Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Yeni məsələlərdə diri müctəhidə təqlid olunması [Vəfat etmiş müctəhidin təqlidində qalmaq]

Sual : Mən Həzrət Ayətullah əl-uzma Ərakiyə (rizvanullah taala ələyh) təqlid edirdim. Vəfatından sonra sizin fitvanızla ona təqliddə qaldım. Qarşıya çıxan yeni məsələlərin cavabını mütləq sizdən soruşmalıyam, yoxsa başqa müctəhidlərə də müraciət edə bilərəm? Sizdən bir neçə sual soruşduğum və onların bəzilərinə əməl etdiyim təqdirdə, başqa bir kəsə müraciət etsəm, həmin sualları ondan da soruşa bilərəmmi?
Cavab: Bizə müraciət etdiyiniz təqdirdə yeni məsələləri bizdən soruşmalısınız.

Vəfat etmiş müctəhidə hansı məsələlərdə təqlid etmək mümkündür [Vəfat etmiş müctəhidə təqlid]

Sual : Hansı məsələlərdə dünyadan getmiş müctəhidin fitvasına əməl etmək olar?
Cavab: Yalnız əməl etdiyi məsələlərdə ona təqliddə qala bilər.

Vəfat etmiş müctəhidə təqlid [Vəfat etmiş müctəhidə təqlid]

Sual : Vəfat etmiş müctəhidə təqlid etmək olar?
Cavab: Ehtiyat budur ki, ilk əvvəldə meyyitə təqlid olunmasın. Lakin əməl etdiyi və ya əməl etmək üçün fitva aldığı məsələlərdə meyyitə təqliddə qalması caizdir.

Müctəhidin müxtəlif elmlərə yiyələnməsi [Ələmi tanımaq yolları]

Sual : Əgər bir fəqih fiqh və üsuldan başqa elmlərə yiyələnərsə, bu iş təqlid məqamında ona üstünlük verməyə səbəb ola bilərmi?
Cavab: Fiqh və üsuldan başqa digər elmlərə sahib olmaq – bu elmlərin hökmlərin qavranmasında və mövzuların düzgün anlamında təsiri olan hallar istisna olmaqla – bir fəqihə digərindən üstünlük verilməsinə səbəb olmur.

Risalənin nəşri [Ələmi tanımaq yolları]

Sual : Bir müctəhid tərəfindən risalə nəşri onun özünü digərlərindən ələm hesab etməsi deməkdir?
Cavab: Belə bir məna daşımır.

Üsuli-fiqhdə ələmlik [Ələmi tanımaq yolları]

Sual : Əgər insan hansısa mərcəyi-təqlidin üsul elmində özünün elmi əsasları baxımından daha güclü olduğunu təyin edə bilərsə, bu ayırdetmənin o mərcəyi-təqlidin ələmliyinə aidiyyatı varmı?
Cavab: Ələm olmaq yalnız üsul elmində agahlıq və ələmiyyətlə əldə olunmur bundan başqa şərtləri vardır.

Risaləyə əməl etməyin “müczi” olmasının mənası [Ələmi tanımaq yolları]

Sual : . Adətən risalələrin əvvəlində ona əməl etməyin caiz olduğunun yazılması digərlərini inkar etmək mənasınadır? Camaat gözəl bəyan qabiliyyəti olmadığına görə tanınmamış qalan müctəhid barəsində məsuliyyət daşıyırmi?
Cavab: Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.

Müctəhidin cəmiyyətin gündəlik məsələlərindən xəbərsizliyi [Mərcəi-təqlidin şərtləri]

Sual : Cəmiyyətin müasir dövrdə tələblərindən, ölkənin daxili və xarici siyasətindən xəbəri olmayan, lakin risalədə deyilən şərtlərə malik olan müctəhidə təqlid caizdir?
Cavab: Caizdir. Bu şərtlə ki, onun verdiyi fitvalar islam cəmiyyətində məfsədəyə və hərc-mərcliyə səbəb olmasın.

