Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış

Qədr gecəsinin xüsusiyyətlərindən biri bu gecənin İmam Əli (ə) ilə bağlılığıdır.

Qədr gecəsinin xüsusiyyətlərindən biri bu gecənin İmam Əli (ə) ilə bağlılığıdır. Sanki Allah-taala bu gecə rəhmət qapılarını açaraq, İmam Əli (ə) kimi məqam sahibi bir şəfaətçi vasitəsilə camaatı dərgahında şəfaət etmək istəyir.

 

Mübarək Ramazan ayından bəhrələnmək, xüsusilə Qədr gecələrinin mənəvi abü-havasının həqiqi mənada dərk edilməsi bəhsi, fərdi və ictimai özünütərbiyənin gücləndirilməsində ən mühüm tələblərdən, eləcə də təqvaya nail olmaqda həlledici amillərdəndir. Odur ki, Qədr gecələrinin mənəvi atmosferinə məlumatlı daxil olmaq və bu dəyərlı gecədəki mövcud həqiqətləri anlamaq fövqəladə əhəmiyyət daşıyır.

 

Bunu rəhbər tutaraq, ali məqamlı mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edib, müxtəlif prizmalardan “Qədr gecəsindəki mənəviyyatın fundamental amilləri və bu gecədə bəndəliyi gücləndirmə yollarının keyfiyyəti” mövzusunda yazını siz oxuculara təqdim edirik:

 

Qədr gecəsi və onun həzrət Əli (ə) ilə bağlılığı

Şübhəsiz, Qədr gecəsinin həzrət Əlinin (ə) adı, xatirəsi ilə bağlılığı danılmazdır. Ayətullah Məkarim Şirazi sözügedən bağlılığı belə açıqlayır: Qədr gecəsinin xüsusiyyətlərindən biri bu gecənin İmam Əli (ə) ilə bağlılığıdır. Sanki Allah-taala bu gecə rəhmət qapılarını açaraq, İmam Əli (ə) kimi məqam sahibi bir şəfaətçi vasitəsilə camaatı dərgahında şəfaət etmək istəyir. (1).

 

Qədr gecəsi min aydan üstün bir gecədir və bu gecə Əmirəl-möminin Əlinin (ə) adı ilə yanaşıdır və biz, o həzrəti şəfaətçi qərar verib İslam dünyasındakı problemlərin həlli üçün dua edə bilərik (2).

 

Ayətullah Məkarim Şirazinin görüşündə Qədr gecəsi ilə həzrət Əli (ə) arasındakı mövcud bağlılıq insanı həm təbrik deməyə, həm də başsağlığı verməyə vadar edir; təbrik ona görə ki, bu nurlu və fəzilətli gecələr böyük dəyərə malikdir və min aya – 80 ilə bərabərdir. Belə isə, bu böyük fürsətin, ali nemətin qədrini bilmək və ondan maksimum yararlanmaq lazımdır. Başsağlığı da ona görə ki, Əmirəl-möminin Əlinin (ə) şəhadətidir. Qədr gecələrinin və o həzrətin başından zərbə aldığı və şəhid olduğu günlərə yaxınlığı, bəlkə də Allahın bəndələrindən belə bir böyük şəxsiyyəti Ona yaxınlaşmaq üçün vasitə tutması istəyindən irəli gəlir (3).

 

Qədr gecəsinin həqiqətləri və 23-cü gecənin əhəmiyyəti

Ayətullah Məkarim Şirazinin əsərlərinə, düşüncələrinə istinadən 23-cü gecənin əhəmiyyətini belə izah etmək olar: Məsum imamlar (ə) Qədr gecəsini dəqiqləşdirməyiblər, əksinə üç gecədən birində olmasını (19, 21, 23) tərəddüdlə qeyd ediblər ki, möminlər Qədr gecələrinin əməllərini yerinə yetirib bu gecələrdə mənəvi hal və feyz kəsb etməklə, Allahın xüsusi lütfünü almağa tam hazır olsunlar (4). Hərçənd, hədislərə nəzərən alimlər 21 və 23-cü gecələri Qədr gecəsinə yaxın bilirlər (5), amma Əhli-beytdən (ə) nəql edilən çoxsaylı hədisdə daha çox 23-cü gecəyə işarə edilir. Bir halda ki, əhli-sünnə hədisləri daha çox 27-ci gecəyə işarə edir (6).

