"İNZAR VƏ HİDAYƏT" AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİQUR’ANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT

Birinci ayədə İslam peyğəmbərinə (s) xitabən buyurulur:
إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ
Sən yalnız qorxudansan. Hər qövmün və millətin də bir hidayət edəni vardır!
Fəxri-Razi bu ayənin təfsirində üç fikir söyləmişdir:
1. Münzir (qorxudan) və hadi (rəhbər və hidayət edən) sözlərinin hər ikisi eyni mə’na daşıyır və ayənin mə’nası belədir: Sən yalnız hər tayfanı qorxudan və hidayət edənsən!
2. İslam peyğəmbəri (s) qorxudan, Allah isə hidayət edəndir.
3. İslam peyğəmbəri (s) qorxudan, imam Əli (ə) isə hidayət edəndir.
İbn Abbas deyir: Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: ( اَنا الْمُنْذِرُ ) Mən qorxudanam! Sonra isə əlini Əliyə (ə) tərəf uzadaraq buyurdu:
اَنْتَ الْهادِىُ یا عَلىّ! بِکَ یَهْتَدِى الْمُهْتَدوُنَ مِنْ بَعْدِى!
Ya Əli! Sən (isə) hidayət edənsən. Məndən sonra doğru yolu tapanlar sənin vasitənlə hidayət olacaq.[1]
Bu üç baxışı digər təfsirçilər də qeyd etmişlər. Sünni təfsirçilərinin bə’ziləri isə bu ayənin 1-ci və 2-ci təfsirinin düzgün olduğunu sübut etməyə çalışmışlar. Çünki 3-cü təfsir onların təəssübkeş təfəkkür tərzinə uyğun deyil. Halbuki birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki hər iki vəsf İslam peyğəmbərinə (s) aid olsaydı, onda Allah-taala belə buyurardı: İnnəma əntə munzirun və hadin li-kulli qovmin – Həqiqətən, sən yalnız hər millət və tayfanı qorxudan və hidayət edənsən! Başqa sözlə, ərəb qrammatikasına əsasən, (“carr və məcrur” olan) li-kulli qovmin (hər tayfanı) ifadəsi hadi (hidayət edən) sözündən öncə qeyd edilə bilməz. Əgər öncə qeyd edilərsə, onda hər iki vəsfdən öncə gəlməli və belə deyilməlidir: İnnəma əntə li-kulli qovmin munzirun və hadin – Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət edənisən! Bir sözlə, li-kulli qovmin (hər tayfanı) ifadəsinin iki vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi üçün bir dəlil yoxdur; ya hər ikisindən öncə, ya da hər ikisindən sonra qeyd edilməlidir.
İkinci təfsirdə də uyğunsuzluq var. Çünki Allah-taalanın hidayətçi olmasına heç bir şəkk-şübhə olmadığından onu qeyd etməyə ehtiyac qalmır. Bir də cümlənin zahiri mə’nası hər bir əsr və zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda li-kulli qovmin hadin (hər tayfanın bir hidayətçisi vardır) – ifadəsindən başa düşülən cəm hal Allaha münasib deyil.
Beləliklə, yuxarıda qeyd olunan ayənin yeganə məqbul təfsiri budur ki, Peyğəmbəri-əkrəm (s) qorxudandır və hər dövrdə hər qövmün hidayətçisi var.
Görəsən, bu hidayətçi məqamı hər dövr və tayfanın alimlərinə də şamildirmi? – Cavab mənfidir. Çünki hər dövrdə bir yox, çoxsaylı alimlər ola bilər. İslam peyğəmbəri (s) bir nəfər olduğu kimi, müsəlmanların hidayətçisi də hər dövrdə bir nəfər olmalıdır. Başqa sözlə, İslam peyğəmbəri (s) dinin tə’sisçisi olduğundan camaatı qorxudur, imam isə onları hidayət etməklə bu yolu davam etdirir.
Qeyd olunanlar ayədən başa düşülən dəqiq nöqtələr idi. Bu zəmində şiə və sünnilərdən nəql olunan rəvayətlərə nəzər saldıqda isə məsələ daha da aydınlaşır.
