Qısa cavab:
Ətraflı cavab:
Sual:Əhli-sünnət alimləri “uxuvvət” hədisini hansı təbirlərlə nəql etmişlər?
Cavab: “Uxuvvət” hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onlardan bəzilərini qeyd edirik:
1 - Tirmizi öz sənədləri ilə Abdullah ibn Ömərdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələr arasında qardaşlıq bərqərar etdi. Əli gözü yaşlı halda Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in hüzuruna gəlib dedi: “Ey Allahın rəsulu! Öz səhabələrinin arasında qardaşlıq əqdi bağladın, lakin mənimlə bir kəsi qardaş etmədin?!” Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Sən dünya və axirətdə mənim qardaşımsan!” (1)
2 - Nisai sənədlərlə İbad ibn Abdullahdan nəql edir ki, Əli buyurmuşdur:
اَنَا عَبْدُ اللهِ وَ اَخُو رَسُولِ اللهِ، وَ أَنَا الصِّدِّیقُ اْلأَکْبَرُ لَا یَقُولُهَا بَعْدِى اِلاَّ کَاذِبٌ...
“Mən Allahın bəndəsi və onun Rəsulunun qardaşıyam, mən Siddiqi-əkbərəm. Məndən sonra bu iddianı yalançılardan başqası etməz...”
3 - İbn Əsaki sənədi ilə Ənəs ibn Malikdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in Əliyə xitabən belə dediyini eşitdim:
اَنْتَ اَخِى فِى الدُّنْیَا وَ الآخِرَةِ
“Sən dünya və axirətdə mənim qardaşımsan.” (3)
4 - Əhməd ibn Hənbəl sənədi ilə İbn Abbasdan nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Əliyə buyurdu:
اَنْتَ اَخِى وَ صَاحِبِى
“Sən mənim qardaşım və müsahibimsən.” (4)
5- Hakim Nişapuri öz sənədləri ilə Abdullah ibn Ömərdən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələrin arasında qardaşlıq əqdi bağladı. Əbubəkrlə Ömər, Təlhə ilə Zübeyr, Osman ilə Əbdur-Rəhman ibn Ovf qardaş oldu. Əli dedi: “Ey Allahın Rəsulu! Səhabələrinin arasında qardaşlıq əqdi bağladın, bəs mənim qardaşım kimdir?!” Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Ya Əli! İstəmirsən mən sənin qardaşın olam?!” Əli dedi: “Əlbəttə, ya Rəsuləllah!” Həzrət Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Sən dünya və axirətdə mənim qardaşımsan!” (5)
6-Müttəqi Hindi Əli (əleyhis-salam)-dan nəql edir ki, “Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Ömərlə Əbubəkrin, Həmzə ibn Əbdul-Müttəliblə Zeyd ibn Harisənin, Abdullah ibn Məsudla Səd ibn Malikin və mənimlə özü arasında qardaşlıq əqdi bağladı.” (6)
Qeyd etmək lazımdır ki, səhabələr arasında qardaşlıq əqdi iki dəfə bağlanmışdır. İlk dəfə Məkkədə mühacirlər arasında, ikinci dəfə isə Mədinədə mühacirlə ənsar arasında. Böyük əhli-sünnət alimlərindən olan İbn Əbdul-Birr bu hadisəni qələmə almış, İbn Həcər də öz növbəsində onu nəql edərək təsdiqləmişdir.
Birinci mərhələdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə İmam Əli (əleyhis-salam) arasında bağlanmış ilk qardaşlıq əqdindən söz açan tarixi faktı Müttəqi Hindi, İbn Əsakir, Bəğəvi, Təbəranı, İbn Udey və başqaları nəql etmişlər. Həmçinin, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əli (əleyhis-salam)-la ikinci dəfə qardaşlıq əqdi bağlamasını Müttəqi Hindi, Təbərani və başqaları nəql etmişdir. Əhli-sünnət alimlərindən heç biri ümumi şəkildə, yaxud xüsusi olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə Əli (əleyhis-salam) arasındakı qardaşlıqdan söz açan bu hədisləri inkar etməmişdir. (7)
1. “Əl-camius-səhih”, 5-ci cild, səh. 638.
2. “Xəsaisu Əmiril-möminin (əleyhis-salam)”, səh. 3.
3. “İmam Əli (əleyhis-salam)-ın tarixi”, “Tarixi Dəməşq”, 1-ci cild, səh. 117.
4. “Musnədi Əhməd”, 1-ci cild, səh. 230.
5. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 14.
6. “Kənzul-ummal”ın müntəxəbatı, “Musnədi Əhməd ibn Hənbəl”in haşiyəsində, 5-ci cild, səh. 45.
7. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 491.
Şərh qeydə alınmayıb