 

Bəzi hədislərə əsasən, ramazanın 23-cü gecəsinin əhəmiyyəti digər iki gecədən artıqdır. Hər halda, qarşıya gələn fürsəti dəyərləndirməliyik. Allah bəndələrini yaxşılığa dəvət üçün stimullar qərar vermişdir, Qədr gecələri də bəndələri Allaha yaxınlaşdırmaq, nəfsi istəklərdən uzaqlaşdırmaq missiyası daşıyan stimullardandır (7).

 

Tövbə – Qədr gecəsində son dərəcə ehtiyac

Hər kəsə məlumdur ki, Qədr gecəsinə dair həqiqətlərin dərki, bu mübarək gecədə dini əməllərin icrasından aslıdır. Odur ki, bu əzəmətli gecədə dua etmək və ibadətləri əzmlə yerinə yetirməklə, Allaha yaxınlaşmaq, özünütərbiyə və təqva əldə etməyə çalışmaq lazımdır.

Ayətullah Məkarim Şirazinin görüşündə Qədr gecəsində tövbə, günahlardan dönmək, özünütərbiyə, ilahi rəhməti qazanmaqdan ötrü başlıca fürsətlərdən biridir. O, bu məsələyə aydınlıq gətirərkən buyurdu: “Qədr gecəsinin əhəmiyyəti min aydan üstündür. Qədr gecələrinin əməllərindən biri “Ənkəbut” və “Rum” surəsini oxumaqdır. Ona görə ki, bu iki surədə başdan-başa tövhid və Allaha tərəf qayıtmağa, tövbəyə dair mövzular yer alır. Həmin iki surənin proqramlarını həyatımıza tətbiq etsək, bir ömür bizə bəsdir” (8).

 

Həmçinin, o, Qədr gecələri fürsətindən yararlanıb günahların əfv etidirilməsi xüsusunda, tövbənin bu gecələrdə əhəmiyyətini izah edərkən buyurdu: “Qədr gecələri fürsətini qənimət bilməli, kiçik və böyük günahlarımızdan tövbə etməliyik” (9).

 

İnsanın kiçik günahlardan qorxmasının labüdlüyünü əks etdirən çoxsaylı hədislər nəql olunub. Böyük günahlardan çəkinib, onlardan qorxmaq vacib olduğu kimi, kiçik günahlardan da çəkinmək lazımdır. Onları əhəmiyyətsiz saymaq, acı nəticələrə gətirib çıxara bilər. Belə ki, kiçik günahlardan tövbə etməsək, getdikcə həcmi çoxalacaq (10).

 

Odur ki, kiçik günahların nəzərə alınmamasının, Allahın qadağalarına etinasızlıq sayılması heç kəsdən gizlin deyil. Qədr gecəsini dərk etmək fürsəti yaranan günlərdə ən yaxşı iş tövbə və günahların tərkidir.

 

Qədr gecəsi insanın günahlardan qayıdışı və əfvi üçün ən gözəl gecədir. Buna görə də, Qədr gecələrində oyaq qalıb gecə ibadəti ilə məşğul olur, kiçik və böyük günahlarımızdan tövbə edirik (11).

 

Nəzərə alsaq ki, Qədr gecələri insanların bir illik taleyi onların ləyaqət (12) və istedadı əsasında təyin olunur, onda ilahi rəhmətə daha çox layiq olmaq üçün həmin gecəni oyaq qalıb tövbə etmək, özünü formalaşdırmaq və Allahın dərgahına üz tutmaq lazımdır (13).

 

Quranın nazil olduğu gecənin əzəmətli feyzindən bəhrələnən, dua, münacat və göz yaşı ilə ilahi dərgaha üz tutan, özü üçün ali dəyərli, mənəvi və ruhani taleyə zəmin yaradan kəsin xoş halına! (14).

 

Qədr gecəsinin Quranla əlaqəsi

Ayətullah Məkarim Şirazinin görüşündə Quranla Qədr gecəsinin əlaqəsini izah edən dəyərli və həlledici məqamlar vardır. Buna görə də o, bu məsələni izah edərkən buyurdu: “Qədr” surəsində Quranın Qədr gecəsi nazil olması birbaşa qeyd edilmişdir. Nə qədər də mənalıdır bu söz! Bəndələrin müqəddəratı, nemət və ruziləri müəyyən olan gecədə Quran Peyğəmbərin (s) pak qəlbinə nazil olmuşdur. Görəsən, bu cümlə “Sizin tale və müqəddəratınız bu səmavi kitabın məzmunu ilə sıx əlaqəsi var!” mənasını çatdırmırmı? Görəsən, bu kəlamın mənası “Sizin mənəvi həyatınızdan əlavə, maddi həyatınızın da onunla ayrılmaz əlaqəsi var!” – deyilmi? Düşmənə qələbəniz, başucalığınız, azadlığınız, şəhərlərinizin abadlığı, bir sözlə hər şey onunla bağlıdır (15).