Sünnilərin ən məşhur təfsir kitablarından olan Əd-durrul-mənsurda Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsiri ilə əlaqədar müxtəlif rəvayətlər nəql edilmişdir:
1. İbn Cərir, İbn Mərdəveyh, Əbu Nəim, Deyləmi, İbn Əsakir və İbn Nəccardan belə nəql olunur: Sən yalnız qorxudansan. Hər qövmün və millətin bir hidayət edəni var! ayəsi nazil olduqda İslam peyğəmbəri (s) əlini sinəsinə qoyub Qorxudan mənəm! buyurdu. Sonra Əliyə işarə ilə buyurdu: Ya Əli! Hidayətçi (rəhbər) sənsən və məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olacaq.[2]
2. Əbu Bərzə Əsləmi bu ayə barəsində deyir ki, Peyğəmbəri-əkrəmin (s) əlini sinəsinə qoyduğu halda belə buyurduğunu eşitdim: Həqiqətən, sən qorxudansan! Sonra əlini Əlinin (ə) sinəsinə qoyub Hər tayfanın bir hidayət edəni vardır! deyə buyurdu.[3]
3. Yenə həmin kitabda bu ayənin təfsirində Abdullah ibn Əhməd, İbn Əbi Hatəm, Təbərani, Hakim, İbn Mərdəveyh və İbn Əsakirin imam Əlidən (ə) belə nəql etdikləri qeyd olunmuşdur: Allahın Rəsulu (s) qorxudandır, mən isə hidayətçiyəm![4]
4. Başqa bir hədisdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql edir: Mən qorxudanam, Əli isə hidayətçidir. Ya Əli! Doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olar.
Bu hədis bir qrup məşhur sünni hafizlərinin (hədis əzbərçilərinin), o cümlədən, Hakimin Müstədrək, Zəhəbinin Təlxis, Fəxri-Razinin “Kəbir”, İbn Kəsirin “Təfsir”, İbn Səbbağ Malikinin Füsusul-muhimmə, Gənci Şafeinin Kifayətut-talib, Əllamə Təbərinin “Təfsir”, İbn Həyyan Əndəlusinin Bəhrul-muhit, Nişapurinin “Təfsir”, Həməvininin Fəraidus-səmteyn və s. təfsir kitablarında nəql edilmişdir.[5]
5. Həbibus-seyr kitabının müəllifi Mirqiyasəddin belə yazır: Müxtəlif mənbələrə görə, “Həqiqətən, sən yalnız qorxudansan və hər tayfanın bir hidayət edəni vardır” – ayəsi nazil olanda İslam peyğəmbəri (s) Əliyə (ə) buyurdu: Ya Əli, mən qorxudanam, sən isə hidayət edənsən! Məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olarlar.[6]
6. Bu hədisi Həməvini Əbu Hüreyrədən, o da imam Əlidən (ə) nəql etmişdir.[7]
7. Bu hədis Hakimin Müstədrək kitabında Əbu Büreydə Əsləmidən geniş şəkildə belə nəql olunmuşdur:
دَعا رَسوُلُ اللهِ (ص) بالطَّهوُرِ وَعِنْدَهُ عَلِىُّ ابْنُ اَبِى طالِبٍ فَاَخَذَ رَسوُلُ اللهِ (ص) بِیَدِ عَلِىٍّ بَعْدَ ما تَطَهَّرَ فَاَلْصَقَها بِصَدْرِهِ ثُمَّ قالَ: اِنَّما اَنْتَ مُنْذِر، وَیَعْنى نَفْسَهُ، ثُمَّ رَدَّها اِلى صَدْرِ عَلِىٍّ، ثّمَّ قالَ: وَلِکُلِّ قَوْمٍ هادٍ، ثُمَّ قالَ لَهُ اَنْتَ مَنارُ الْاَنامِ وَغایَةُ الْهُدى وَاَمیرُ القُرّاءِ اَشْهَدُ عَلى ذالِکَ اِنَّکَ کَذالِکَ:
Bir dəfə Allahın Rəsulu (s) dəstəmaz almaq üçün su istədi. Əli ibn Əbi Talib də onun yanında idi. Dəstəmaz aldıqdan sonra Əlinin əlindən tutub, öz sinəsinə qoyaraq buyurdu: Qorxudan sənsən! (Həzrət özünü nəzərdə tuturdu.) Sonra öz əlini Əlinin sinəsinə qoyub buyurdu: ”Hər tayfanın bir hidayət edəni vardır!” Sonra əlavə edərək buyurdu: Sən camaatın işıqlı çırağı, hidayətə yönəldəni və Qur’an qarilərinin əmirisən. Mən şəhadət verirəm ki, doğrudan da, sən beləsən![8]
Peyğəmbəri-əkrəmin (s) bu hədisinin müxtəlif ifadələrlə bəyanı onun dəfələrlə təkrarlandığını göstərir. Qeyd etdiyimiz hədislərdə nəzərə çarpan ifadənin müxtəlifliyi buna yetərli sübutudur.
Əhli-beyt məktəbi ardıcıllarından da bu zəmində müxtəlif hədislər nəql olunmuşdur. Biz onlardan birinə işarə etməklə kifayətlənirik:
Nurus-səqəleyn kitabında bu məsələ ilə əlaqədar beş yüzə yaxın hədis nəql olunmuşdur.[9] O cümlədən, imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql olunur: Hər bir (mə’sum) imam öz zamanının hidayətçisidir. Başqa bir hədisdə belə buyurulur: Hər bir imam öz zamanında yaşayan qövmlərin hidayətçisidir.[10]
Maraqlıdır ki, bə’zi təfsirçilər bu hədisləri nəzərdən qaçıraraq, bə’zi səhabələrin Peyğəmbəri-əkrəmə (s) istinadsız nəql etdikləri hədisləri dəlil göstərir, başqa mə’nalar bildirmişlər. O cümlədən, Mücahiddən belə nəql olunmuşdur: Qorxudan”da məqsəd Məhəmməd (s), hər tayfanın bir hidayət edəni vardır ifadəsində məqsəd isə budur: Hər qövmün bir peyğəmbəri var ki, onları Allaha doğru də’vət edir! Bu təfsir olduqca əsassızdır.
Səid ibn Cübeyrdən isə belə nəql olunmuşdur: Məhəmməd (s) qorxudan, Allah isə hidayət edəndir. Halbuki ayənin zahirinə görə, hər tayfanın öz hidayət edəni var. Bir də ki, Allah-taala bütün tayfaların hidayətçisidir.
Görəsən, şiələrə qarşı çıxmaq məqsədilə Allahın Rəsulundan mütəzafir[11] şəkildə nəql olunan mö’təbər rəvayətlərə göz yumub, uyğunsuz təfsirlərə istinad etmək rəvadırmı?


[1] Kəbir təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14.
[2] Əd-durrul-mənsur, (Cəlaləddin Süyuti, vəfatı: 910 h.q), 4-cü cild, səh. 45.
[3] Yenə orada.
[4] Yenə orada.
[5] Bu hədisin mənbə və sənədləri ilə əlaqədar mə’lumat əldə etmək istəyənlər Ehqaqul-həqq kitabının 3-cü cildinin 92-188-ci səhifələrinə müraciət edə bilərlər.
[6] Həbibus-seyr, 2-ci cild, səh. 12.
[7] Ehqaqul-həqq, 3-cü cild, səh. 92.
[8] Əl-mizan, 11-ci cild, səh. 327, bəhs etdiyimiz ayənin təfsirində.
[9] Nurus-səqəleyn, 2-ci cild, səh. 482-485.
[10] Yenə orada, səh. 483, hədis: 19-20.
[11] Müxtəlif sənədlərlə nəql olunan, lakin “təvatür” həddinə çatmayan rəvayətə deyilir.

 

"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİQUR’ANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma