1-“SALAVAT” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİON İKİ İMAM

“Əhzab” surəsinin 56-cı ayəsində buyurulur:
إِنَّ اللَّهَ وَمَلَائِکَتَهُ یُصَلُّونَ عَلَى النَّبِیِّ یَا أَیُّهَا الَّذِینَ آمَنُوا صَلُّوا عَلَیْهِ وَسَلِّمُوا تَسْلِیمًا
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey mö’minlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”
Bu ayədə İslam peyğəmbərinin (s) məqamı çox yüksək bəyan olunmuşdur. Çünki həm Allah, həm Onun bütün mələkləri Peyğəmbərə (s) salam və salvat göndərir. Həm də göstəriş verilir ki, bütün mö’minlər o həzrətə salam, salavat və rəhmət göndərsinlər. Bundan böyük məqam varmı?!
Düzdür, bu ayədə Peyğəmbərin (s) övladlarından söz açılmamışdır. Lakin bir çox rəvayətlərə görə, səhabələr Peyğəmbərdən (s) “Sənə necə salam və salavat göndərək” – deyə soruşduqda, o həzrət “ali” (övladlar) sözünü də öz adının kənarında qeyd etmişdir. Demək, Allahdan o həzrət üçün salam və salavat istənildikdə, bu onun (s) övladlarına da aid olur. Burada Allah və mələklərinin həm Peyğəmbər (s), həm də onun övladlarına salavat göndərməsi sadə məsələ deyil. Bu tapşırıq onların Peyğəmbərdən (s) sonra ağır məs’uliyyət daşıdığını göstərir. Halbuki belə böyük məqama Peyğəmbərlə (s) sadəcə qohumluq vasitəsilə çatmaq qeyri-mümkündür.
İndi isə əhli-sünnənin məşhur mənbələrində nəql olunan bir sıra rəvayətləri qeyd edirik:
1) Buxarinin “Səhih” kitabında Əbu Səid Xudrinin belə dediyi nəql olunur: “Biz Peyğəmbərdən (s) soruşduq: “Ya Rəsuləllah! Sənə necə salam verməyin qaydası aydındır. Necə salavat göndərməyi isə bilmirik?” Peyğəmbər (ə) buyurdu: “Belə deyin: “Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsulik, kəma səlləytə əla İbrahimə və ali-İbrahim və barik əla Muhəmmədin və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim!” (İlahi! Bəndən və rəsulun Məhəmmədə salavat göndər, necə ki, İbrahim və onun övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahimə bərəkət verdin!)[1]
Yenə həmin kitabda məşhur səhabə Kə’b ibn Ücrədən nəql olunur ki, müsəlmanlar həzrət Peyğəmbərdən (s), ona necə salavat göndərmək barədə soruşduqda, onlara bu qaydada salavat göndərməyi öyrətdi: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)[2]
Buxari bu hədisləri “salavat” ayəsinin təfsirində qeyd etmişdir.
2) Əhli-sünnənin ikinci məşhur mənbəsi sayılan “Səhihi-Müslim” kitabında Əbu Məs’ud Ənsaridən belə nəql olunur: “Bir gün Peyğəmbəri-əkrəm (s) bizim yanımıza gəlmişdi. Biz Sə’d ibn Ubadənin məclisində idik. Sə’din oğlu Bəşir dedi: “Ya Peyğəmbər! Allah-taala bizə sənə salavat göndərməyi göstəriş vermişdir. Sənə necə salavat göndərək?”
Peyğəmbər (s) bir az sükut etdikdən sonra buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və əla ali-Muhəmməd, kəma səlləytə əla ali-İbrahim və barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla ali-İbrahim fil-aləmin, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim övladlarına salavat göndərdin. Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki o zaman İbrahim övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!) [3]
3) Süyuti “Əd-durrul-mənsur” təfsirində Əbu Səid Xudrinin rəvayətini Buxari, Nisai, İbn Macə və İbn Mərdəveyhdən nəql etmişdir.[4]
Yenə həmin kitabda Əbu Səid Ənsarinin rəvayəti Termizi, Nisai və İbn Mərdəveyhdən[5], azacıq fərqlə Malik, Əhməd, Buxari, Müslim, Əbu Davuddan (onlar da Əbu Əhməd Saididən) nəql olunmuşdur.[6]
Hakim Nişapuri “Əl-müstədrəkü ələs-səhiheyn” kitabında İbn Əbi Leylidən belə nəql edir ki, Kə’b ibn Ücrə mənim yanıma gəlib dedi: “Peyğəmbərdən (s) eşitdiyim müjdəni sənə deyimmi?”
