməli don geyir. Yəni, vilayət və İslam hakimiyyəti olmadan sözügedən məsələlər kağız üzərindəki cızma-qaradır və həkimin verdiyi bir nüsxə kimidir ki, ona əməl olunmadığı təqdirdə sağalmaq mümkün deyil. (10)
Buradan nəticə alınır ki, vilayət məsumların (ə) və onların canişinlərinin vasitəsilə İslam qanununun icra olunması mənasındadır. Deməli, nəticəsi İslam hakimiyyəti olan vilayət namaz, oruc, həcc və zəkatdan üstündür, hansı ki, həzrət Əlinin (ə) Qədir-Xumda bəyan olunan vilayətindən qaynaqlanır. (11)


Bu izahlardan sonra, vilayətin digər ibadətlərdən üstünlüyü səbəbi aydın olur. Çünki İmamın (ə) sözü ilə desək, vilayət İslamın digər mühüm elementlərinin icrasına zamindir. Əgər İslam hakimiyyəti qurulmasa, namaz, xüms, zəkat, oruc və həccə geniş miqyasda əməl olunması, onların fəlsəfələrinin aydınlaşması mümkün deyil. Buna əsasən, vilayət yalnızca eşq, məhəbbət, təvəssüldən ibarət deyil, həm də məsum İmamlar (ə), yaxud peyğəmbərlərin irəli sürdüyü islami hakimiyyət proqramlarının qəbul olunmasıdır. Buna görə də, tarix boyu gücü olan hər bir peyğəmbər hakimiyyət qurub. Məsələn həzrət Davud (ə), Süleyman (ə), Musa (ə) və İslam Peyğəmbəri (s) belə şəxsiyyətlərdən idi. Amma həzrət İbrahim (ə) və həzrət İsanın (ə) bu böyük hərəkata əl atmamalarının səbəbi isə fürsətin, yaxud ixtiyarlarında yetərli imkanın olmaması idi. (12)

 

Vilayətin icrasının gerçəkləşməsi xalqın iştirakına bağlıdır
Bəzi savadsızlar yazırlar: “Hamı bu həqiqəti dərk edir ki, camaatın əksəriyyətinin rəhbərliyə seçdiyi və dəstəklədiyi şəxs rəhbər olur, çünki cəmiyyətin əsas qüvvəsi camaatın özüdür... vilayəti seçən camaatın özüdür”. Amma bu nəzəriyyə tövhid təfəkkürü ilə düz gəlmir. (13)
Bizim sözümüz isə budur: Tövhid təfəkkürü sizin sözünüzün əksini deyir, yəni vilayəti təyin edən Allahdır və camaatın bunda bir hüququ varsa, bu da Allahın izni ilədir. (14)
Buna görə də inkar etmək olmaz ki, camaatın hakimiyyət məsələsində iştirakı hakimlərə güc verir və xalqın iştirakı olmadan rəhbərlər bir iş bacarmaz. Həzrət Əlinin (ə) “Şiqşiqiyyə” xütbəsində buyurduğu kimi:


اما وَالَّذى فَلَقَ الْحَبَّةَ وَ بَرَءَ النَّسَمَةَ لَوْلا حُضُورُ الْحاضِرِ وَ قيامُ الحُجَّةِ بِوُجُودِ النّاصِرِ وَ ما اخَذَ اللَّهُ عَلَى الْعُلماءِ الّا يُقارُّوا عَلى كِظَّةِ ظالِمٍ وَ لا سَغَبَ مَظْلُومٍ لَالْقَيْتُ حَبْلَها عَلى غارِبِها


“And olsun toxumu cücərdən, insanı yaradan Allaha! Əgər ətrafıma böyük kütlə yığılıb köməyimə qalxmasaydı və bununla mənə höccət tamam olmasaydı, Allah-taala alimlərdən zalımların toxluğu, məzlumların aclığı qarşısında sükut etməyəcəkləri haqda iqrar almasaydı, mən xilafət yüyənini buraxar, ondan uzaq durardım.” (15)


Bu ifadə açıq-aydın göstərir ki, caamatın himayəsi hətta Allah tərəfindən seçilmiş hakimə ilahi dəlil və höccəti tamamlayır (16)
Şübhəsiz, o həzrətin (ə) vilayətinin təyin olunması Allah tərəfindən Peyğəmbər (s) vasitəsilə həyata keçmişdi və bu, aktual bir gerçək idi. Məsələdən xəbəri olmayan bəzi şəxslərin dediyinin əksinə olaraq, potensial xarakter daşımırdı. Amma praktiki nəzərdən camaatın himayəsinə ehtiyac var idi və onsuz aktuallaşa bilməzdi. (17)

 

Qədir-Xum hədisində strateji “vilayət” prinsipinin gerçəkləşməsi
Qeyd olunmalıdır ki, mütəvatir Qədir-Xum hədisi və həzrət Peyğəmbərin (s) bütün kitablarda gələn məşhur “مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ” – “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!” – cümləsi həzrət Əlinin (ə) vilayəti haqqında böyük həqiqətləri aydınlaşdırır. (18)
Bizim də qəbul etdiyimiz kimi “mövla” sözünün mənalarından birinin “dost” olduğuna əsasən bir çox əhli-sünnə yazarları israr edərək hədisdəki bu sözü “dost, köməkçi” kimi mənalandırsalar da, Qədir-Xumda “mövla” sözünun “vəli”, “rəhbər” mənasında olduğuna dəlalət edən bir çox göstəricilər vardır. Həmin göstəricilər xülasə olaraq, aşağıdakılardan ibarətdir: (19)


1. Həzrət Əlinin (ə) bütün möminlərlə dostluğu elə də gizli və qaranlıq bir məsələ deyildi ki, onun haqqında bu qədər təkidə və bəyana, o böyüklükdə karvanı quru və isti səhrada saxlayaraq xütbə oxumağa, camaatdan ardıcıl etiraf almağa ehtiyac duyulsun. (20)
Quran açıq-aydın buyurur: “إِنَّمَا الْمُؤمِنُونَ اخْوَةٌ” (21), “Möminlər bir-birinin qardaşıdır.” Başqa bir yerdə isə belə buyurur: “وَ الْمُؤمِنُونَ وَ الْمُؤْمِناتُ بَعْضُهُمْ اوْلِياءُ بَعْضٍ” (22), “Mömin kişi və qadınlar bir-birinin dostudur.” (23)


Nəticə etibarı ilə, İslam qardaşlığı və müsəlmanların bir-biri ilə dotluğu İslamın ən aşkar məsələlərindəndir. Bu məsələ İslamın başlanğıcından var idi və Peyğəmbər (s) müsəlmanları dəfələrlə buna çağırmış və təkid etmişdi. Bundan əlavə, qardaşlıq elə bir məsələ deyildi ki, ayədə bu cür ciddi şəkildə vurğulansın və Peyğəmbər (s) onu bəyan etməkdə təhlükə hiss etsin. (24)


2. Bir çox hədis kitablarında gələn “أَ لَسْتُ اوْلى‏ بِكُمْ مِنْ أَنْفُسِكُمْ” – “Mən sizə özünüzdən daha üstün deyiləmmi?! – cümləsinin sadə bir dostluğu bəyan etməklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu cümlə demək istəyir ki, necəki mən sizə daha yaxınam, sizdən üstünəm və sizə rəhbərəm, eləcə də Əli (ə) sizə sizdən yaxındır və sizin rəhbərinizdir. Bu cümlənin qeyd olunan mənasından başqa hər cür izahı insaf və reallıqdan uzaqdır. Xüsusilə də “بِكُمْ مِنْ انْفُسِكُمْ” (Sizə sizdən daha yaxın və üstünəm) ifadəsinə diqqət etdikdə, bu, daha aydın görünür. (25)
3. Bu tarixi hadisədə həzrət Əlinin (ə) təbrik olunması, xüsusilə də Əbu Bərk və Ömərin təbrik etməsi məsələnin xilafətə dair olduğunu göstərir, çünki bütün müsəlmanlara aid olan dostluğun elanında təbrikə ehtiyac yoxdur. (26)


Əhli-sünnə qaynaqlarında Qədir-Xum hadisəsindəki Əlinin (ə) vilayətinə etiraf
İmam Əhmədin “Müsnəd” kitabında yazılır: Ömər həzrət Peyğəmbərin (s) o bəyanlarından sonra həzrət Əliyə xitab edərək dedi: “Mübarək olsun ey Əbutalibin oğlu, bütün mömin kişi və qadınların mövlası oldun!” (27)
Həmçinin Faxr Razi “يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ” – ayəsi haqqında belə deyir: Ömər dedi: “Mübarək olsun Ey Əli, bütün mömin kişi və qadınların mövlası oldun!”.
Bununla da görürük ki, Ömər həzrət Əlini (ə) özünün və bütün möminlərin mövlası hesab edir. (28)      
Yuxarıdakı rəvayət “Tarixi-Bağdad” kitabında belə nəql olunur: “Afərin, afərin ey Əbutalibin oğlu. Mənim və bütün müsəlmanların mövalası oldun! (29)”. (30)
“Feyzül-Qədir” və “əs-Səvaiq”də nəql olunur ki, bu təbriki Əbu Bəkr və Ömər həzrət Əliyə deyib: “أَمْسَيْتَ يَا بْنَ أَبي طالِبٍ مَوْلا كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةٍ” (31); “Ey Əli, bütün mömin kişi və qadınların mövlası oldun...” (32)
Məlumdur ki, bütün möminlər arasındakı dostluğun bu qədər böyüdülməsinə ehtiyac yoxdur. Göründüyü kimi bu, xilafət mənasında olan vilayətdən başqa bir məna ilə uyğun gəmir. (33)


Qədir-Xum hadisəsindəki həzrət Əlinin (ə) vilayəti haqda Quransayağı təfəkkür
Qəbul etməliyik ki, “Maidə” surəsi vilayət ayələrinin ən önəmlilərinə aiddir. Çünki bu surə Peyğəmbərin (s) ömrünün sonlarında nazil oldu. Digər tərəfdən də vilayət və canişinlik məsələsi də Peyğəmbərin (s) ömrünün sonlarında təbii şəkildə açıqlanır. Buna görə də bu surə vilayət məsələsi haqqında bir çox ayələyə şamil olur. (34)
Beləcə, “Maidə” surəsinin 55-ci ayəsi – إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ – “Sizin rəhbəriniz yalnızca Allah, Onun Peyğəmbəri (s) və iman gətirənlərdir, o iman gətirənlər ki, namaz qılır və rükuda ikən zəkat verirlər” də o ayələrdəndir ki, açıq-aydın şəkildə İmam Əlinin (ə) vilayətinə dəlalət edir. (35)


“Mövla” sözünün Quranın bir çox yerində gəldiyi mənasının əksinə olaraq, həqiqət budur ki, “Maidə” surəsinin 55-ci ayəsindəki “vəli” (mövla) sözü rəhbər və ixtiyar sahibi mənasındadır. Dost, köməkçi mənasında deyildir (36). Ona görə ki:
Birincisi, ayənin əvvəlində gələn “انّما” (yalnız) ədatı konkretliyi göstərir. Yəni, möminlərin vəlisi “yalnızca” bu üç şəxsdir. Amma əgər “vəli” dost mənasında olsa, konkretliyin mənası olmayacaq, çünki yuxarıda qeyd olunan üç şəxsdən digərləri də möminlərin köməkçisi və dostudur. Bundan başqa, əgər “vəli” sözü dost və köməkçi mənasında olsa “الَّذِينَ آمَنُوا” (iman gətirənlər, möminlər) ismi bu qədər “sifət”lə (yəni namaz qılan halda zəkat verirlər) birgə gətirilməzdi. Çünki bütün möminlər, namaz qılmadıqları halda da, hətta namaz qılmayan möminlər də öz müsəlman qardaşının dostu və köməkçisi ola bilər. Buna əsasən, konkretliyə dəlalət edən “انّما” (yalnız) ədatından və bir neçə sifətlə gətirilən “الَّذِينَ آمَنُوا” – “möminlər” ismindən belə çıxır ki, bu ayədə vilayət sözü dostluq və kömək mənasında deyil. Əksinə, rəhbər və ixtiyar sahibi mənasındadır. Allah, onun Peyğəmbəri (s) və möminlər (ayədə qeyd olunan sifətlərlə birgə) sizin vəliniz, ixtiyar sahibiniz və rəhbərinizdir. (37)
İkincisi, “Maidə” surəsinin 56-cı ayəsi bizim iddiamıza ən gözəl dəlildir. Allah-taala bu ayədə buyurur: “وَ مَنْ يَتَوَلَّ اللَّهَ وَ رَسُولَهُ وَ الَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغالِبُونَ”, – “Allahın, Onun Peyğəmbərinin (s) və möminlərin vilayətini qəbul edənlər (qələbə çalanlardır, çünki) Allahın hizbi (ordusu) qələbə çalar.” (38)


“Hizb” təşkil olunmuş cəmiyyət mənasındadır. Bir hizbin qələbəsi onların ictimai bir hərəkatda qələbə çalması mənasındadır. Deməli, əvvəlki ayə ilə əlaqəli və ilk baxışdan onunla birgə nazil olan bu ayədən başa düşülən, haqqında danışılan vilayətin siyasi xarakter daşımasıdır (39). Buna əsasən, ayənin mənası belə olacaq: Allahın, Onun Peyğəmbərinin (s) və möminlərin (الذين آمنوا) hakimiyyətini qəbul edənlər; belə bir hizb və cəmiyyət qələbə çalacaq.


Nəticə: “Vilayət” ayəsinin təfsiri haqqında gələn bir sıra hədisləri kənara qoyaraq onun üzərində kəlmə-kəlmə, sözbəsöz dərindən düşünməklə məlum oldu ki, bu ayədə “vəli” sözü imam, rəhbər və ixtiyar sahibidir; və kim Allahın, Onun Peyğəmbərinin (s) və möminlərin (الذين آمنوا) hakimiyyətini ayədə qeyd olunan şərtlərlə qəbul edərsə, qələbə çalacaq və ona kömək olunacaq. (40)
Üçüncüsü, qeyd etməliyik ki, ravilər, təfsirçilər və şiə-sünni alimləri arasında heç kim “الَّذِينَ آمَنُوا...راكِعُونَ” (41) – “...rükuda ikən zəkat verirlər.” cümləsinin obyektiv nümunələrinin İmam Əlidən (ə) başqa birisinin olduğunu deməyib. Buna görə, bütün müsəlman alimlərinin birlikdə gəldiyi qərara əsasən bu ayənin yeganə nümunəsi həzrət Əlidir (ə). Digər tərəfdən də, “...الذين آمنوا” cümləsinin ən azı bir nümunəsi olub. Deməli, o şəxs İmam Əlidən (ə) başqası ola bilməz. (42)


Buna əsasən, həzrət Əli (ə) camaat beyət etməmişdən öncə də Allahın vəlisi idi. Vilayət ayəsinə (انَّما وَليُّكُمْ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذينَ آمَنُوا الَّذينَ يُقيمونَ الصَّلوةَ وَ يُؤْتونَ الزَّكاة وَ هُمْ راكِعُونَ) (43) əsasən bu vilayəti ona Allah vermişdi. Mütəvatir Qədir-Xum hədisinə və “مَنْ كُنْتُ مَوْلاهُ فَهذا عَلِىُّ مَوْلاهُ”  – “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!” cümləsinə əsasən də Peyğəmbər (s) onu Qədir-Xumda rəsmi şəkildə Allah tərəfindən bu məqama təyin etmişdi. (44)


Qədir-Xum hadisəsindəki Əlinin (ə) vilayəti ilə dinin kamilləşməsi
Qədir-Xum hadisəsi və Həzrət Əlinin (ə) vilayət və canişinlik məsələsi – ”...Bu gün kafirlər sizin dininizdən (onu məhv edib aradan apara biləcəklərindən) ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı qəbul etdim...” – “الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلا تَخْشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَ رَضِيتُ لَكُمُ الْإِسْلامَ دِيناً” (45) ayəsinin ən gözəl təfsiridir. Hətta bu ayənin yeganə düzgün təfsiridir, çünki baş verən bu hadisə ilə münafiqlərin üzərinə ümidsizlik kölgə saldı və ümidləri kəsildi. (46)


Həmçinin, qeyd olunan ayənin Qədir-Xum hadisəsində nazil olmasını deyən xəbərlər məşhur İslam mənbələrində nəql olunub. Şiə və sünnilərdən nəql olunan bir çox hədisdə yuxarıdakı ayənin Qədir-Xumda həzrət Əlinin (ə) vilayətinin elan ediməsinin arxası ilə nazil olduğu açıq-aydın qeyd olunmuşdur (47). O cümlədən:
1. Məşhur sünni alimi İbn Cərir Təbəri “Vilayət” kitabında məşhur səhabə olan Zeyd ibn Ərqəmdən nəql edir ki, bu ayə Qədir-Xumda İmam Əli haqqında nazil olub. (48)


2. Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Quran fi Əliyyin” (“Quranda Əli (ə) haqqında nazil olan ayələr”) kitabında Əbu Səid Xudridən (məşhur səhabə) nəql edir ki, Peyğəmbər (s) Qədir-Xumda həzrət Əlini (ə) camaata rəhbər kimi tanıtdırdı. Camaat dağılmamışdı ki, “الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ‏ ...” ayəsi nazil oldu. Peyğəmbər (s) bu zaman buyurdu: “Allah böyükdür dinini kamilləşdirməyə, nemətini tamamlamağa. Allah mənim peyğəmbərliyimdən və məndən sonra da Əlinin vilayətindən razı oldu”.


Daha sonra buyurdu: “Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. İlahi! Ona dost olana dost ol, düşmən olana düşmən, ona kömək edənə kömək elə, kömək etməyə Sən də kömək etmə!” (49)
3. Seyid Şərəfüddin “əl-Müraciat” kitabında belə deyir: “”Maidə” surəsinin 3-cü ayəsinin Qədir-Xumda nazil olması səhih hədisdə İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunub. Əhli-sünnə alimləri bu zəmində Peyğəmbərdən (s) müxtəlif sənədlərlə 6 hədis nəql ediblər və onlar da birbaşa bu ayənin bu hadisədə nazil olmasını çatdırır (50), (51) və ...

 

“İkmal” ayəsində “الیوم” (bu gün) sözünün mənası
1. Kafirlərin ümidsizliyinə səbəb olan gün;
2. Dinin kamilləşdiyi gün;
3. Allah-taalanın öz nemətlərini müsəlmanlara tamamladığı gün;
4. Allahın İslam dininin insanların əbədi din olmasına razı olduğu gündür. (52)
Şiənin mütəxəssis və güclü təfsirçilərindən biri olan Təbərsinin sözünə əsasən demək olar ki, kafirlərin ümidlərini kəsən, Allahın razı olduğu, onun dininin və nemətinin tamamlandığı, kamilləşdiyi o “böyük gün”də məqsəd hicrətin 10-cu ili zilhiccənin 18-i Qədir-Xum günüdür. Allahın əmrini yerinə yetirmək üçün Peyğəmbərin (s) Əli ibn Əbutalibi (ə) vilayətə təyin etdiyi və onun xilafətini rəsmi şəkildə bütün müsəlmanlara elan etdiyi gündür. (53)


Qeyd olunan və xülasə olsun deyə gətirmədiyimiz bir çox hədislərdən belə nəticə alırıq ki, bu ayə Qədir-Xum hadisəsi haqqında nazil olub və aşkar şəkildə həzrət Əlinin (ə) imamətinə, vilayətinə və xilafətinə dəlalət edir. (54)
Həmçinin qeyd etməliyik ki, “təbliğ” ayəsi (55) – “Ey Peyğəmbər (s)! Rəbbin tərəfindən sənə nazil olanı kamil şəkildə camaata çatdır, əgər çatdırmasan, Onun risalətini yerinə yetirməmiş olacaqsan. Allah-taala səni camaatdan (onların ehtimal olunan xətərlərindən) qoruyacaq və O kafirləri hidayət etməz!” – açıq-aydın həzrət Əlinin (ə) canişinlik və vilayət məsələsi ilə bağlıdır. Həmçinin, həzrət Əlinin (ə) vilayətinin isbatında o qədər hədis və Quran ayələrinə işarə etmək olar ki, onların hamısını qeyd etmək bu məhdud yazıya sığmaz. Bu, başqa bir fürsət istəyir.

 

Son söz
Bu izahlardan sonra deməliyik ki, “vilayət” sözündə məqsəd dostluq deyil, əksinə rəhbərlik və imamətdir. Buna görə də ümid edirik ki, həzrət Əlinin (ə) vilayət məsələsi dünya müsəlmanlarını birləşdirən ortaq nöqtə olacaq və o həzrətin (ə) vilayəti kölgəsində İslam düşmənləri ilə mübarizə aparacaq, İslam məmləkətlərini onların şərindən qurtaracağıq. (56)
Həmçinin, qəbul etməliyik ki, vilayət və həzrət Əlinin (ə) xilafətə, Peyğəmbərin (s) canişinliyinə təyin olunma günü “Qədir-Xum” bayramı Allahın böyük bayramı adlanıb (57). Buna görə də bu bayrama böyük əhəmiyyət verilməlidir. Ona görə ki, onun fövqəladə təsir və faydaları var. Buna görə də bu mübarək bayrama hər nə qədər çox əhəmiyyət versək, mütləq, Allah tərəfindən bizə daha çox nemətlər veriləcək. (58)
Məhz buna görə də, Qədir-Xum mərasimi keçmişdə olduğu kimi qüdrətli, şövkətli və əzəmətli keçiriməlidir. Mərasimin savabını vəfat edən əzizlərimizin ruhuna, xüsusilə də həcc mərasimində Minada həlak olanlara hədiyyə etmək olar. Bu, dünyadan köçənlərlə şanlı Qədim-Xum hadisəsinə bir yerdə ehtiram etməkdir. Qədir-Xum mərasimi heç bir zaman zəif, sadə şəkildə keçirilməməlidir, çünki bu, düşmənin istəyidir. (59)
Ümid edirik ki, Allah-taala Qədir-Xum və onun sahibinin bərəkəti sayəsində bütün İslam məmləkətlərini düşmənlərin şərindən qoruyacaq! (60)

Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1.    “Nümunə” təfsirindən seçmələr, c. 1, səh. 536
2.    Yenə orada
3.    Yenə orada
4.    Yenə orada
5.     “Nümunə” təfsirindən seçmələr, c. 1, səh. 537.
6.    “Nümunə” təfsirindən seçmələr, c. 1, səh. 539.
7.    “Quranda vilayət ayələri”, səh. 30.
8.    Yenə orada
9.    Yenə orada
10.     “Quranda vilayət ayələri”, səh. 71.
11.    Yenə orada
12.    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 87.
13.    “Quranın mesajları”, c. 10, səh. 36.
14.    Yenə orada
15.    “Nəhcül-bəlağə”, 3-cü xütbə.
16.    “Quranın mesajları”, c. 10, səh. 39.
17.    Yenə orada
18.    “Quranda vilayət ayələri”, səh. 42.
19.    Yenə orada
20.    “Quranda vilayət ayələri”, səh. 43.
21.    “Hücurat” surəsi, 10-cu ayə.
22.    “Tövbə” surəsi 71-ci ayə.
23.    “Quranda vilayət ayələri”, səh. 43.
24.    Yenə orada
25.    Yenə orada
26.    “Quranın mesajları”, c. 9, səh. 185.
27.    “Müsnədi Əhməd”, c. 4, səh. 281 (“Fəzailul-xəmsə” kitabının nəqlinə uyğun olaraq, c. 1, səh. 432).
28.    “Quranda vilayət ayələri”, səh. 44.
29.    “Tarixi-Bağdad”, c. 7, səh. 290.
30.    Yenə orada
31.    “Feyzul-Qədir”, c. 6, səh. 217, “əs-Səvaiq”, səh. 107.
32.    “Quranda vilayət ayələri”, səh. 44.
33.    “Quranda vilayət ayələri”, səh. 44.
34.    “Quranda vilayət ayələri”, səh. 80.
35.    Yenə orada
36.    Yenə orada
37.    Yenə orada
38.    “Quranda vilayət ayələri”, səh. 81.
39.    Yenə orada
40.    Yenə orada
41.    “Maidə” surəsi, 55-ci ayə.
42.    “Quranda vilayət ayələri”, səh. 82.
43.    “Maidə” surəsi, 55-ci ayə.
44.    “Quranın mesajları”, c. 10, səh. 40.
45.    “Maidə” surəsi 3-cü ayə.
46.    “Quranda vilayət ayələri”, səh. 58.
47.    “Nümunə” təfsiri, c. 4, səh. 266.
48.    Yenə orada
49.    Yenə orada
50.    “əl-Müraciat”, 4-cü nəşr, səh. 38.
51.    “Nümunə” təfsiri, c. 4, səh. 267.
52.    “Quranda vilayət ayələri”, səh. 54.
53.    “Quranda vilayət ayələri”, səh. 56.
54.    “Quranda vilayət ayələri”, səh. 67.
55.    “Maidə” surəsi 67-ci ayə.
 يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرِينَ
56.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirəsində, Qum, “Məscidi-Əzəm”, 12.10.2014
57.    “İmam Əlinin (ə) mesajları”, c. 15, səh. 433.
58.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirəsində, Qum, “Məscidi-Əzəm”, 12.10.2014
59.    Ayətullah Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirəsində, Qum, “Məscidi-Əzəm”, 30.09.2015
60.    Yenə orada.

 

 


Nəşr tarixi: « 2016/9/20 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3581