Mütəcəzzi müctəhidə təqlid [Mərcəi-təqlidin şərtləri]

Sual : Mərcəyi-təqlid mütləq (fiqhin bütün sahələrində) müctəhid olmalıdır, yoxsa mütəcəzzi (bütün sahələrdə deyil, bəzi hissələrində) olsa da olar?
Cavab: Mütəcəzzi müctəhidə təqlid işkalsız deyildir.

Mərcəiyyətin şərtlərinin aradan germəsi [Mərcəi-təqlidin şərtləri]

Sual : Mərcəyi-təqlid və ya bir müctəhid mərcəiyyətin və ya ictihadın şərtlərini əldən verdiyini hiss etsə, bunu elan etməyi lazımdır?
Cavab: Elan etməyi lazımdır.

Qızların həddi-buluğ yaşları [Həddi-buluğun əlamətləri]

Sual : Qızların həddi-buluğ yaşı və şərtləri, habelə şəri vəzifələri barəsində nəzəriniz nədir?
Cavab: Qızlar 9 qəməri ili tamam olandan sonra baliğ olurlar. Lakin zəiflik üzündən oruc kimi bəzi vəzifələrini yerinə yetirə bilməsələr onlardan götürülür. Onun yerinə hər gün üçün bir müdd yemək (təxminən 750 qram buğda və buna bənzər şeylər) fəqirə verirlər.

Ali təhsil ocaqlarında pis işlərdən çəkindirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Ali məktəbin məsul işçilərindən biri haqlı olmadan yaramaz işlər görən tələbələri pis işlərdən çəkindirməyi yalnız universitetin nizam-intizam üzrə əməkdaşları ilə məhdudlaşdırır və mömin tələbələrə bu imkanı vermir. Bunları nəzərə almaqla dindar və inqilabçı bir tələbənin belə bir şəraitdə boynuna düşən vəzifə nədir?
Cavab: Əmr be məruf və nəhy əz münkər etmək bütün müsəlmanların vəzifəsidir. Heç bir şəxs bunun qarşısını ala bilməz. Lakin bu işi elə görmək lazımdır ki, ali məktəblərin və müəssisələrin nizam-intizamı pozulmasın.

Mütəcəzzi müctəhidə təqlid [İcazəli və qadağan olunmuş təqlid]

Sual : Müctəhidin (başqa şəxsə) təqlid etməsi haramdır. Bu məsələ az miqdarda məsələlərdə müctəhid olan dini alim və tələbələrə də aiddirmi?
Cavab: Mütləq (tam) və mütəcəzzi (hissə-hissə) müctəhidin hər ikisinə aiddir.

Müctəhid qadına təqlid [İcazəli və qadağan olunmuş təqlid]

Sual : . Əgər qadın ictihad məqamına yetişsə, onun da (başqasına) təqlid etməsi haramdır?
Cavab: Bu məsələdə qadın və kişi arasında fərq yoxdur.

Təqlidin vacibliyinin dəlil və sübutu [Təqlidin mənası]

Sual : Xahiş edirik deyəsiniz, təqlid nə səbəbdən vacibdir?
Cavab: Əqli dəlilə və dünyanın aqil insanlarının “cahil hər bir məsələdə alimə müraciət eməlidir”- deyə buyurduqları əsasa görə, vacibdir. Siz xəstələnəndə həkimdən göstəriş almırsınız? Dini hökmləri də bu sahədə mütəxəssis olanlardan əldə etmək lazımdır.

Taksidə piş işlərdən çəkindirmə

Sual : Taksiyə minəndə sürücü qeyri-dini mahnı kasetini qoysa, belə bir şəraitdə bizim vəzifəmiz nədir?
Cavab: Nəhy əz münkər etməlisiniz, qəbul etməsə, maşından düşməlisiniz. Yalnız ciddi çətinlik yaranarsa, bunu etməyə bilərsiniz.

