Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

İnflyasiya zamanı diyə formaları [Diyə növləri]

Sual : Həzrət ustadın diyənin altı növü barəsində olan rəyini soruşmaq istəyirik. Birincisi budur ki, onların dəyərləri arasında uyğunluğa riayət etmək lazımdırmı? İkincisi, bu növlərdən birini qiymətinin ən aşağı həddinə düşdüyü təqdirdə onu seçmək olarmı? Hal-hazırda məhkəmələrdə adətən (diyə kimi) gümüş təyin olunur və “ödəniş günü“nün qiyməti bazar məzənnəsi ilə müəyyən olunaraq ödənilir ki, bunun da diyənin digər növlərinin dəyəri ilə heç bir uyğunluğu yoxdur. Onun dəyərinin gələcəkdə aşağı düşməsi ehtimalı da mövcuddur. Sualımız budur ki, dəyərinin tamamilə aşağı düşdüyü təqdirdə gümüş növünün təyin olunması və on min dirhəm gümüş ödənilməsi səhihdirmi? Qiymətin aşağı düşməsi hansı dərəcəyə kimi qəbul oluna bilər?
Cavab: 1) Hal-hazırda gümüşün qiyməti həddindən artıq aşağı düşdüyünə görə ehtiyat vacib budur ki, gümüş təyin olunmasın. Qızıl təyin olunarsa, 750 adi misqala bərabər olan 1000 şəri misqal kifayətdir və qızılın mütləq 18 əyarlı qızılla hesablanması vacib deyil. Belə ki, dövriyyədə olan bundan aşağı əyarlarla da hesablaya bilərsiniz. 2) Gümüşün dəyəri çox aşağı düşsə, şübhəsiz ki, diyə ödəmək üçün kifayət (səhih) deyil.

Qeyri-qanuni aborta görə diyə [Salınmış uşağın diyəsi]

Sual : Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır: 1) Uşağın diyəsi varmı? 2) Diyəsi varsa, kimə çatmalıdır?
Cavab: Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.

Aborta görə qisas yoxdur [Qisasın şərtləri]

Sual : Hamilə qadın uşağını saldırmaq üçün həkimə və ya mama həkiminə müraciət etsə, o da (bu işin haram olması haqda) məlumatı ola-ola, qəsdən uşağı abort etsə, uşağa ruh verildiyi təqdirdə ondan qisas alınmalıdır, yoxsa onun boynuna kamil diyə düşür?
Cavab: Bətndəki uşaq kamil olsa belə onun qəsdən öldürülməsinə görə diyə düşür, qisas alınmır. Çünki əvvəla, qisasın ümumi dəlilləri bətndəki uşağa şamil olmur. İkincisi, bətndəki uşaq diyəsinə aid fəsildə nəql olunan müxtəlif hədislərdə elə ifadələr mövcuddur ki, ya birmənalı şəkildə qəsdən adam öldürməni və yaxud istər qəsdən, istər səhvən və ehtiyatsızlıq üzündən adam öldürməni çatdırır. Sözü gedən halların hamısında açıq-aydın diyə düşdüyü qeyd olunmuşdur. Üçüncüsü, əgər bunun hansı qisimdən olmasında şübhə olduğunu fərz etsək, “hədd (cəza) və qisas tudrəu biş-şübəhat” (mövzuda şübhə olan zaman cəza tətbiq olunmur). (Burada “Dər” qaydası nəzərdə tutulur). Xüsusilə də bətndəki uşağa aid olan fəsildə görkəmli fəqihlərin arasında nadir hallardan savayı, qisasın caiz olmasına dair fitva görünməmişdir.

Abortun diyəsi [Salınmış uşağın diyəsi]

Sual : Bağlanan (mayalanan) nütfəni (spermanı) tələf etməyin, habelə uşağı saldırmağın diyəsi nə qədərdir?
Cavab: Yalnız (mayalanmış) nütfə olsa, 20 şəri misqal qızıl (20 dinar), bağlanmış (laxta) qan şəklində olsa 40 misqal (40 dinar), müzğə (ət) şəklində olsa 60 misqal (60 dinar), ətsiz sümük şəklində olsa 80 misqal (80 dinar), əgər kamil uşaq olsa, amma ruhu və hərəkəti olmasa 100 misqal qızıl (100 dinar) və ona ruh verildiyi təqdirdə isə 1000 misqal (1000 dinar) oğlan uşağı üçün və 500 misqal (500 dinar) qız uşağı üçün diyə verilməlidir. (Şəri misqal dedikdə 18 noxud nəzərdə tutulur ki, bu da dövriyyədə olan misqalın dörddə üçü deməkdir.)

Cinsiyyəti aydın olmayan rüşeym [Salınmış uşağın diyəsi]

Sual : Ana bətnində olan uşaq (rüşeym) salınmışdır. Amma uşağın oğlan və ya qız olması məlum deyil. Onun diyəsi nə qədərdir?
Cavab: Uşaq kamil olmuş, amma hələ ona ruh verilməmişdirsə, diyəsi 100 dinardır. Cinsiyyətinin qız və ya oğlan olmasının fərqi yoxdur. Ruh verildiyi təqdirdə isə oğlan uşağı üçün 1000 dinar, qız uşağı üçün 500 dinar və (cinsiyyəti) şübhəli olan hallarda isə 750 dinar verilməlidir.

Çanaq sümüyünün sınması [Bədən üzvlərinin diyəsi]

Sual : Avtomobil başqa maşınla toqquşmuş və sürücünün çanaq sümüyü sınmışdır. Müalicədən sonra sınan yer sağalsa da, sol ayağı 3 sm qısalmışdır. Habelə, zərərçəkən hadisə nəticəsində öz nəcisinin qarşısını ala bilmir. Bu xəsarətlərin diyəsi müqəddəs İslam hökmlərinə uyğun olaraq nə qədərdir?
Cavab: Əgər nəcisi saxlamaq qüvvəsi tamamilə aradan getmişdirsə, buna görə bütöv diyə ödənilməlidir. Sınmış çanağın diyəsində isə ekspertlərə müraciət etməklə onun naqisliyinin faizi müəyyən olunmalı və tamam diyə ilə müqayisədə həmin miqdar ödənməlidir. (Onun neçə faizi aradan getmişdirsə, ona mütənasib şəkildə ödənməlidir.)

Uşağın fiziki tənbeh olunması [Övlad]

Sual : Ata və yaxud ana öz uşağını tərbiyələndirmək üçün və yaxud hirslənib vursa və vurduğu yer qaralsa, göyərsə və ya qızarsa, diyəsi varmı?
Cavab: Diyəsi var.

Qəza nəticəsində dalağın parçalanması [Bədən üzvlərinin diyəsi]

Sual : Avtomobil qəzasında xəsarət almış vətəndaş, zahiri cəhətdən heç bir zədə almasa da daxildə dalağı partlamış, operativ müdaxilə ilə dalağı çıxarılmışdır. Sözü gedən bu xəsarət caifə xəsarətinin nümunəsi sayılır? Ona diyənin üçdə biri düşür?
Cavab: Ehtiyat budur ki, öz aralarında müsalihə (razılaşma) etsinlər.

İnsan ölümündə bir neçə amilin müdaxiləsi [Can (ölüm) diyəsi]

Sual : Dava-dalaş zamanı tərəflərdən birinin qəsdən vurduğu zərbə nəticəsində zərərçəkənin kəllə sümüyü sınmış və beyninə qan sızmışdır. Xəstəxanada onun başında cərrahiyyə əməliyyatı aparılmış və təxminən iki həftədən sonra həzm sistemində qanaxma baş vermişdir. Buna görə də yenidən (on iki barmaq bağırsaqda qanaxmanın qarşısını almaq üçün) cərrahiyyə əməliyyatı aparılmış və bu əməliyyatdan sonra xəstə müalicə həkiminin icazəsi olmadan – öz yaxınlarının razılığı ilə xəstəxanadan çıxarılmış və digər xəstəxanaya köçürülmüşdür. İki gündən sonra o, həmin xəstəxanada dünyasını dəyişmişdir. Həkimlərdən ibarət komissiya ölümün səbəbinin qarın boşluğunda baş verən iltihabdan qana keçən irinin olduğunu müəyyən etmişlər. Onlar həm də qeyd etmişlər ki, sözü gedən iltihabın yaranmasında müxtəlif amillərin təsiri olmuşdur, o cümlədən 1) kəllə sümüyünə vurulan və qanaxmaya səbəb olan zərbə - 70%, 2) xəstənin orqanizmində öncədən mövcud olmuş problemlər - 15%, 3) xəstənin ehtiyac duyulmadan təkrar şəkildə digər xəstəxanaya köçürülməsi 15%. Xahiş edirik ki, qəsdən və yaxud ehtiyatsızlıq üzündən adam öldürmə hallarını nəzərə almaqla cinayətkarın törətdiyi cinayət barəsində, habelə, can diyəsi və ya üzv diyəsinin ödənilməsi barəsində öz mübarək rəyinizi bəyan edəsiniz.
Cavab: Əgər etibarlı ekspertlərin qənaətinə görə xəstənin yerini dəyişməsəydilər, dünyasını dəyişməz, əksinə sağalardısa, bu halda onun başına zərbə vuran şəxs yalnız kəllə sümüyünün sınması üçün diyə ödəməlidir. Ehtiyatsızlıq üzündən adam öldürmənin diyəsini isə xəstənin yerini dəyişənlər ödəməlidir. Əgər onun ölümündə hər iki işin təsiri olmuşdursa, hər biri insan diyəsindən bir hissəsini yuxarıdakı tənasübə uyğun ödəməlidir. Amma bu ikisinin arasındakı fərq çox da böyük olmasa, diyəni bərabər şəkildə ödəyə bilərlər.