Dedim: “Bəli!”
Dedi: “Peyğəmbərdən (s) soruşdum ki, sənin Əhli-beytinə necə salavat göndərək?”
Peyğəmbər (s) buyurdu: “Deyin: Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid! Əllahummə, barik əla Muhəmməd və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Məhəmməd və onun övladlarına salavat göndər, necə ki, İbrahimə və onun övladlarına salavat göndərdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən. İlahi! Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki, İbrahimə və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!”
“Səhihi-Müslim” və Səhihi-Buxari”də mövcud olmayan hədisləri nəql edən Hakim Nişapuri yazır: “Bu hədisi eyni sənəd və mətnlə Buxari “Səhih” kitabında Musa ibn İsmayıldan nəql etmişdir. Mənim burada onu təkrar etməyimin səbəbi “Əhli-beyt” və “ali” sözlərinin eyni olduğunu göstərməkdir.[7] Diqqət yetirmək lazımdır ki, Hakim Nişapuri bu hədisi Əhli-beytin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) olduğunu açıq-aydın göstərən “Kisa” hədisindən sonra nəql etmişdir. Bu da öz növbəsində dərin mə’na kəsb edir. Bundan sonra Hakim Nişapuri “səqəleyn” hədisini, onun ardınca Əbu Hüreyrənin hədisini nəql edir. Orada deyilir: “Peyğəmbər (s) Əli, Həsən və Hüseynə (ə) baxıb buyurdu: “Mən sizinlə müharibəyə qalxan hər kəslə müharibə, sizinlə sülh edən hər kəslə sülh edirəm.”[8]
Məhəmməd ibn Cərir Təbəri də “Təfsir” kitabında “salavat” ayəsinin təfsirində yuxarıdakı rəvayəti azacıq fərqlə Musa ibn Təlhədən və onun atasından, başqa bir rəvayəti İbn Abbasdan, üçüncü bir rəvayəti Ziyad və İbrahimdən, dördüncü rəvayəti isə Əbdür-Rəhman ibn Bəşir ibn Məs’ud Ənsaridən nəql etmişdir.[9]
Beyhəqi də “Sünən” adlı məşhur kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. Onların bə’zisi namazda təşəhhüd vaxtı müsəlmanların vəzifəsini aydınlaşdırır. Məsələn, Əbu Məs’ud və Əqəbət ibn Əmrin hədisində belə deyilir: “Bir kişi gəlib Peyğəmbərin (s) yanında əyləşdi. Biz də orada idik. O dedi: “Ya Rəsuləllah! Sənə salam verməyi bilirik. Lakin namaz qılanda sənə salavat göndərməyin qaydasını bilmirik. Sənə necə salavat göndərək?” Peyğəmbər (s) bir qədər susdu. Hətta biz o həzrəti belə görüb fikirləşdik ki, kaş kişi belə bir sual verməyəydi. Sonra Həzrət buyurdu: “Mənə salavat göndərmək istəsəniz, belə deyin: Əllahummə səlli əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmmədin-nəbiyyil-ummiyy və əla ali-Muhəmməd, kəma barəktə əla İbrahim və əla ali-İbrahim, innəkə həmidun məcid!” (İlahi! Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına salavat göndər, necə ki İbrahim və onun övladlarına salavat göndərdin. Ümmi peyğəmbərin Məhəmməd və onun övladlarına bərəkət yetir, necə ki İbrahim və onun övladlarına bərəkət verdin. Həqiqətən, Sən uca və tə’rifə layiqsən!)
Sonra o, Əbu Abdullah Şafeidən belə nəql edir: “Namazda Peyğəmbərə (s) salavat barədə söz açan bu hədis səhih və doğrudur.”[10]
Beyhəqi Peyğəmbəri-əkrəmə (s) mütləq şəkildə, yaxud namazda salavat göndərməyin qaydası haqda əlavə rəvayətlər də nəql etmişdir. Xüsusilə Kə’b ibn Ücrənin nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) namazda belə salavat deyirmiş: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd, kəma səlləytə əla İbrahim və əla ali-İbrahim və barik əla Muhəmməd və ali-Muhəmməd, kəma barəktə əla İbrahim və ali-İbrahim, innəkə həmidun məcid!”[11]
Bu hədisdə açıq-aydın görünür ki, hətta Peyğəmbərin (s) özü namazlarında bu salavatı deyirmiş.