Qadının ictihadı [Hökmləri öyrənməyin lazımlığı]

Sual : Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Cavab: Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.

Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cavab: Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.

Hücum edən əsgərdən özünü müdafiə [Oğrunu və hücum edəni öldürmək]

Sual : İraqın təcavüzkar ordusu Küveyti işğal edərkən başıma bir hadisə gəldi. Hadisə belə baş vermişdi: Küveytin işğal olunmasının səkkizinci günü evə qayıdarkən bir İraq əsgərini evdə balaca qardaşımın yanında gördüm. Ondan soruşdum ki, bu şəxs kimdir. Dedi: “Küveyt xalqını qıran İraq əsgərlərindən biridir.” Lakin mən onun sözünə əhəmiyyət verməyib başqa otağa keçdim və namaz qılmağa başladım. Bu an, o əsgər odlu silahla onu vurdu və bədənindən qan axmağa başladı. Lakin hələ yerə yıxılmamışdı ki, mən özümün və ailəmin canını qorumaq üçün müdafiə halını alıb ona hücum etdim. Şəri baxımdan bu müdafiənin hökmü nədir?
Cavab: Hücum edən əsgər sizin və övladlarınızın canına və yaxud malınıza qəsd etmək istəyirdisə, hər vasitə ilə müdafiə olunmaq caiz olmuşdur və onun qanı hədərdir.

Hücum edəni qətlə yetirməyin şəriət hökmü [Oğrunu və hücum edəni öldürmək]

Sual : İnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Cavab: Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).

Hücum edən qəbilələrdən müdafiə [Müdafiənin hökmləri]

Sual : Əgər şiə tayfalarından biri digər tayfaya silahlı hücum edərsə, belə ki, bir qrup insanın canı, malı və namusu üçün təhlükə yaranarsa, bu tayfaya özünü müdafiə etmək vacibdirmi?
Cavab: Onların özlərini müdafiə etmək hüquqları var. Lakin belə toqquşmaların qarşısını almaq üçün son dərəcə çalışmaq lazımdır ki, iş qan tökülməsi ilə nəticələnməsin.

Müsəlmanların təcavüzkarlar tərəfindən öldürülməsi [Şəhid]

Sual : İngilis müstəmləkəçiləri Hind yarımadasından çıxandan və əhalisi müsəlman olan iki əyalətə: Camu və Keşmirə bölünəndən sonra müsəlmanların bölgü qanunlarına və istəklərinə zidd olaraq bu məntəqə Hind qoşunlarının təcavüzünə məruz qalıb Hind hökmranlığına tabe oldu. Müsəlmanlar öz dinlərini, mədəniyyətlərini, namuslarını və azadlıqlarını qorumaq üçün təcavüzkarların əleyhinə qiyama qalxdılar və bu mübarizədə ən ağır zülmlərə, o cümlədən kütləvi soyqırıma, işgəncəyə, əsirliyə, qarətə və hətta ... məruz qaldılar. Sualımız budur: bu mübarizədə müsəlmanlardan həlak olanlar şəhiddirlərmi və bu hərəkat cihad sayılırmı?
Cavab: Onlar öz canları, malları, müsəlmanların namusu, İslamın əsası və Əhli-beyt (əleyhimussalam) məzhəbini qorumaq üçün çalışırlarsa, onların bu əməlləri cihaddır və bu yolda həlak olanlar şəhiddirlər. Amma səy göstərmək lazımdır ki, müctəhiddən və yaxud müctəhidin nümayəndəsindən göstəriş alsınlar.