İki növ xəsarətə səbəb olan zərbənin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Əgər cani bir nəfərin gözünə zərbə endirsə və bu bir zərbə qaralmaya (qanın dəri altında qaralıb bərkiməsi), və yaxud göyərməyə və s. səbəb olsa, bu iki xəsarətin diyəsi iki növdür, yoxsa diyə yalnız qaraqançır xəsarətinə düşür?
Cavab: Hər ikisinin diyəsini ödəməlidir.

Üzə vurulan müxtəlif yaraların diyəsi [Qəsdən adam öldürmənin kəffarəsi]

Sual : Üzü bir yerdən cırmaqlamaq və cızmağa görə bir dəvə dəyərində diyə düşürsə, eyni hücumda üzün bir neçə yeri eyni şəkildə cırmaqlanarsa, diyədə bir fərq olacaq, yoxsa yox? Bu yerlər təkrar cızılarsa, hökmü necədir?
Cavab: : Hər cızığın bir diyəsi var, istər onların hamısı bir hücumda olsun, istərsə də müxtəlif hücumlarda.

Boyun nahiyəsində xəsarət [Qəsdən adam öldürmənin kəffarəsi]

Sual : Boyun nahiyəsinə vurulan xəsarətə diyə düşür, yoxsa ərş? Sınıqlar qəsamə yolu ilə sübuta yetirmi?
Cavab: Bəzi hallarda diyə düşür, bəzi hallarda isə ərş. Sınıqlar qəsamə (and içmə) yolu ilə də sübut oluna bilər.

Ayaqda müxtəlif sınıqların diyəsi [Sınıqların diyəsi]

Sual : Dava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Cavab: Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

Bir bədən üzvündə müxtəlif və ayrı-ayrı sınıqların diyəsi [Sınıqların diyəsi]

Sual : Bir üzvdə bir neçə, ayrı-ayrı sınığın diyəsi nə qədərdir? Məsələn, bir şəxsin bir ayağı bir neçə yerdən sınmışsa, o cümlədən, çanaq sümüyünün sol tərəfi, çanaq sümüyünün başqa tərəfi, sol ayağın nazik sümüyü, sol ayağının diz qapağı və qarın altı sümüyü sol tərəfdən sınmışsa, belə ki, onlar ayrı-ayrı sınıqlar sayılırsa, bütövlükdə beş ayrı-ayrı xəsarətdən ibarətdirsə, bu kimi hallarda bu və sair üzvlərdə hər sınığa ayrı-ayrılıqda diyə düşür, yoxsa onların hamısı üçün bir sümük sınığına düşən diyə nəzərdə tutulur?
Cavab: Sınıqların hər birinə ayrı-ayrılıqda diyə düşür.

Ayaqda müxtəlif sınıqların diyəsi [Sınıqların diyəsi]

Sual : Dava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Cavab: Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

Qüsl alarkən hədəsin çıxması [Qüsl əsnasında dəstəmazı pozan işin baş verməsi]

Sual : Əgər qüsl alan zaman kiçik hədəs baş versə qüslün hökmü necədir?
Cavab: Əgər qüsl zamanı “hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün dəstəmaz almaq lazımdır. .

VVAQ yolu ilə boşanma [Talağa aid müxtəlif məsələlər]

Sual : Məlum olduğu kimi, Azərbaycan yetmiş il Sovet hökumətinin əsarəti altında olan bir dövlət olub. Bu da səbəb olub ki, xalqımızın hələ bir çoxu hələ də sovet düşüncələri ilə yaşayır. Düzdü, hal-hazırda dini maariflənmə olunur və s. Amma xalqın hamısı dini vəzifələrini bilmir. Sualım da elə bilməməzlik ucbatından bəzi şəri məsələlərə uyğun olmayan əməllər barəsindədir. Adətən bizlərdə gənclər ailə qurduqda dövlət nikahı və şəri əqd (kəbin) oxutdurarlar. Bəziləri isə ancaq dövlət nikahı ilə kifayətlənirlər. Elələri olur ki, evlənərkən yoldaşından kəbini və dövlət nikahı olub. Lakin, boşandıqda əksəriyyət məhkəmə ilə boşansalar da talağın nə olduğunu hələdə bilmir. Sonradan xanım kiminləsə yenidən ailə qurur və dövlət nikahı ilə qeydə alınır. Aralarında cinsi yaxınlıq da baş verir lakin, sonradan xəbərdar olurlar ki, kəbin olmalıdır. Bu məsələlər də böyük fəsadlara səbəb olur. Məsələn: Onlar məscidə əqd oxutdurmaq üçün gəlirlər və ruhani onlardan soruşur: “Ailəli olmusunuz ya yox?” Xanım: “Bəli olmuşam və boşanmışam” – deyə bildirir. Bu zaman ruhani sual verir ki, talağınız verilib? Bu anda heç talağın nə olduğunu bilmirlər. Ruhani soruşur ki, şəriət yolu ilə boşanmısınız? Məsələni başa salırlar. Hamının da cavabı eyni olur: Zaksdan boşanmışıq, bilmirdik, kəbindən boşanmaq da lazımdır. Bu vəziyyətdə də ruhanilər onların kəbinlərini kəsmirlər. O biri kişidən olan talaqlarını verib onlara deyirlər ki, siz bir-birinizə əbədi haramsınız. Əksəriyyət isə buna əməl etməyib elə dövlət nikahi ilə kifayətlənib bir yerdə yaşamağa davam edirlər. Sualım bundan ibarətdir ki, talağın vacib olduğunu bilməyən qadın başqasi ilə ailə qurub, cinsi yaxınlıq edərsə və sonradan kəbin oxutdurmaq istəyəndə artıq bir-birlərinə haram olduqlarını başa düşərsə, bu vəziyyətdə nə etməlidir? Sizin nəzərinizdə onlar bir-birinə əbədi haramdırlarmı? Onlar boşanmalıdırlarmı?
Cavab: O vaxtlar dövlət yolu ilə evlənib-boşanan şəxslərin nikah və talağı səhihdir, amma hazırda şəriət hökmlərini öyrənməli və şəriətə uyğun nikah bağlamalı və yaxud boşanmalıdırlar. Qeyd etdiyiniz hallarda əbədi haramlıq yaranmır.

Nafizə xəsarətinin diyəsinin miqdarı [Yaralamanın diyəsi]

Sual : Güllə zərərçəkən şəxsin bədəninin sağ nahiyəsinə girmiş və 20 sm məsafə ilə həmin tərəfdən çıxmışdır. Başqa sözlə, güllə sadəcə dərinin altına girmiş və qısa məsafədən xaric olmuşdur. Tibbi ekspertiza məruzəsində bildirmişdir ki, güllə bədənin daxili orqanlarına və mədə-bağırsaqlara heç bir zərər yetirməmişdir. Sualımız budur: Bu yara kamil diyənin üçdə biri olan caifənin, yoxsa kamil diyənin üçdə ikisi olan caifənin nümunəsidir? Yoxsa, bunların heç biri olmayıb, yalnız ərş müəyyən olunmalıdır?
Cavab: Bu xəsarət zahirən nafizənin nümunəsidir. Onun diyəsi mötəbər hədislərdə yüz dinar təyin olunmuşdur.

Dalağın diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Dalağın diyəsini izah edin.
Cavab: Əgər xaricdən dalağa xəsarət yetirilərsə, ona caifə diyəsi (tamam diyənin üçdə biri) düşür. Əgər zahirdə heç bir yara və xəsarət olmasa, yalnız zərbə və s. nəticəsində dalaq zədələnsə, ekspertiza və mütəxəssislər ona dəyən xəsarətin miqdarını təyin etməli, insanın kamil diyəsinin məcmusu ilə müqayisə etməli və diyəni hesablamalıdırlar.

Eyibli sümüyün sındırılmasının diyəsi [Sınıqların diyəsi]

Sual : Sümüyün sınmasına görə verilən diyə – eyibli olduğu təqdirdə – həmin üzvün diyəsinin beşdə biri qədərdir. Digər tərəfdən, bəzi üzvlərin, məsələn, burunun sınması üçün veriləcək diyə xüsusi şəkildə qeyd olunur. Belə halda sözü gedən diyə külli və ümumi qayda ilə tətbiq olunaraq hesablanmalıdır, yoxsa həmin üzv üçün qeyd olunmuş diyə meyar tutulmalıdır?
Cavab: Sözü gedən qayda bütün hallara şamil olmur. Çünki, bəzi hallarda nəqli dəlillər və icma onun əksini göstərir. Buna görə də nəqli dəlil və icma mövcud olan hallarda həmin halın konkret hökmünə əməl etmək lazımdır.

Üzdə dərin yaranın diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Mübahisə zamanı iki nəfər bir nəfərə hücum edib bel və yaba ilə onun üz-gözünə zərbələr endirmişlər. Tibbi ekspertizanın verdiyi rəyə görə onun başına vurulan zərbələr beyninin zədələnməsinə, üzünə vurulan zərbələr isə yalnız üzündəki ətlərin iki yerdən deşilməsinə gətirib çıxarmışdır. Zərərçəkən şəxs bir neçə saatdan sonra vəfat etmişdir. Mütəxəssis həkim zərərçəkənin beyninə dəyən zərbəni ölümünün səbəbi kimi qeyd etmişdir. Qan sahibləri də mübahisə vaxtı orada olduqlarına görə yuxarıda sözü gedən iki nəfəri qatil kimi tanıtmışlar. Hakim də qəsamə icra edildikdən sonra qan sahiblərinin sözlərini təsdiq etmişdir. Bu mərhələdə üçüncü şəxs zərərçəkənin üzünə dəymiş xəsarətin onun tərəfindən törədildiyini söyləyir. Üçüncü şəxsin sözlərinin doğruluğunu nəzərə alsaq, sual budur ki, üçüncü şəxs müqəddəs İslam şəriəti baxımından qətldə şərik sayılırmı? Yoxsa, o, yalnız diyə ödəməlidir? İkinci halda diyənin miqdarı (üzün ətinə yaba ilə vurulan iki dərin deşik) nə qədərdir?
Cavab: Sualda fərz olunanlara görə üzə vurulan zərbə ölümə səbəb olmamışdır və cinayətkar diyə ödəməlidir. Yara sümüyə çatmayıbsa, onun diyəsi hər yaraya görə üç dəvədir.

Yanğın nəticəsində bədənin dərisinin aradan getməsi [Ərş]

Sual : Bir şəxs digərinin üzərinə benzin töküb onu yandırmışdır. Habelə, onun bədəninin bəzi hissələrinə xəsarət yetirmişdir. Belə ki, bədəninin həmin hissələrinin dərisi çıxmışdır. Lakin sonradan yanıq yaraları sağalmışdır. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz: 1) Sözü gedən cinayətə diyə düşür, yoxsa ərş (sağlamla eyiblinin qiymət fərqi)? 2) Diyə düşürsə, onun miqdarı nə qədərdir? 3) Diyə (və ya ərş) düşdüyü təqdirdə, dəyən zərərləri sağaltmaq və nöqsanları bərpa etmək istiqamətində aparılan müalicə və cərrahiyyə əməliyyatı üçün lazım olan xərcləri kim ödəməlidir?
Cavab: Sözü gedən cinayətə diyə düşmür, ərş düşür. Ehtiyat vacib odur ki, cinayəti törətmiş şəxs ərşin məbləğindən artıq olan müalicə xərclərini də ödəsin.

Diyə müalicə xərclərindən az olarsa [Bədən üzvlərinin diyəsi]