Beyhəqi rəvayətlərin birini şərh edərkən yazır: “Bu rəvayət namaza aiddir. Çünki bu rəvayətdə qeyd olunan “qəd əlimna keyfə nusəllimu” (biz salam göndərməyin qaydasını bilirik”) – cümləsi namazın təşəhhüddən sonrakı salamına (Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh!) uyğun gəlir.”[12]
Beləliklə, bütün məzhəblərin əqidəsinə görə, müsəlmanlar namazda Peyğəmbəri-əkrəmə (s) salam göndərərkən “Əssəlamu ələykə əyyuhənnəbiyyu və-rəhmətullahi və bərəkatuh!”, təşəhhüddə isə “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd...” – cümlələrini deməlidirlər. Əlbəttə, əhli-sünnə məzhəbləri arasında bu məsələ ilə əlaqədar ixtilaf var. Şafei və hənbəlilər ikinci təşəhhüddə Peyğəmbərə (s) salavat göndərməyi vacib saydıqları halda, maliki və hənəfilər onu müstəhəb bilirlər.[13] Lakin qeyd etdiyimiz rəvayətlərə əsasən, təşəhhüddə salavat demək hamıya vacibdir.
Peyğəmbər (s) və onun Əhli-beytinə (mütləq şəkildə, yaxud namazın təşəhhüdündə) salavatın vacibliyi ilə bağlı rəvayətlər az deyil. Burada qeyd etdiklərimiz rəvayət və kitabların az bir qismi idi. Bu rəvayətlər İbn Abbas, Təlhə, Əbu Səid Xudri, Əbu Hüreyrə, Əbu Məs’ud Ənsari, Büreydə, İbn Məs’ud, Kə’b ibn Ücrə və imam Əli (ə) kimi səhabələrdən nəql edilmişdir.
İnsanı daha çox heyrətləndirən məsələ budur ki, əhli-sünnə (alimləri də daxil olmaqla) Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə “ali-Məhəmməd” (Məhəmmədin (s) övladları) sözünün qeyd olunmasına baxmayaraq, (çox nadir hallar istisnadır) həmişə salvatı naqis (“Səlləllahu əleyhi və səlləm”) deyirlər. Ən qəribəsi budur ki, salavatda “ali-Məhəmməd” (s) sözünün əlavə edilməsinə dair rəvayətləri nəql edərkən də Peyğəmbərin (s) adını yenə “ali-Məhəmməd” olmadan – “Səlləllahu əleyhi və səlləm” – şəklində deyirlər. (Bundan böyük inadkarlıq olmaz!) Biz bilmirik ki, Peyğəmbərin (s) aşkar göstərişinə müxalif çıxanlar qiyamət günü Allahın dərgahına hansı üzrlə çıxacaqlar?! Məsələn, Beyhəqi kimi bir alim Peyğəmbərə (s) salavat bölümünü bu ünvanla qeyd edir: “Babus-sələvati ələn-nəbiyyi (səlləllahu əleyhi və səlləm) fit-təşəhhüd.” Yə’ni “Təşəhhüddə Peyğəmbərə (səlləllahu əleyhi və səlləm) salavat bölümü”. Digər məşhur mənbələrdə də bunu eyni şəkildə qeyd etmişlər. Bu kitablarda fəsillərin istər müəlliflər, istərsə də tədqiqatçılar tərəfindən belə adlandırılması, qeyd edilən hədislərlə ziddiyyət təşkil edir. Bu məsələ ilə əlaqədar bəhsimizi iki hədislə sona yetiririk:
1. İbn Həcər “Əs-səvaiq” kitabında Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
لا تُصَلُّواعَلَىَّ الصّلاةَ الْبَتْراءَ:
“Mənə heç vaxt yarımçıq salavat deməyin.”
O həzrətdən soruşdular: “Yarımçıq salavat necədir?”
Peyğəmbər (s) buyurdu:
اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ تُمْسِکُونَ، بَلْ قُولُوا اَللّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ:
“Əllahummə səlli əla Muhəmməd” – deyib, susmağınız. Əksinə, (salavatı) belə deyin: “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd!”[14]
Bu hədisdən göründüyü kimi, salavatda “Muhəmməd” və “ali-Muhəmməd” (s) arasında hətta “əla” sözü belə ayrılıq salmamalı, “Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd” – deyilməlidir.
2. Səmhudi “Əl-işrafu əla fəzlil-əşraf” kitabında İbn Məs’uddan Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir:
مَنْ صَلّى صَلاةً لَمْ یُصَلِّ فِیها عَلىَّ و عَلَى اَهْلِ بَیْتِى لَمْ تُقْبَلْ:
“Kim namaz qılanda mənimlə Əhli-beytimə salavat deməsə, onun namazı qəbul deyildir.”[15]
Şafei məşhur bir şe’rində buna işarə edir:
 