İranda yaşayan bəhailər [Bəhailər]

Sual : İran İslam Respublikasında yaşayan bəhailər izhar edirlər ki, biz İranın ümumi qanunlarına tabeyik və heç bir qanunsuz iş görmürük. Lakin burada hüquqlarımızın tapdanmasına dözməli oluruq. Sual budur ki, ümumiyyətlə bəhailər, xüsusilə də İranda yaşayan bəhailər əhli-zimmə sayılırlarmı?
Cavab: Hazırkı şəraitdə bəhailiyin təkcə dini bir məsələ olmadığını, həm də siyasi məqsəd daşıdığını bilirik. Onların yadellilərin mənfəəti üçün fəaliyyət göstərdiklərinə dair çoxlu faktlar var. Bəzi qərb dövlətlərinin qanunverici orqanlarının onları ciddi şəkildə müdafiə etməsi buna əyani sübut ola bilər. Buna görə də belə bir şəraitdə onlara bu məmləkətdə dinc formada yaşamaq istəyən bir qrup kimi baxmaq olmaz. Onlar həqiqətdə muharibdən sayılır.

İsrailə turist səfərlərinin təşkil edilməsi [Ətraf mühit]

Sual : Turizm və səyahət agentliklərinin İsrailə turizm səfərləri təşkil etməsi caizdirmi?
Cavab: Belə səyahət səfərlərinin təşkil olunması İslam düşmənlərinin güclənməsinə, müsəlmanların zəifləməsinə səbəb olur və bu iş heç bir müsəlmana caiz deyil.

Qeyri-müsəlman ölkələri vətən seçmək [Ətraf mühit]

Sual : Müsəlmanların qeyri-islam ölkələrini özlərinə vətən seçmələri caizdirmi? Bu, “təərrub bədəl-hicrə” (İslamdan küfrə qayıtmaq) deyildirmi?
Cavab: Əgər küfr və fəsaddan amandadırlarsa, eybi yoxdur. Xüsusilə də tədricən öz sözləri və əməlləri ilə orada İslam təbliğatçısı ola bilsələr, bu iş “təərrub bədəl-hicrə”– nin nümunələrindən deyil.

Kafir ölkələrə səfər etmək və orada qalmaq [Ətraf mühit]

Sual : Əgər özünün, həyat yoldaşının və ya övladlarından birinin dininin zəifləyəcəyi, yaxud dində olan bəzi vacib əməllərə laqeydlikləri, yaxud da onların əxlaq və mədəniyyətlərinin təsiri altına düşəcəyi ehtimalı varsa, təhsili davam etdirmək üçün küfr və fəsad ölkələrinə səfər etmək caizdirmi?
Cavab: Sualda fərz olunanları nəzərə alsaq, bu səfər işkalsız deyil.

Küfr ölkələrində işləmək [Ətraf mühit]

Sual : Müsəlman bir şəxsin küfr və fəsad ölkələrinə mühacirət edib orada işləməsi, öz ixtisasını və fənnini kafirlərin ixtiyarında qoyması caizdirmi?
Cavab: Müsəlmanların düşünən beyinləri və mütəxəssis insanları İslam ölkələrinə xidmət etməlidirlər. Lakin zəruri hallarda, kafirlərin güclənməsinə və müsəlmanların zəifləməsinə səbəb olmamaq, onların haram adət-ənənələrinin təsiri altına düşməmək şərtilə, bunun eybi yoxdur. Əgər öz sözləri və əməlləri ilə o məntəqələrdə İslam təbliğatçısı ola bilsələr, yaxşı bir iş görmüş olarlar.

Küfr ölkələrindən sığınacaq almaq [Ətraf mühit]

Sual : Öz ölkəsində iş tapmadığına görə küfr ölkələrindən sığınacaq istəmək caizdirmi?
Cavab: Əgər zərurət bunu tələb edərsə və onların haram adət-ənənələrinin təsiri altına düşməzsə, eybi yoxdur.

Küfr ölkələrinə mühacirətlə bağlı ərlə arvadın ixtilafı [Ətraf mühit]

Sual : Qadın öz ərinin kafir ölkələrə getməklə bağlı sözünə baxmaya bilərmi?
Cavab: Əgər ora getmək dininə, etiqadına və əxlaqına ziyan vuracaqsa, onun sözünə baxmamaq (onunla müxalifət etmək) caizdir.
Səhifə sayı : 52