Sual : Yol qəza hadisəsi və ya mübahisə nəticəsində bir şəxsin böyrəkləri sıradan çıxmışdır. Yaxud zərbə nəticəsində mütəmadi şəkildə müalicə almalı və daim həkim nəzarətində yaşamalıdır. Yaxud da böyrəklərin biri, dalağı və ya sidik kisəsi bu hala düşmüşdür. Belə hallarda hökm çıxarmaq üçün qazının vəzifəsi nədir? Xahiş edirik, cavabı izahla yazasınız. Əlavə olaraq bilmək istəyirik ki, müalicə üçün lazım olan vəsait təqsirli bilinən şəxsin öhdəsinədir, yoxsa zərərçəkən şəxsin? Zərərçəkənin öhdəsinədirsə, diyə məbləğinin müalicə xərclərini ödəmək üçün kifayət qədər olmadığı təqdirdə vəziyyəti necə islah etmək mümkündür?
Cavab: Tibbi ekspertiza və mütəxəssis həkimlər daxili üzvlərə dəyən xəsarətin bədənin neçə faizini təşkil etdiyini açıqlamadırlar (müharibə əlillərində hesablandığı kimi). Sonra həmin faiz, kamil diyə ilə müqayisə olunmaqla hesablanmalıdır. Müalicə xərcləri bundan çox olarsa, ehtiyat vacib budur ki, müalicə xərclərinin qalan hissəsini ödəsinlər.

Nəcisini saxlaya bilməyən şəxsin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxs başqasının törətdiyi cinayət nəticəsində bir il öz nəcisini saxlaya bilmir. Sonradan cərrahiyyə əməliyyatı vasitəsilə öz sağlamlığını bərpa edir. Lakin problemin 10 faizi hələ də qalmaqdadır. Yəni, on faiz öz nəcisini saxlaya bilmir. Məhkəmə də onun sağlamlığı bərpa olunandan sonra qərar çıxarmaq istəyir. Sual budur: Zərərçəkən diyəni kamil şəkildə almalıdır, yoxsa kamil diyənin on faizini?
Cavab: Belə hallarda diyə kamildir.

Müxtəlif amillərin təsirinə mütənasib olaraq diyə [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxsi yerdə sürümüşlər. Sürünmək habelə don vurmaq nəticəsində ayaqlarının altında, ayaq barmaqlarında və əllərində suluq və qabar əmələ gəlmişdir. Bunun diyəsi necədir?
Cavab: Bu işlərin qoyduğu təsirə əsasən diyə alınmalıdır.

Üzvün işdən düşməsi ilə nəticələnən sınığın diyəsi [Sınıqların diyəsi]

Sual : Bir şəxsə qarşı cinayət törədilir və bədəninə müxtəlif dərəcəli xəsarətlər yetirilir. Məsələn, sümüklərinin qırılmasından əlavə həmin üzvlərdə müəyyən dərəcədə naqislik yaranır. Əlbəttə, üzvlərdə olan bu naqislik sümüklərin qırılmasından və s. irəli gələ bilər. Belə məsələlərdə yalnız dəymiş zədələrin və sınmış sümüklərin diyəsi alınmalıdır, yoxsa üzvdə yaranan naqislik üçün də başqa bir diyə nəzərdə tutulmalıdır?
Cavab: Bir diyə alınmalıdır və o da sümüklərin sınmasının və dəyən zədələrin diyəsidir. Lakin üzvün sınması ilə naqisliyi üçün bir yerdə alınan diyə ilə naqislik olmadan üzvün sınmasına görə alınan diyə arasında fərq var.

İş zamanı barmağın kəsilməsinə görə diyə [Bədən üzvlərinin diyəsi]

Sual : Bir şəxs polad qayırma zavodunda partlayıcı maddənin (zavod sahibi bu maddədən qeyri-qanuni şəkildə istifadə edirdi) partlaması nəticəsində barmaqlarını itirmişdir. Diyə zavod sahibinin boynunadırmı? Onun boynunadırsa, qızıl və gümüşlə hesablasaq, miqdarı nə qədərdir?
Cavab: Sözü gedən şəxs bu işdən xəbərdar olduğu halda öz razılığı ilə partladıcı maddə ilə işləmiş və barmaqlarını itirmişdirsə, heç kəs zamin deyil.

Böyrəyin diyəsi [Bədən üzvlərinin diyəsi]

Sual : Böyrəyin diyəsi nə qədərdir?
Cavab: İki böyrək üçün kamil (tamam) diyə ödənilməlidir. Çünki insanın ölümünə səbəb olur. Bir böyrəyə görə də ehtiyat vacib, diyənin yarısını ödəməkdir.

Diyə artımı hallarında diyə növünün təyini [Diyə ödəməyin metodu]

Sual : Can qisasına məhkum olunmuş şəxs diyənin artıq hissəsini almalı və bundan sonra edam olmalıdırsa, diyənin növünü müəyyən etmək onun öz ixtiyarındadır, yoxsa diyə ödəməli olan şəxsin ixtiyarındadır?
Cavab: Diyə verən şəxsin ixtiyarındadır.
Səhifə sayı : 52