Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi üslubu


İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi.‌  ‌

İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi.
İlk növbədə qeyd etmək lazımdır ki, Əhli-beytin (ə) Kufə və Şamda başına gələn müsibətlər Kərbəla müsibətlərindən daha ürəkağrıdıcı idi (1). Buna görə də həzrət Seyyidüş-şühəda (ə) yalnız oğlu İmam Səccadı (ə) Kərbəlada əkdiyi və yaxınlarının qanı ilə suvardığı köklü fidanı yetişdirmək kimi böyük məsuliyyəti qəbul etməyə hazırlayırdı. Ona sonuncu vəsiyyətlərini deyir və bacıları və qızlarına ona itaət etməyi tövsiyə edirdi (2). Beləliklə, qeyd olunmalıdır ki, İmam Hüseyn (ə) şiləri və məktəbinin ardıcıllarını bu böhranlı anlarda belə unutmur və öz məzlumiyyəti ilə bağlı mesajı bircə övladı vasitəsi ilə onlara çatdırır ki, onlar yola davam etmələri üçün hansı metoddan istifadə edəcəklərini bilsinlər (3). Digər tərəfdən, o həzrət (ə) – hansı ki, Ələvi elmi və fəsahətinin, Hüseyn cəsarət və şücaətinin varisidir (4) – Kufə və Şamda buyurduğu unudulmaz xütbə və sözləri ilə (5) o bölgənin yatmış camaatını qəflətdən oyadıb, onlara ilahi dəlil və höccəti tamamlamağı başardı (6). Belə izahla sözsüz ki, İmam Səccadın (ə) Kufə və Şamdakı tarixi xütbələrində mövcud siyasi təlimlər bu böyük tarixi hadisənin qəhrəmanlıq ruhunun göstəricisidir (7). Bunu rəhbər tutaraq, Ayətullah Məkarim Şirazinin yüksək düşüncələrindən istifadə etməklə, Aşura hərəkatının yaşadılması üzrə İmam Səccadın (ə) siyasi üslubunda mövcud göstəricilər məzmunlu yazını möhtərəm oxucu və istifadəçilərə təqdim olunur:

Maarifçilik (ziyalılıq) – Aşura qiyamının yaşamasının zəmanətçisi
Xatırlatmaq lazımdır ki, İmam Səccadın (ə) Kufə və Şamdakı xütbələri Yezid və yezidçilərin zülüm sarayının köklərini lərzəyə salan, Kufə və Şam camaatını qəflət yuxusundan oyadan və Əməvilərin (Bəni-Üməyyənin) İslamı məhv etmək, Kərbəla şəhidlərinin sərvəri İmam Hüseynin (ə) şəhadətinə kölgə salmaq kimi çirkin planlarını alt-üst etdi (8).
Nümunə olaraq, o həzrət (ə) Kufədə belə buyurdu: “Ey camaat! Məni tanıyan kəslər mənim kim olduğumu bilirlər, lakim məni tanımayan kəslər bilsinlər ki, mən Fəratın sahilində susuz şəkildə heç bir günahı olmadan başı kəsilən Hüseynin (ə) oğlu Əliyəm. Mən məhrəmləri hörmətsizliyə düçar olan, malı qarət edilən, xanədanı əsir olunan kəsin övladıyam (9). Mən işkəncə ilə şəhadətə çatan kəsin oğluyam. Bu iftixar mənə kifayətdir!” (10)
Sonra İmam Zeynəlabidin (ə) bu ifadələrlə söhbətini sonlandırdı: “Ey kufəlilər! Hüseynə (ə) yetişən və həddən artıq böyük olan müsibətə şad olmayın! Suyun kənarında susuz şəkildə şəhadətə çatan kəsə canım fəda olsun! Onu şəhid edən kəsin cəzası cəhənnəm odudur!” (11)

İmam Hüseynin (ə) şəhadətində Yezid cinayətlərinin ifşası
Aşura hərəkatının yaşadılmasında əsas prinsipcə həyata keçirilməsi vacib olan strategiyalardan biri də zalım Yezid hökumətini rüsvay etmək, onun cinayətlərini üzə çıxarmaq idi. Buna görə də İmam Səccad (ə) Yezidin cavabında dedi: “Vay olsun sənə, ey Yezid! Əgər mənim atam, qardaşım, əmilərim və xanədanım haqqında hansı cinayətə mürtəkib olduğunu və nə etdiyini bilsəydin, şübhəsiz, dəhşətdən dağlara tərəf qaçar və küllər üstündə oturar, Allah Rəsulunun (s) sizin aranızda əmanəti olduğu halda, atam Əli (ə) və Fatimənin (s.ə) övladı Hüseynin (ə) başını şəhərin darvazası üstündən asdığınıza görən ah-nalə və fəryad edərdin. Ey Yezid! Mən səni bütün camaatın toplaşmış olacağı sabahkı qiyamət günü xarlıq və rüsvayçılıqla müjdələyirəm!” (12).

Lakin qeyd etmək lazımdır ki, İmam Səccad (ə) bu sözlər Allah və qiyamət gününə zülmət qəlbində iman olmayan Yezidə az da olsa belə təsir etməyəcəyini bilirdi, ona görə ki, o, şərab içən və çinayətkar biri idi və həmin məsələlərə əhəmiyyət vermirdi, lakin həmin cəmiyyətin arasında Şamın böyükləri vardı ki, onları İmamın (ə) həqiqi xitab etdiyi kəslər hesab olunurdular və bu sözlər onların qəlbinə təsir edirdi. Xəbərlərin yayılma mərkəzinin şah və xəlifələrin sarayları olmasına baxmayaraq, həmin sözlər oradan digər məntəqələrə yayıldı və Bəni-Üməyyə xanədanının həqiqi mahiyyətini aşkar etdi və onların hamısının alnına küfr, imansızlıq və batillik möhürü vurdu.” (13)
Bəli! Allah-taala bu ağılsız cinayətkarların öz rüsvaylıq sənədini, hansı ki, Kərbəla şəhidlərinin kəsilmiş müqəddəs başları və Peyğəmbər (s) xanədanının əsirləri idi, hər yerə aparmalarını və özlərini hamının yanında daha çox rüsvay etmələrini istəyirdi (14).

Şəhidliksevərlik – Əhli-beytin (ə) adət və kərəmi
İmam Səcaddın (ə) siyasi çıxışının mövqeyi xüsusunda, bu önəmli məsələni izah edərkən bunu demək yetər ki, İbn Ziyadın, “Onu (Əli ibn Hüseyni) ötürün, güman edirəm bu xəstəlik onun dərd və əzabına yetərlidir” deməsindən sonra (15) İmam Səccad (ə) üzünü İbn Ziyada tutub buyurdu:


“أَبِالْقَتْلِ تُهَدِّدُني يَابْنَ زِيادٍ، أَما عَلِمْتَ أَنَّ الْقَتْلَ لَنا عادَةٌ وَ كَرامَتَنَا الشَّهادَةُ”


“Ey Ziyadın oğlu! Bizi ölümlə hədələyirsən? Məgər bilmirsənmi, (Allah yolunda) “öldürülmək” adətimiz, şəhadət kərəm və iftixarımızdır?” (16).

Siyasi uzaqgörənliyə təkid – İmam Səccadın (ə) Kufədəki xütbələrinin əsas elementləri
Kufə camaatının siyasi uzaqgörənliyinin olmamasını bəyan edərkən İmam Zeynəlabidinin (ə) çıxışlarının bu hissəsinə işarət etmək lazımdır. O buyurdu: “Ey camaat, sizi Allaha and verirəm! Atama məktub yazdınız (və onu Kufəyə gəlməyə dəvət etdiniz), lakin onunla hiyləgərcəsinə davranan onunla öz canı ilə əhd-peyman bağlayan və beyət edən, sonra isə onu tənha qoyaraq onunla döyüşən kəslərin siz olduğunu qəbul edirsinizmi? Allah sizi özünüz üçün əvvəlcədən göndərdiyiniz pis azuqə və (həyatınızda) qəbul etdiyiniz pis qərara görə məhv eləsin! (17) Siz Allahın Peyğəmbərinə (s) (qiyamət günündə) sizə “Siz mənim xanədanımı öldürdünüz və mənim məhrəmlərimə hörmətsizlik etdiniz. Siz mənim ümmətimdən deyilsiniz!” dediyi zaman, ona hansı gözlərlə nəzər salacaqsınız?” (18). Camaatın hamısı fəryad etdi: “Ey Allah Rəsulunun (s) övladı! Bizim hamımız sizin sözlərinizə qulaq asır və sizə itaət edirik, sizin can və malınızı qoruyuruq. Əsla, sizdən üz çevirmərik. Bizə əmr edin, Allahın mərhəməti ilə biz siz kiminlə döyüşsəniz, onunla döyüşər və kiminlə sülh etsəniz, onunla sülh edərik…

İmam Səccad (ə) isə buyurdu: “Heyhat! Ey əhdi pozan və hiyləgər dəstə! (Əsla sizin vədələrinizə etimad etmək olmaz, çünki) sizinlə istəkləriniz arasına (cəhalət, qəflət və acizlik) pərdəsi çəkilib… Buna görə də mənim sizdən istəyim budur ki, nə bizə tərəfdarlıq edin, nə də bizimlə döyüşə girin! (Bizim sizin xeyrinizə ümidimiz yoxdur, şərinizi bizdən uzaq edin!)” (19)
İmam Səccadın (ə) bu önəmli xütbəsində dərin düşüncəyə dalarkən, anlamaq olar ki, İmam (ə) onların dəfələrlə büruzə verdiyi dar düşüncəliliyi və vəfasızlığı səbəbindən, Bəni-Üməyyə canilərinə qarşı hərtərəfli qiyam etməyə qadir olmadıqlarını bildiyindən onların təkliflərini rədd etdi və buyurdu: “Bununla kifayətlənirəm ki, bizim əleyhimizə addım atmayın, ey xeyir tapmasına ümid olmayan üzü qaralar!” (20).

Nəbəvi İslamının bəyanı və rəvacı – Əməvi İslamının inkarı və ittihamı
O həzrətin (ə) Aşura hərəkatının yaşadılmasında siyasi mövqelərindən biri kimi sağlam və həqiqi İslamın bəyanına işarə etmək olar. Odur ki, İmam Səccad (ə) Şamda buyurdu: “Allahın seçmiş olduğu peyğəmbər Məhəmməd (s) bizdəndir, (Allah və Peyğəmbərin (s) bütün söylədiklərini təsdiq edən Əli (ə)) Siddiq bizdəndir… (21). Sonra İmam (ə) özünü daha çox tanıtdırmaq və Əhli-beyt (ə) karvanının Peyğəmbərə (s) misilsiz bağlılığını göstərmək üçün buyurdu:


“أَيُّهَا النّاسُ! أَنَا ابْنُ مَكَّةَ وَمِنى‏، أَنَا ابْنُ زَمْزَمَ وَالصَّفا...أَنَا ابْنُ مُحَمَّدٍ الْمُصْطفى‏، أَنَا ابْنُ عَلِيٍّ الْمُرْتَضى‏، أَنَا ابْنُ مَنْ ضَرَبَ خَراطِيمَ الْخَلْقِ حَتّى‏ قالُوا: لاإِلهَ إِلَّا اللَّهُ”

“Ey camaat! Mən Məkkə və Minanın oğluyam! Mən Zəmzəm və Səfanın oğluyam!... Bəli, mən Məhəmməd Mustafanın (s), Əli Mürtəzanın (ə) oğluyam! Mən itaət etməyənlərə "La ilahə illəllah" deyənə qədər qılınc çəkən kəsin oğluyam!” (22).

Bəli, ömürlərini Bəni-Üməyyə “islamı” ilə keçirmiş və Müaviyə kimi “əmirəl-mömininləri” (hakimləri) görmüş, indi də şərabxor və möminlərə rəhbərlik iddiası edən, müsəlmanlara xəlifəlik edən, yalnız özü və fasid ailəsini din və məktəblə aşina, İmam Hüseyn (ə) və onun pak xanədanını dindən kənar hesab edən  və müsəlmanların xəlifəsinə qarşı qiyam edən kimi tanıtdıran Yezid kimi kəslərə höccəti tamamladı (23).
Aşura qiyamı ilə İslamın dini nişanələr arasındakı siyasi bağlılığın gücləndirilməsi
Xatırladılmalıdır ki, İmam Səccadın (ə) Kufə və Şamdakı siyasi meyarlarından biri də islami və dini nişanələrlə İmam Hüseynin (ə) Aşura qiyamındakı ali hədəfləri arasında qırılmaz bağ prinsipinə söykənir. O həzrət (ə), Yezidin onun kəlam və xütbəsini kəsmək məqsədilə azandan yanlış çıxarışı ilə qarşılaşarkən buyurdu:


“مُحَمَّدٌ هذا جَدّي أَمْ جَدُّكَ؟ يا يَزيدُ”


Ey Yezid! “Bu Məhəmməd (s) mənim cəddimdir, yoxsa, sənin?!”

Əgər desən ki, sənin cəddindir, onda, yalan demisən. Əgər mənim cəddimdirsə (şübhəsiz ki, belədir), onda, nə üçün övladlarını qətlə yetirdin? (24). Odur ki, İmam Sadiqdən nəql edilən bir hədisdə gəlmişdir: “İmam Hüseynin (ə) şəhadətindən sonra İbrahim ibn Təlhə ibn Ubeydullah (Mədinədə) İmam Əli ibn Hüseynlə (ə) qarşılaşdığı zaman (tənə ilə) dedi: “Ey Əli ibn Hüseyn (bu döyüşdə) kim zəfər çaldı? Dördüncü imam (ə) cavabında buyurdu: “Əgər kimin (Yezidin və ya İmam Hüseynin (ə)) qələbə çaldığını bilmək istəyirsənsə, namaz vaxtı çatanda azan və iqamə de (O vaxt məlum olar, kimlər qalıb və kimlər getmişdir)” (25), (26).
İmam Əliyə (ə) qarşı əks təbliğat dalğası ilə mübarizə – Aşura hərəkatının yaşadılmasında İmam Səccadın (ə) siyasi strategiyası
Qeyd edilməlidir ki, İmam Səccadın (ə) siyasi məktəbində mühüm yanaşmalardan biri də Əmirəl-möminin Əliyə (ə) qarşı illər boyu aparılan əks-təbliği neytrallaşdırmaq məqsədilə onun Şamda məhdudlaşan fəzilət və kəramətlərini tanıtdırmaq üzrə, İmam Hüseynin (ə) Aşura qiyamındakı təlimlərini müdafiə etmək idi (27). Buna görə də o həzrət Şamda oxuduğu öz tarixi xütbəsində belə buyurdu: “Mən Allah Rəsulunun (s) yanında iki qılınc və iki nizə ilə vuruşan və “iki dəfə hicrət edən” (28), “iki dəfə beyət edən” (29) və Bədr və Hüneyndə İslam düşmənləri ilə döyüşən və bir göz qırpımı qədər (bir an belə) Allaha küfr etməyə kəsin oğluyam! (30) Mən Allah və Rəsulunun dəvətini ilk qəbul edənin, İslamda keçmişi olanlar arasında ilk şəxs olanın oğluyam. Mən düşmənləri bir-birinə vuranın, müşrikləri məhv edənin oğluyam, çox oruc tutan, hər cür aludəlikdən pak, həddən artıq ibadət və namaz əhli olan kəsin oğluyam! (31). Bəli, o, Allah Rəsulunun (s) iki nəvəsi, Həsən (ə) və Hüseynin (ə) atası idi. Bəli, o, mənim cəddim Əli ibn Əbitalibdir (ə)” (32).

Aydındır ki, bu bənzərsiz, qeyri-adi və sarsıdıcı xütbə Şamda çaxnaşma yaratdı və Əməvilərin hökumət sarayını lərzəyə saldı, həmçinin, qırx ildən artıq bir müddətdə Əmirəl-möminin Əlinin (ə) əleyhinə aparalın xoşagəlməz təbliğatı məhv elədi və ildırım kimi hər yerə səs-səda saldı. (33)
Yezidin diktaturasının reaksiyası nəticəsində İmam Səccadın (ə) hücumçu siyasəti
Şübhəsiz, İmam Səccadın (ə), tam zülüm simvolu, yəni Yezid qarşısında hücumlara məruz qalmaşı, anti-zülüm prinsipinin icrasında bir nümunə kimi nəzərə alına bilər. Odur ki, İmam Səccadın (ə) atəşin çıxışları nəticəsində oyanış və camaatın agahlığı Şamın ictimai durumunu elə alovlandırmışdı ki, misal üçün, Yezid ümumi təfəkkürün təzyiqini azaltmaq üçün yemək yediyi zaman İmam Səccadı (ə) öz süfrəsinin başında oturdurdu! (34), (35). Hərçənd bu reaksiyalar Yezidin peşmançılığına görə deyildi, əksinə bu geri çəkilmə Yezidin məsləhəti, Şamda həzrət Zeynəb (ə) və İmam Səccadın (ə) ifşaedici xütbələri nəticəsində siyasi durumun dəyişməsi və camaatın oyanışına görə idi. Tarix göstərir ki, Kərbəla hadisəsindən sonra Əhli-beytə (ə) və şiələrinə heç bir təzyiq göstərilmədi. Yezid başqa cür davrandığı təqdirdə ona qarşı ümumi bir qiyam başlaya bilərdi. (36)

İmam Səccadın (ə) İmam Hüseyn (ə) üçün tökdüyü siyasi göz yaşları
Bunu da qeyd etmək lazımdır ki, məsum imamların (ə) Aşura hərəkatını yaşatmaq üçün tökdükləri ən təsirli tədbir İmam Hüseynə (ə) ağlamaqdan ibarətdir (37). İmam Səccad (ə) imamət dövrü boyunca Aşura hadisəsinə görə əzadarlıq etmiş və bu müsibətə o qədər ağlamışdı ki, ona “Çox ağlayan” ləqəbi vermişdilər (38), (39). Odur ki, İmam Səccadın (ə) hər münasibətdə ağlaması ümumi oyanışa və Aşura hadisə və şəhidlərinin unudulmasının qarşısının alınmasına səbəb oldu (40).

Son söz
Sonda qeyd lazımdır ki, Kərbəla faciəsindən yaranan ağır şərait və bir tərəfdən də şiddətli Əməvi zülmü, digər tərəfdən isə əsirlik və səfərin yorğunluğu, üçüncü tərəfdən Əhli-beyt (ə) xanədanının şəhadətindən yaranan ruhi sarsıntı – bunların hamısı zahirdə, xüsusilə də, o həzrəti bibisi Zeynəb və digər Haşimi xanədanı ilə birlikdə kəndirlə bağladıqları və məclisə daxil etdiklərini nəzərə aldığımızda, Əli ibn Hüseyndə (ə) özünün adi sözlərini belə doğru-düzgün şəkildə söyləmək qüdrəti qoymamalı idi (41). Lakin diqqət cəlb edən nöqtə budur ki, İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi (42). Bu mühüm hadisə elə bir halda reallaşdı ki, Yezid zəfər badəsinin məstliyindən böyük bir məclis təşkil etmiş, digər ölkələrin səfirlərini, həmçinin əyan-əşrafları da o məclisə dəvət etmişdi (43).

Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 587
2-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 505
3-    Yenə orada
4-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611
5-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 25
6-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611
7-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 25
8-    Ayətullah Məkarim Şirazinin beynəlxalq “İmam Səccad (ə)” konfransında mesajı, 29/11/2014
9-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 573
10-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 574
11-    Təbərsi, “İhticac”, c. 2, səh. 117-119 və “Biharul-ənvar”, c. 45, səh. 112-113
12-    “Biharul-ənvar”, c. 45, səh. 135-136
13-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 596
14-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 596
15-    Şeyx Müfid, “İrşad”, səh. 473-474 və “Məlhuf (Lühuf)”, səh. 202 (az fərqlə), həmçinin müraciət edin: “Təbəri tarixi”, c. 4, səh. 350
16-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 579
17-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 574
18-    Yenə orada
19-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 575
20-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 576
21-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 605
22-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 606
23-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611
24-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 609
25-    “Biharul-ənvar”, c. 45, səh. 177
26-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 235
27-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 606
28-    İki hicrətdən biri həzrət Əlinin (ə) Məkkədən Mədinəyə hicrətidir və digəri də besətin on birinci ilində onun Peyğəmbərlə (s) Taifə və yaxud da xilafəti dövründə Kufəyə hicrət etməsi ola bilər.
29-    Onlardan biri “Rizvan beyəti” və digəri “Məkkənin fəth” edildiyi ildəki beyətdir. İmam Həsən Müctəba (ə) möhtərəm atasını tanıtdırarkən buyurmuşdur:  إنَّهُ بايَعَ الْبَيْعَتَيْنِ: بِيْعَةَ الْفَتْحِ، وَ بَيْعَةَ الرِّضْوانِ "Həqiqətən, o, iki dəfə – Fəth beyəti və Rizvan beyəti zamanı – beyət etmişdir." ("Əl-Qədir", c. 10, səh. 168; İbn Əbil-Hədid, "Nəhcül-bəlağənin şərhi", c. 6, səh. 288)
30-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 607
31-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 608
32-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 609
33-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 610
34-    “Biharul-ənvar”, c. 45, səh. 143
35-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 612
36-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 621
37-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 51
38-    “Vəsailuş-şiə”, c. 2, səh. 922, 87-ci fəsl, hədis 7
39-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 51
40-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 52
41-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611
42-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 618
43-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 611

Nəşr tarixi: 26/10/2015

captcha