 

Bəli, taleyimizin yazıldığı anlarda yuxuda, qəflətdə olmamalıyıq. Belə olan təqdirdə qəmli müqəddəratımız olacaq! Qurani-kərim tale və müqəddərat müəyyən edən kitab olduğu və insanların səadət və hidayətini təyin etdiyi üçün Qədr gecəsində, talelərin yazıldığı gecədə nazil olmalıdır. Quranla Qədr gecəsinin əlaqəsi necə də gözəldir! Necə də mənalıdr bu ikisinin bir-birilə əlaqəsi! (16).

 

Qədr gecəsi – İslam ümmətinə ilahi bəxşiş

Qurani-kərimin görkəmli təfsirçisinin görüşünə əsasən, Qədr gecəsinin həqiqətini Allah-taalanın İslam ümmətinə lütfündə axtarmaq lazımdır: “Ona görə ki, Qədr gecəsi İslam ümmətinə başdan-başa nurun, rəhmətin, xeyirin, bərəkətin, sağlamlığın, səadətin hər cəhətdən yağdığı misilsiz bir gecədir” (17).

 

Həmçinin, Ayətullah Məkarim Şirazinin təfsiri görüşündə Quranla Qədr gecəsinin əlaqəsi belə gəlmişdir: “Qədr” surəsinin zahiri ayələri göstərir ki, Qədr gecəsi Quranın nazil olduğu zaman və Peyğəmbər (s) dövrünə məxsus deyil, əksinə bütün illərdə, dünyanın sonuna kimi bu davam edəcək.

 

“Qədr surəsinin 4-cü ayəsində istifadə olunan “tənəzzəlu” (تَنَزَّلُ) kəlməsi gələcək zamanla bağlı feldir və bir işin təkrar icra olunmasına dəlalət edir. (18) (“Tənəzzəlu” (تَنَزَّلُ) kəlməsinin əsli “tətənəzəllu” (تتَنَزَّلُ) şəklindədir.) Burdan aydın olur ki, Qədr gecəsi yalnız Peyğəmbər (s) dövrünə və Quranın nazil olduğu gecəyə məxsus deyil və bu hadisə hər il Qədr gecəsində təkrar olunur. Həmçinin, davamiyyəti göstərən “سَلامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ” (19) cümləsi də bu mənanın göstəricisidir.

 

Bundan əlavə, təvatür həddinə çatan bir çox hədislər də bu mənaya təkid edir, amma, görəsən keçmiş ümmətlərdə də “Qədr gecəsi” olmuşdur yoxsa, yox?

 

Bir sıra hədislərdən, bu nemətin bizim ümmətə məxsus olması anlaşılır. Belə ki, Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:

 

“ان اللَّه وهب لامتى ليلة القدر لم يعطها من كان قبلهم”

 

“Allah mənim ümmətimə Qədr gecəsini bağışladı, öncəki ümmətlərdən heç biri belə bəxşişə layiq görülməmişdir” (20), (21).

 

Ayətullah Məkarim Şirazi həmin ilahi bəxşişi belə təsvir edir: İbrahimi Nəmrudun oduna atdıqları zaman mələklər gəlib ona salam verdilər və atəş onun üçün gülüstana çevrildi. Bəs, Qədr gecəsi mələklərin salamının bərəkətinə cəhənnəm atəşi möminlərə “sərin” və “salamat” olmazmı? (22). Əlbəttə bu, Məhəmməd (s) ümmətinin əzəmət nişanəsidir ki, orada İbrahimə (ə) nazil olmuş mələklər burada İslam ümmətinə (23) nazil oldu (24).

 

Nəticə etibarı ilə Ayətullah Məkarim Şirazi İslam ümməti problemlərinin həlli istiqamətində dua etməyin zərurətini xüsusi vurğulayaraq buyurdu: Çətinliklərdə dua etmək lazımdır, çünki dua çətinliklərin açarıdır. Xüsusilə də, mübarək ramazan ayı, Allah evinin kənarı, Qədr gecələri kimi duanın qəbul olmasına zəmin yaradan zaman və məkanlarda fərdi və ictimai, İslam dünyasının daxili və xarici problemləri üçün dua ilə Allahın sonsuz qüdrətindən yardım diləmək lazımdır (25).

