AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ2-“VİLAYƏT” AYƏSİ

Təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin imam Əli (ə) haqda nazil olduğunu nəql etmişlər. Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan “Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, imam Əliyə (ə) işarə edib deyir: “Rüku halında olan o kişi!” Bu zaman “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur.”[1]
Bu kitabda elə həmin məzmunla İbn Abbasdan, Səlmət ibn Küheyldən və imam Əlinin (ə) özündən rəvayətlər nəql olunmuşdur.[2]
Bunu Vahidi də “Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah və İbn Abbasdan nəql etmişdir.[3]
Məşhur təfsirçi Carullah Zəməxşəri “Kəşşaf” təfsirində yazır: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Əli (ə) üzüyünü çıxarıb ona verdi.”[4]
Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: “Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: “Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir tə’yin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”
Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Oxu: “İnnəma vəliyyukumullahu və Rəsuluhu...”[5]
Əlbəttə, Fəxri-Razi bu rəvayəti nəql etdikdən sonra adəti üzrə bu ayənin imamətlə bağlılığına irad tutur. Biz bu iradı sonra qeyd edəcəyik.
Təbəri də öz təfsirində bu ayənin təfsiri və nazil olma səbəbi haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin Əli (ə) haqda nazil olduğunu açıqlayır.[6]
Alimlərin böyük bir dəstəsi bu ayənin nazil olma səbəbini açıqlayan rəvayəti müxtəlif ifadələrlə qeyd etmişlər. O cümlədən, “Kənzül-ümmal” kitabının 6-cı cildinin 319-cu səhifəsində bu rəvayət nəql olunmuşdur. Həmçinin 5-ci əsrin məşhur alimlərindən olan Hakim Həskani Hənəfi onu “Şəvahidut-tənzil” kitabında altı müxtəlif silsilə sənədlə İbn Abbasdan, iki sənədlə Ənəs ibn Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta ibn Saibdən, bir sənədlə Əbdül-Məlik ibn Cərih Məkkidən və onlar da Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, “innəma vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula verən Əli (ə) haqda nazil olmuşdur.[7]
Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli (ə) haqda nazil olduğunu əhli-sünnənin təqribən iyirmi kitabından (sənəd və mənbələri ilə birgə) nəql etmişdir.[8] “Ehqaqul-həqq” kitabında bu rəvayət müxtəlif kitablardan nəql olunmuşdur.[9]
Diqqəti cəlb edən budur ki, Peyğəmbərin (s) dövründə yaşayan məşhur şair Həssan ibn Sabit bunu şübhə doğurmayan bir məsələ kimi öz şe’rlərində nəzmə çəkmişdir. O, məşhur bir şe’rində imam Əliyə (ə) xitab edərək deyir:
 
Və əntəlləzi ə’təytu iz kuntə rakiən,
Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin!
Fə-ənzələ fikəllahu xəyrə vəlayətin,
Və bəyyənəha fi muhkəmatiş-şəraye!
 
“Rükusunda zəkat verən sən idin. Can sənə qurban olsun, ey rüku edənlərin ən yaxşısı! Bundan sonra Allah-taala sənin üçün ən gözəl vilayəti nazil edərək, onu Qur’anında bəyan etdi.”[10]
Onun başqa bir şe’rində belə deyilir:
 
Mən za bixatəmihi təsəddəqə rakiən,
Və əsərrəha fi nəfsihi israrən?
 
“Rükuda sədəqə verən və bunu öz qəlbində gizlədən kim idi?”[11]
 
Bir sözlə, “vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur. Hətta “Minhacul-bəraə fi şərhi Nəhcül-bəlağə” kitabının müəllifi yazır: “Bu haqda Əhli-beyt məktəbinin ardıcılları və əhli-sünnə vasitəsilə “mütəzafir”, hətta “mütəvatir” hədislər nəql olunmuşdur.”
Burada bizi maraqlandıran əsas məsələ bu ayənin Peyğəmbərin (s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır.
***


[1] “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 293.
[2] Yenə orada.
[3] “Əsbabun-nüzul”, səh. 148.
[4] “Kəşşaf” təfsiri, 1-ci cild, səh. 649.
[5] “Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26.
[6] “Təfsiri-Təbəri”, 6-cı cild, səh. 186.
[7] Rəvayətin sənədləri haqda əlavə mə’lumat əldə etmək istəyənlər “Şəvahidut-tənzil” kitabının 161-168-ci səhifələrinə (Beyrutun “Ə’ləmi” çapına) müraciət edə bilərlər.
[8] “Əl-qədir”, 2-ci cild, səh. 52-53.
[9] “Ehqaqul-həqq”, 2-ci cild, səh. 399-407.
[10] Həssan ibn Sabitin şe’rləri azacıq fərqlə bir çox kitablarda, o cümlədən, “Ruhul-məani” və “Kifayətut-talib” (Gənci Şafei) kitablarında qələmə alınmışdır.
[11] “Təzkirətul-xəvass”, (Sibt ibn Covzi), səh. 10; “Kifayətut-talib”, (Şafei Gənci), səh. 123.

“VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ2-“VİLAYƏT” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma