Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

PEYĞƏMBƏRİN QIZI GECƏ DƏFN OLUNDU

Sual : Həzrət Zəhra (ə) nə üçün gecə dəfn olundu?
Qısa cavab:

Həzrət Fatimənin (s) gecə dəfni ilə bağlı əhli-sünnət hədislərində və imamiyyə hədislərində sitatlar var. Mərhum Şeyx Səduqun “İləluş-şəraye” kitabında, eləcə də Məhəmməd ibn İsmayıl Buxari,  İbn Quteybə Deynəvəri, Əbdürrəzzaq Sənani, İbn Bəttal və İbn Əbul-hədid kimi məşhur hədisçilərin kitablarında bu hadisə öz əksini tapıb.

 

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZI

Sual : İbn Teymiyyənin Həzrət Zəhranın (s) Əbubəkrdən küsməsinə etirazı nə dərəcədə doğrudur?
Qısa cavab:

İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Lakin diqqət etmək lazımdır ki, bir çox əhli-sünnə kitablarına görə məsum insandır və onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir.

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN (s) GECƏ DƏFN OLUNMASI İLƏ BAĞLI VƏSİYYƏTİNƏ ETİRAZI

Sual : İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?
Qısa cavab:

İbn Teymiyyə yazır ki, Hillinin nəqlinə görə Fatimə vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və heç kəs ona namaz qılmasın. Bu məsələni heç kəs Fatimədən nəql etməyib və cahil insanlardan başqa heç kəs ona istinad etməyib. O, Fatimənin adından əsla ona layiq olmayan sözlər yazır. Lakin bu məsələ əhli-sünnə kitablarında öz əksini tapıb. Buxarı nəql edir: “Fatimə Əbubəkrdən incidi və ömrünün sonunadək onunla danışmadı.” Müslim də nəql edir: “Əli (ə) Həzrət Fatimənin (s) ölümü ilə bağlı Əbubəkrə heç nə demədi və özü ona cənazə namazı qıldı.”

 

“Cin” surəsində Qiyamətin baş vermə tarixi

Sual : Qiyamət günü nə vaxt baş verəcək?
Qısa cavab:

Quran ayəsindən və hədislərdən məlum olur ki, bu barədə məlumat Allahın pak zatına məxsusdur. Hətta peyğəmbər belə onun vaxtından xəbər verə bilməz. Allah bunun kamil bir imtahan olması üçün bəndələrdən gizli qalmasını istəmişdir. Çünki, insanlar Qiyamətin nə qədər yaxın və ya uzaq olduğunu bilsələr, hər halda imtahanın təsiri azalacaq.

 

Qiyamətin xüsusiyyətləri

Sual : Dünya həyatının necəlik baxımından axirət aləmi ilə nə kimi fərqləri var?
Qısa cavab:

İki dünya arasında həm keyfiyyət və həm də kəmiyyət baxımından böyük fərqlər olmasına dair əlimizdə çoxlu dəlillər vardır. Aydın şəkildə bəzi ayə və hədislərdə orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta insanın zehnindən belə keçməyən nemətlərin olacağından xəbər verilir.

 

İlahi əzab və seyid günahkarlar

Sual : Peyğəmbərin (s) nəslindən olan günahkarlar ilahi əzabdan kənarda qalacaqlarmı?
Qısa cavab:

Hədislərin birində rəvayət olunur ki, Böyük Allah Həzrət Fatiməni və övladlarını Qiyamət günü cəhənnəm atəşindən saxlayacaq. Əgər bu hədisdə onların müxtəlif günahlara batdıqları halda, hətta kafir və müşrik olduqları halda Qiyamət günü ilahi əzabdan amanda qalacaqlarının nəzərdə tutulduğunu güman etsək, böyük səhvə yol vermişik. Bu tərzi-təfəkkür İslam dininin meyarlarına tamamilə ziddir.

Allahın sükutu

Sual : Allahın susması günahkarlar üçün ağır əzabdır?
Qısa cavab:

Ayələrə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Çünki digər ayələrdən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir.

Əzabın şiddəti

Sual : İlahi əzabın şiddəti Quran və hədislərdə necə təsvir olunur?
Qısa cavab:

Quran ayələrində həmin gün ilahi əzabın şiddəti iki qısa cümlə ilə ifadə olunur. Ayədə deyilir:

 “O gün pərvərdigar onu elə əzaba düçar edəcək ki, heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! Və heç kim Onun kimi zəncirləyə bilməz.”

Onun zəncir və bəndlərinin, əzab və cəzalarının misli bərabəri yoxdur. Çünki onlar bu dünyada Allahın məzlum bəndələrini bacardıqları qədər zəncirləyib çəkir, ən ağır işgəncələrə məruz qoyurdular.
 

Böyük atəş

Sual : Böyük atəş nə deməkdir?
Qısa cavab:

Bəzi təfsirçilərə görə böyük atəş dedikdə cəhənnəmin ən aşağı mərtəbəsi, “əsfəlus-safilin” nəzərdə tutulur. Ora ən bədbəxt və ən inadkar insanların məkanıdır. Onların cəzaları ən ağır və ən dəhşətli əzab olmalıdır.

 

Cəhənnəm odu

Sual : Cəhənnəm odu necədir?
Qısa cavab:

Qiyaməti təkzib edənlər üçün hazırlanmış od Quran ayələrdə belə öz əksini tapıb:

1. Ayədə onların cəhənnəm odunu uzaqdan görəcəkləri qeyd edilmir. Əksinə atəşin onları uzaqdan görəcəyi qeyd olunur. Sanki odun gözü, qulağı var, gözləri yoldadır və günahkarın gəlişini gözləyir.
2. Həyəcana gəlmək üçün onların oda yaxınlaşmasına ehtiyac yoxdur. Od uzaq məsafədən – bəzi hədislərdə deyildiyi kimi bir illik məsafədən nərə çəkər.
3. Bu yandıran oda “təğəyyüz” (qəzəb) də deyilir. Bu söz insanın qəzəblə nərə və fəryad çəkdiyi halına deyilir.
4. Ayədə cəhənnəm atəşinin “zəfiri” olmasından söz açılır. “Zəfir” insanın nəfəsini dərindən köksünə çəkdiyi və qabırğalarının yuxarı qalxdığı hala bənzəyir.

Zəri

Sual : “Zəri” dedikdə nə nəzərdə tutulur?
Qısa cavab:

Zərinin həqiqəti barədə təfsir alimləri arasında müxtəlif fikirlər var. Bəzilərinə görə “zəri” yerə yapışan tikan növüdür. Lüğətçi Xəlil “zəri” barədə yazır: “Zəri dəniz dibində yetişən yaşıl və pis qoxulu yosundur.” Hədisdə isə deyilir: “Zəri cəhənnəm atəşində kol kimi bir şeydir.”

Günahkarları cəzalandırılma səbəbləri

Sual : Allahın hər şeydən ehtiyacsız, heç bir gücə tabe olmadığı halda niyə günahkarları cəhənnəmə atır? Bu işdə hədəf nədir?
Qısa cavab:

Bəşərin dünyadakı əməllərinin bir sıra qaçılmaz və ayrılmaz təsirləri vardır. Cəza və mükafatlar bizim əməllərimizin yaratdığı nəticə, rəftarlarımızdan doğan bilavasitə təsirlərdir. Bu üzdən gileylənib etiraz etməyə heç bir haqqımız yoxdur. İkincisi, Qiyamət gününün mükafat və cəzaları səmavi qanunların icrasını gerçəkləşdirir. Allah-Taala öz qəti və dəyişməz vədləri ilə bəndələrini yaxşı və xeyirxah işlərə dəvət edir, onları pis işlərdən çəkindirir. Burada pozuntu və ləğv ehtimalı olarsa, öz tərbiyəvi təsirini tamamilə itirər.

Mələklərin qınağı

Sual : Müşriklərin qarşılaşdığı ilk cəza nədir?
Qısa cavab:

Quran ayəsinə görə onlar ilk öncə canlarını almağa gələn mələklərin “haradadır Allahın yerinə pərəstiş etdikləriniz?” deyə suallarına tuş gələcəklər. İlk baxışda ayə mələklərlə kafirlərin sual-cavabından xəbər verir. Amma həqiqətdə bu onlar üçün mənəvi bir cəzadır.
 

İlahi əzabın mahiyyəti

Sual : Allah niyə insanları cəzalandırır?
Qısa cavab:

Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır.

Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir.
Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır.

Pakların aqibəti

Sual : Qurani-kərim pak insanların Qiyamət günündəki taleyini necə bəyan edir?
Qısa cavab:

Qurani-Kərimin bir çox ayələrində pərhizkar insanların axirətdəki həyatı təsvirə çəkilir. Bəzi ayələrdə pərhizkarların daxil olacaqları əbədi cənnət bağlarından, orada ağacların altından axan çaylardan və orada onların istədikləri hər bir şeyin olmasından söhbət açılır. Digər ayədə bundan daha dolğun təsvirə rast gəlirik: “Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır.“

 

Cəzanın ağırlığı

Sual : Cəhənnəm əzabı nə dərəcədə ağırdır?
Qısa cavab:

Quran ayəsindən aydın olur ki, haqq dəvəti müxalifətçilərinin və zülmkarların cəzası o qədər ağırdır ki, yer üzündə olan şeyləri hamısı və həmçinin onun misli onların olsa, hamısını özlərini xilas etmək üçün verməyə hazırdırlar.

Qiyamət günü müşrik məbudlarının onlarla rəftarı

Sual : Müşriklərin məbudlarının onlarla davranışı necə olacaq?
Qısa cavab:

Qiyamət günü məbudlar onlara ibadət edənlərin ibadətlərini inkar edəcək, onlara nifrətlərini göstərəcək və əleyhdarları olacaqlar. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə bu məsələyə belə aydınlıq gətirilir: “İbadət (yalnız) rüku və səcdələrdən ibarət deyil. İbadətin həqiqəti bir şeyə itaət etməkdir. Hər kəs Allahın günah buyurduğu işlərdə məxluqa itaət edərsə, həqiqətdə ona pərəstiş etmişdir.”

Ölüm ayağında iman gətirmək və saleh əməllər görmək

Sual : Ölüm ayağında iman gətirmək və yaxşı işlər görmək qəbul olunarmı?
Qısa cavab:

Ayələrə görə o gün nəinki, iman gətirmək mənasızdır, eləcə də iman gətirib saleh əməllər görməyən şəxslərin, həmin gün saleh əməllər görməsi də faydasızdır. Çünki oraya hakim vəziyyətin təsiri altında hamı qeyri-ixtiyari olaraq günah işlərdən çəkinir, məcburi olaraq saleh işlərə üz gətirir.

 

Əbədi cəza

Sual : Məhdud günahın qarşılığında əbədi cəza necə ədalətli sayıla bilər?
Qısa cavab:

Zaman baxımından günahla cəza arasında heç bir mütənasiblik yoxdur. Əksinə, onlar keyfiyyət baxımından uyğun olmalıdır. Yəni, müddətinə görə cəza növü günahın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Məsələn, bir şəxs bir göz qırpımında bir insanı qətlə yetirə bilər. Belə bir şəxs bəzi ölkələrin qanunvericiliyinə görə ömürlük həbsə məhkumdur. Bu hadisədə günahın baş vermə müddətinin, yəni kəmiyyətinin bir neçə saniyəlik olduğunu görürük. Halbuki, onun cəzası bəzən 80 il həbslə yekunlaşa bilər.
 

Şəfaətçilər

Sual : Qiyamət günü şəfaətçilər neçə qrupdur?
Qısa cavab:

Quran ayələrindən və çoxsaylı hədislərdən aydın olur ki, qiyamət günü şəfaət edənlər müxtəlif olacaqlar. Hədislərdə bu məsələyə geniş yer verilib. Sayca az olmayan bu hədislərə nəzər saldıqda şəfaətçilər arasında Məhəmməd peyğəmbəri (s), digər peyğəmbərləri, mələkləri, imamları və onların həqiqi davamçılarını, şəhidləri, alimləri, Quranı və ibadətləri onların arasında görə bilərik.

 

Qiyamət günü əməlləri gözlə görmək

Sual : Qiyamət günü əməlləri gözlə görmək nə deməkdir?
Qısa cavab:

“Əməllərin göstərilməsi” ayələri üçün müxtəlif təfsirlər var. Onların zahiri mənası Qiyamət günü yaxşı və pis əməllərin təcəssümü və əməlin özünü görmək məsələsinə yeni bir təkiddir. Hətta əgər zərrə qədər yaxşı və ya pis əməl olsa, sahibinin qarşısında maddi formada təzahür edəcək və sahibi onu görəcəkdir.

 

Zəqqum

Sual : Zəqqum ağacı dedikdə nə nəzərdə tutulur?
Qısa cavab:

Bəzi təfsir alimlərinin nəzərinə əsasən, zəqqum Təhamə ərazisində bitən xırda yarpaqlı, acı və pis qoxulu bir bitkinin adıdır və müşriklər bu bitkini tanıyırdılar. Quran ayəsində deyilir ki, “O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.”
 

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Sual : Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?
Qısa cavab:
İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

TÖVBƏKARLARIN DƏRƏCƏLƏRİ

Sual : Tövbəkarları neçə qismə bölmək olar?
Qısa cavab:
Tövbə edənləri dörd qismə bölmək olar:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.

QURANIN KOR KORANƏ TƏQLİDƏ BAXIŞI

Sual : Qurani-kərimdə kor-koranə təqlid necə bəyan olunur?
Qısa cavab:

“Şuəra”, “Maidə”, “Əraf”, “Loğman” və “Zuxruf” surələrində keçmişdəkilərə təqlid bəhanəsi ilə müşriklərin haqq qarşısında müqavimətindən söz açır. Bu minvalla küfr, bütpərəstlik, növbənöv günahlar və xoşagəlməz adətlər kor-koranə təqlid vasitəsilə nəsildən-nəsilə ötürülürdü. Təqlid ruhu onların ağıl və düşüncəsinə elə qalın pərdə salmışdı ki, hər bir həqiqəti inkar edirdilər.

KEÇMİŞDƏKİLƏRİN TARİXİNİ ÖYRƏNMƏKLƏ BAĞLI QURANIN İSRARI

Sual : Niyə Qurani-kərim keçmişdəkilərin tarixini öyrənməyə israr edir?
Qısa cavab:

Tarix, insanın yaşam məsələlərinin və bir çox həqiqətlərin isbat və inkarının böyük laboratoriyasıdır. Burada xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri araşdırılır. Belə ki, təcrübi həqiqətlərlə və keçmişdəkilərin yerdə qalan izləri ilə məşğul olduğu üçün, təcrübi elmlərin bir şaxəsi kimi bir çox nəzəri məfhumları inkar edən inadkarları qane etmək qabiliyyəti vardır. Quran da həmin dəlilə əsasən, keçmişdəkilərin əsərlərini, tarixini mütaliə etməyə dəvət edir.
Ətraflı cavab:

NƏFSİ SAFLAŞDIRMADA ÖZÜNÜTANIMA EHTİYACI

Sual : Özünütanıma nəfsi saflaşdırmaya necə səbəb ola bilər?
Qısa cavab:
Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır. Çünki, özünütanıma nəfsin əzəmət və dəyərini bilməyə, nəfsi istəklərin təhlükəli olduğunu və insan səadəti ilə ziddiyyət təşkil etdiyini anlamağa, onunla mübarizəyə hazır olmağa səbəb olur. Habelə, insanın təkamülündən ötrü Allah tərəfindən vücudunda qərarlaşdırılmış müxtəlif istedadlardan agah olmağa, çirkin xüsusiyyətlərin kökünü tanımağa gətirib çıxarır, eyni zamanda da Allahı tanımağın ən yaxşı yoludur.

Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı

Sual : Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Qısa cavab:
“Ənam” surəsinin 75-ci ayəsində həzrət İbrahimin (ə) səma və yer mələkutunu (səltənətini) müşahidəsindən söz açır, hansı ki yalnız mükaşifə və şühud ilə mümkündür. “Tövbə” surəsinin 105-ci ayəsi bu həqiqəti bəyan edir ki, Peyğəmbər (s) və imamlar insanların yaxşı və pis əməllərini görən dərk və bəsirətə sahibdirlər. “Nəcm” surəsində – bir qrup təfsirçilərin əqidəsinə əsasən – Peyğəmbərin (s) Cəbraili müşahidəsinə işarə edilir, başqa bir dəstənin nəzərinə görə Həzrət Rəsul (s) Allahın müqəddəs zatını müşahidə edir.
“Təkasur”, “Furqan”, “Ənfal”, “Yusif” və “Məryəm” surələrində də mükaşifə və intuisiyaya işarə edilib.