 

Bütün qeyd edilənlərdən əlavə, Ayətullah Məkarim Şirazinin təfəkküründə Qədr gecəsi başdan-başa salamatlıq gecəsidir, elə bir gecə ki, ilahi xeyir-bərəkət həmin gecə nazil olur, Allahın rəhməti xüsusi bəndələrini əhatə edir və həmin gecə ruh və mələklər yerə nazil olur (26). Məhz, bu gecə insanın bir illik müqəddəratı – onların ləyaqətlərinə görə –  müəyyən olunur və onun ibadəti min ayın ibadətindən üstündür (27).

 

Son söz

Diqqət etmək lazımdır ki, bəzən həlledici bir an insanın taleyini ömrünün sonunadək dəyişir. Bir anlıq acının bütün günlərin şirinliyinə, bir anlıq şirinliyin də bütün acı günlərin acısına bərabər olması halları bu həyatda çox baş verir. Həmin həssas anda şəhvət atını kontrol edən, onu yerə vurmasına imkan verməyən kəsin xoş halına! Çünki, yerə düşmək süquta bərabərdir! Bir an və ya bir gecədə insanın taleyinin müəyyən olunması heç də təəccüblü deyil! Qədr gecəsi də bir gecədir (28).

 

Araşdırma; hazırlanma və tərtibat: Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

    Ayətullah Məkarim Şirazinin çıxışı, ramazan ayının 21-ci gecəsinə aid mərasimdə, Ayətullah Məkarim Şirazinin rəsmi ofisi, iyun, 2014
    Ayətullah Məkarim Şirazinin çıxışı, ramazan ayının 19-cu əhya gecəsində, Əmirəl-möminin (ə) mədrəsəsi, Qum, iyun, 2014
    Ayətullah Məkarim Şirazinin çıxışı, ramazan ayının 18-ci günü öz təfsir dərsində, (həzrət Məsumənin (ə) pak hərəmi)  04/07/2015
    “Nümunə” təfsiri, c. 27, səh. 189
    Müraciət olunsun: “İqbal”, səh. 167
    “Nümunə” təfsiri, c. 27, səh. 189
    Ayətullah Məkarim Şirazinin çıxışı, ramazan ayının 23-cü əhya gecəsində, Ayətullah Məkarim Şirazinin rəsmi ofisi, iyun, 2014
    Yenə orada
    Ayətullah Məkarim Şirazinin çıxışı, mübarək “Əhzab” surəsinin təfsiri dərsində, (həzrət Fatimə Məsumə (ə) xanımın hərəmi) 26/02/2014
    Ayətullah Məkarim Şirazinin çıxışı, Qədr gecəsi tövbənin lazımlığı mövzusu, www.khabaronline.ir.
    Yenə orada
    “Nümunə” təfsiri, c. 27, səh. 191
    “Nümunə” təfsiri, c. 27, səh. 192
    “Yeni Məfatihin külliyyatı”, səh. 783
    “Nümunə” təfsiri, c. 21, səh. 156
    “Nümunə” təfsiri, c. 27, səh. 192
    “Nümunə” təfsiri, c. 27, səh. 187
    تَنَزَّلُ الْمَلائِكَةُ وَ الرُّوحُ فيها بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
    “Qədr” surəsi, 5-ci ayə
    “Durrul-mənsur”, c. 6, səh. 371
    “Nümunə” təfsiri, c. 27, səh. 190
    “Nümunə” təfsiri, c. 27, səh. 186
    Fəxr Razinin təfsiri, c. 32, səh. 36
    “Nümunə” təfsiri, c. 27, səh. 187
    “Dostların hekayəsi”: Ayətullah Məkarim Şirazinin təfsir bəhsləri, səh. 127
    “Nümunə” təfsiri, c. 21, səh. 147
    “Yeni Məfatihin külliyyatı”, səh. 695
    “Nəhcül-bəlağədə İslam əxlaqı, (“Müttəqin” xütbəsi) c. 1, səh. 352

 

Nəşr tarixi: « 2016/6/25 »


Nəşr tarixi: « 2018/6/2 »
Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Mərcəyi-təqlidin rəsmi ofisi tərəfindən yayımlandı:

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Ramazan ayının gündəlik duaları

Günün sitatı

Ramazan ayının gündəlik duaları

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3099