Biz inanırıq ki, Allahın pak və müqəddəs zatından başqa bir şey üçün səcdə etmək caiz deyildir. Çünki səcdə xüzunun (bəndəçilik izhar etməyin) son həddi, pərəstişin bariz nümunəsidir, bəndəçilik də yalnız Allaha məxsusdur.
«Və lillahi yəscudu ma fis-səmavati vəl-ərz» tə’birində[1] «lillah» ifadəsinin «yəscudu» cümləsindən qabağa keçməsi həsrə dəlalət edir; yə’ni asimanda və yerə olanların hamısı yalnız və yalnız Allah üçün səcdə edirlər!
Həmçinin, «Ə’raf» surəsinin 206-cı ayəsindəki «ləhu yəscudun» cümləsi də səcdənin yalnız Allaha məxsus olmasının digər bir bəyanedicisidir.
Ümumiyyətlə, səcdə xüzunun (bəndəçilik izhar etmək) son dərəcəsidir və o, Allaha məxsusdur. Əgər başqa bir şəxsə, yaxud digər bir şeyə səcdə etsək, onu Allahla eyni səviyyədə qərar vermiş olarıq ki, bu da düzgün iş deyildir.
Tövhidin mərhələlərindən biri də ibadətdə tövhiddir. Yə’ni ibadət və pərəstiş yalnız Allaha məxsusdur və bu iş olmadan tövhid kamil olmaz. Başqa sözlə desək, Allahdan qeyrisinə səcdə etmək şirkin qismlərindən biri və səcdə də bir növ pərəstiş olduğu üçün, deməli, Allahdan başqasına səcdə etmək caiz deyildir.
Amma Qur’anın bir neçə ayəsində gəldiyi kimi, mələklərin Adəmə səcdə etməsinə gəldikdə isə, müfəssirlər buyurmuşlar ki, burada səcdə Adəmə ehtiram, tə’zim və onu əzizləmək mə’nasına olmuşdur, amma əsla pərəstiş mə’nasında deyilmiş; əksinə, mələklərin məqsədi bu şe’rdə deyiləndir:
Zibəndeyi sitayiş an afərideqarist,
Kar çenin del aviz nəqşi zema və tini.
Yə’ni:
Tə’rif yalnız o Kəsə layiqdir ki,
Sudan, palçıqdan belə bir qəlb yaratdı!
İkinci ehtimala görə, səcdə Allahın fərmanı ilə olduğu üçün, əslində Allah dərgahında bəndəçilik məqsədilə olmuşdur. Digər bir ehtimal da budur ki, səcdə Allaha şükür etmək məqsədi ilə yerinə yetirilmişdir.
Yə’qub (əleyhis-salam)-ın özü, övladları və həyat yoldaşının Yusif (əleyhis-salam)-ın qarşısında səcdə etmələri (“xərru ləhu succədən – onun qarşısında hamılıqla səcdəyə düşdülər”)[2] ya Pərvərdigari-aləm qarşısında şükür səcdəsi, ya da ehtiram və tə’zim mə’nasına olmuşdur.
Maraqlıdır ki, şiələrin mö’təbər mənbələrindən olan «Vəsailuş-şiə» kitabının “namazın səcdələri” bölməsində «Allahdan qeyrisinə səcdə caiz deyil» - ünvanı ilə bir fəsil qeyd edilmiş və orada əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-dən və mə’sum imamlardan yeddi rəvayət nəql olunmuşdur. Bu rəvayətlərdə Allahdan qeyrisi üçün səcdə edilməsi caiz hesab edilməmişdir.[3] (Bu mətləbi yaxşı yadda saxlayın, gələn bəhslərdə ondan nəticə alacağıq.)
[1] «Rə’d» surəsi, 15.
[2] «Yusuf» surəsi, 100
[3] «Vəsailuş-şiə», 4-cü cild, səh.984.