“Ya Əhlə-beyti Rəsulillah, hubbukum
Fərzun minəllahi fil-Qur’ani ənzələh!
Kəfakum min əzimil-qədri ənnəkum,
Mən ləm yusəlli ələykum la səlatə ləh.”[16]
 
“Ey “Peyğəmbər Əhli-beyti”, sevginiz
Vacib olub, Qur’andadı bu yazı!
Yetər sizə o möhtəşəm qədriniz,
Salavatsız kəsin puçdur namazı.”
 
Namazda Allahın vacib buyruğu əsasında adı Peyğəmbərin (s) adının kənarında qeyd edilən şəxsləri başqaları ilə bərabər bilmək olarmı? Hansı insaflı şəxs bu işdə özünə bəraət qazandıra bilər? Məgər, bunlar birbaşa imamət və xilafəti onlara həsr etmirmi? Ədalətli və insaflı olmağı öz öhdənizə buraxırıq.
***

 

[1] “Səhihi-Buxari”, 6-cı cild, səh. 151, Beyrutun “Darul-ceyl” çapı.
[2] Yenə orada.
[3] “Səhihi-Müslim”, 1-ci cild, səh. 305, hədis: 65, Beyrutun “Ehyau turasil-ərəbi” çapı.
[4] “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 217.
[5] Yenə orada.
[6] Yenə orada.
[7] “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh. 147.
[8] Yenə orada, səh. 147.
[9] “Camiul-bəyan”, Təbəri, 22-ci cild, səh. 32, Beyrutun “Darul-mə’rifət” çapı.
[10] “Sünəni-Beyhəqi”, 2-ci cild, səh. 146-147.
[11] Yenə orada, səh. 147.
[12] Yenə orada.
[13] “Əl-fiqh ələl-məzahibil-ərbəə”, 1-ci cild, səh. 266, “Darul-fikr” çapı.
[14] “Əs-səvaiq”, səh. 144.
[15] “Əl-işrafu əla fəzlil-əşraf”, səh. 28, “Ehqaqul-həqq” kitabındən nəqlən, 18-ci cild, səh. 310.
[16] “Şərhul-məvahib”, Zərqani, 7-ci cild, səh. 7.

 

 

2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİON İKİ İMAM
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma