Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Diyənin hissə-hissə ödənilməsi [Diyə ödəməyin metodu]

Sual : Ötən il törətdiyim yol nəqliyyat hadisəsi xəsarət almış şəxsin ölümü ilə nəticələndiyinə görə müqəddəs şəriətin göstərişlərinə əsasən diyə ödəməyə məhkum olundum. Hal-hazırda hadisədən bir il keçməsinə baxmayaraq, borc almaqla və nəqliyyat vasitəsinin sığorta pulundan istifadə etməklə diyənin təxminən yarısını nağd ödəməyə qadirəm. Diyənin yerdə qalanını hissə-hissə ödəyə bilərəmmi?
Cavab: Siz sözü gedən diyəni iki il ərzində &ndash hər il yarısını verməklə ödəyə bilərsiniz. Vəfat edənin varisləri ilə razılaşma yolu ilə bu müddəti artırmaq da mümkündür.

Dirhəm və dinar əvəzinə mal-qara [Diyə növləri]

Sual : Ekspertlərə, habelə qızıl-gümüş alğı-satqısı ilə məşğul olanlara şəri dirhəm və dinar haqda müraciət etməklə onun qiyməti və dəyəri barəsində araşdırmalar heç bir nəticə vermədi. Sual budur ki, 1000 dinarı və ya 10000 dirhəmi 1000 baş qoyun və ya 200 baş qaramal, yaxud da 100 baş dəvə ilə müqayisəli şəkildə dəyərləndirib, onu mövcud vahidlə, məsələn, qoyun və ya dəvə ilə ödəmək caizdirmi?
Cavab: Adi və orta səviyyəli 200 dəst paltarın qiymətini hesablayıb vermək olar. Çünki “hullə” libas mənasındadır və onun Yəmən malı olması da şərt deyil. Habelə, dirhəm və dinarın əvəzinə qoyun, inək və dəvədən də istifadə etmək olar.

Podratçı tərəfindən verilən diyə [Diyə ödəməyin metodu]

Sual : Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Cavab: Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

Diyə növünün təyini [Diyə ödəməyin metodu]

Sual : Cinayətkar diyəni ödəyərkən, onun növünü müəyyən etmək diyə verənin öhdəsinədir, yoxsa diyə alanın?
Cavab: Hökmün qisasa əsaslandığı hallarda diyənin növünü müəyyən etmək iki tərəfin razılığı ilə olmalıdır.

Qeyri-qanuni aborta görə diyə [Salınmış uşağın diyəsi]

Sual : Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır: 1) Uşağın diyəsi varmı? 2) Diyəsi varsa, kimə çatmalıdır?
Cavab: Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.

İnflyasiya zamanı diyə formaları [Diyə növləri]

Sual : Həzrət ustadın diyənin altı növü barəsində olan rəyini soruşmaq istəyirik. Birincisi budur ki, onların dəyərləri arasında uyğunluğa riayət etmək lazımdırmı? İkincisi, bu növlərdən birini qiymətinin ən aşağı həddinə düşdüyü təqdirdə onu seçmək olarmı? Hal-hazırda məhkəmələrdə adətən (diyə kimi) gümüş təyin olunur və “ödəniş günü“nün qiyməti bazar məzənnəsi ilə müəyyən olunaraq ödənilir ki, bunun da diyənin digər növlərinin dəyəri ilə heç bir uyğunluğu yoxdur. Onun dəyərinin gələcəkdə aşağı düşməsi ehtimalı da mövcuddur. Sualımız budur ki, dəyərinin tamamilə aşağı düşdüyü təqdirdə gümüş növünün təyin olunması və on min dirhəm gümüş ödənilməsi səhihdirmi? Qiymətin aşağı düşməsi hansı dərəcəyə kimi qəbul oluna bilər?
Cavab: 1) Hal-hazırda gümüşün qiyməti həddindən artıq aşağı düşdüyünə görə ehtiyat vacib budur ki, gümüş təyin olunmasın. Qızıl təyin olunarsa, 750 adi misqala bərabər olan 1000 şəri misqal kifayətdir və qızılın mütləq 18 əyarlı qızılla hesablanması vacib deyil. Belə ki, dövriyyədə olan bundan aşağı əyarlarla da hesablaya bilərsiniz. 2) Gümüşün dəyəri çox aşağı düşsə, şübhəsiz ki, diyə ödəmək üçün kifayət (səhih) deyil.

Eyibli sümüyün sındırılmasının diyəsi [Sınıqların diyəsi]

Sual : Sümüyün sınmasına görə verilən diyə – eyibli olduğu təqdirdə – həmin üzvün diyəsinin beşdə biri qədərdir. Digər tərəfdən, bəzi üzvlərin, məsələn, burunun sınması üçün veriləcək diyə xüsusi şəkildə qeyd olunur. Belə halda sözü gedən diyə külli və ümumi qayda ilə tətbiq olunaraq hesablanmalıdır, yoxsa həmin üzv üçün qeyd olunmuş diyə meyar tutulmalıdır?
Cavab: Sözü gedən qayda bütün hallara şamil olmur. Çünki, bəzi hallarda nəqli dəlillər və icma onun əksini göstərir. Buna görə də nəqli dəlil və icma mövcud olan hallarda həmin halın konkret hökmünə əməl etmək lazımdır.

Diyə artımı hallarında diyə növünün təyini [Diyə ödəməyin metodu]

Sual : Can qisasına məhkum olunmuş şəxs diyənin artıq hissəsini almalı və bundan sonra edam olmalıdırsa, diyənin növünü müəyyən etmək onun öz ixtiyarındadır, yoxsa diyə ödəməli olan şəxsin ixtiyarındadır?
Cavab: Diyə verən şəxsin ixtiyarındadır.

Müqəssir sürücünün və sərnişininin diyəsi [Can (ölüm) diyəsi]

Sual : Avtobusun peykan markalı yükdaşıyan avtomobil ilə toqquşması nəticəsində avtomobilinin sürücüsü və onun yanında oturan şəxs həlak olur. Yol polisi yükdaşıyan avtomobilinin sürücüsünü hadisədə təqsirli bilirsə, hökm necə olacaqdır?
Cavab: Əgər yükdaşıyan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını öz ölümündə özü təqsirli bilinəcək bir şəkildə pozmuşdursa, qanı hədərdir. Onunla birlikdə həlak olmuş şəxsin diyəsi də onun əmlakından verilməlidir. Əgər o, yol hərəkəti qaydalarını ölüm hadisəsində təqsirli bilinəcəyi bir formada pozmamışdırsa, yəni hər iki tərəf təqsirli bilinirsə, hər ikisinin diyəsinin yarısını avtobus sürücüsü ödəməlidir və ölən ikinci şəxsin diyəsinin yarısı yükdaşıyan peykan avtomobilinin sürücüsünün malından götürülməlidir. Belə hallarda məlumatı olan insanların sözləri - onların etibarlı şəxs olduqları surətdə, sübut sayılır.

İki nəfər arasında qətl şübhəsi [Diyə ödəməyin metodu]

Sual : İki nəfər qəsdən adam öldürmək məqsədi ilə üçüncü şəxsə tərəf atəş açırlar. Güllələrin biri hədəfə dəyir və həmin şəxs vəfat edir. Lakin bu güllənin onların hansı birinin tüfəngindən açıldığı məlum deyil. Buna görə də onların ikisindən biri mütləq qatildir və hər ikisindən qisas almaq mümkün deyil. Püşkatma metodundan da istifadə etmək olmur. Çünki hadisə “dəry” qaydasının icra olunduğu yerdir və “püşkatma” belə yerdə çətin məsələdir. (Necə ki, əmlak məsələlərində də icra olunmur.) Çünki burada “ədl və insaf” qaydası hakimdir. Xahiş edirik ki, şəri hökmü bəyan edəsiniz.
Cavab: Burada diyə münasəfə ilə (yarı-yarı) bölünməlidir.

Yol qəzasında təqsirli bilinənlər arasında diyənin bölüşdürülməsi [Diyə ödəməyin metodu]

Sual : Yol qəza hadisələrinin birində minik avtomobili yük maşını ilə toqquşaraq yolun ortasında dayanır. Arxadan gələn avtobus da minik avtomobili ilə toqquşur. Birinci hadisədə minik avtomobilinin sürücüsü, ikinci hadisədə isə avtobus sürücüsü təqsirli bilinir. Qeyd etmək lazımdır ki, minik avtomobilinin sərnişinlərinin hamısı bu hadisədə dünyasını dəyişir. Onların ölümlərinin əsas səbəbinin birinci, yoxsa ikinci yol qəzasının olması dəqiq məlum deyil. Belə halda hökm necə olacaqdır?
Cavab: Minik avtomobilinin sərnişinlərinin diyəsi avtobus sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında bölünməlidir. Yəni, onun əlli faizi minik avtomobilinin qalan əmlakından götürülməlidir, digər əlli faizini də avtobus sürücüsü ödəməlidir.

Yol qəzasında iki tərəfin təqsirli olduğu halda diyənin bölünməsi [Diyə ödəməyin metodu]

Sual : Gecə vaxtı avtomobil ilə motosikletin toqquşması nəticəsində baş verən qəza hadisəsində motosiklet sürücüsü dünyasını dəyişir. Yol polisi hər iki tərəfin hadisədə 50 faiz təqsirli olduğunu təsdiqləyir. Çünki, motosikletin işığı olmamış və sürücü yol hərəkəti qaydalarına riayət etmədən, ehtiyatsızlıqla sürücülük etmişdir. Avtomobil sürücüsü də qabağa diqqətlə baxmamaqda və sürətinin yuxarı olmasında təqsirləndirilir. Fərz edək ki, o iki nəfərdən birinin təqsiri digərindən çoxdur, həmçinin hadisədə tərəflərin hər ikisinin təqsirli olduğuna görə onların hansı birinin qəza hadisəsinin gerçək amili olmasını təyin etmək mümkün deyil. Belə olduqda hökm necə olmalıdır?
Cavab: Onların hər ikisi bərabər şəkildə ölüm hadisəsinin amilidirlərsə, diyə bölünməlidir. İkinci surətdə ehtiyat budur ki, hər birinə mütənasib olaraq diyə hesablansın.

Əmanəti qorumaqda səhlənkarlıq [Əmanətin hökmləri]

Sual : Mən bir müddət öncə təmir işləri aparılan evimə baş çəkmək üçün oraya getdim. Əlimdə xeyli miqdarda pul, xarici valyuta və çek olan paket də var idi. Bu zaman dostum (həm də qohumum) evə daxil oldu və mən paketi ona tapşırdım. Çünki paket ilə əlaqədar nigarançılığım var idi və başımın qarışıq olduğuna görə onun içindəkilərə bir zərər dəyəcəyindən qorxurdum. Amma paketi verərkən iki səbəbdən onun içində pul olduğunu dostuma demədim: Birincisi, orada podratçı və adi işçilər olduğuna görə. İkincisi də o məntəqədə pulu adi kağız paketə qoymaq bir adət halını aldığına görə. Buna görə də o, paketin içində pul olduğunu bilirdi. Təəssüflər olsun ki, oradan çıxarkən paketi ondan almağı unutdum. Bir neçə dəqiqədən sonra paketi ona tapşırmağım yadıma düşdü. Ondan bu haqda soruşanda isə paketin yadından çıxıb həmin yerdə qaldığını bildirdi. Dərhal ora getdim, amma nə qədər axtarsam da paketi tapmadım və onun oğurlandığını başa düşdüm. Dostum buna görə zamindirmi?
Cavab: O, paketdə pul olduğunu bilir və ya buna güclü ehtimal verirdisə, eyni halda belə səhlənkarlığa yol vermişdirsə, zamindir. Əgər iki tərəf arasında mübahisə yaranarsa, şəri hakimə müraciət etməlisiniz.

Zavod tullantıları nəticəsində həyatlarını itirən uşaqların diyələri [Diyə ödəməyin metodu]

Sual : Neft-kimya zavodu öz xərclərinə qənaət etmək üçün zəhərli tullantıları gigiyenik və təhlükəsizlik qaydalarına riayət etmədən zavod yaxınlığındakı su hovuzuna axıdır. Bundan xəbəri olmayan bir neçə uşaq həmin sularda çimir və zəhərlənərək bir müddət sonra vəfat edirlər. Zavod buna görə məsuliyyət daşıyırmı? Xahiş edirik, suala cavab verərkən iki variantı su hovuzunun zavod ərazisinə aid olduğu və olmadığı hallarını nəzərə alasınız.
Cavab: Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.

Xəstəliyi ucbatından iş yerində vəfat edən işçi [Diyə ödəməyin metodu]

Sual : Emalatxanada çalışan mexanik tibbi ekspertizanın verdiyi rəyə görə ağ ciyər xəstəsi imiş. O, emalatxanada təmizlik işləri apararkən ciyərlərinin xəstəliyinə görə dünyasını dəyişib. Emalatxana sahibi onun ciyərlərinin xəstə olduğunu bilmirmişsə, zamindirmi?
Cavab: Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.

İş yerində üzvlərini itirən fəhlələr [Diyə ödəməyin metodu]

Sual : Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?
Cavab: Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək əmək qanunu məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Şərab içən şəxsin əməlləri [Diyə ödəməyin metodu]

Sual : Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Cavab: Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.

Ölümlə nəticələnən yol qəzasında azyaşlının diyəsi [Can (ölüm) diyəsi]

Sual : Bir gün atam, anam və ailəmizin digər üzvləri səfərə gedərkən xalam oğlunu da ata-anasının icazəsi ilə özləri ilə apardılar. Səfər əsnasında qəza baş verir və maşında olan bütün sərnişinlər, o cümlədən xalam oğlu vəfat edir. Sığorta idarəsi hadisədə dünyasını dəyişmiş fərdlərin hamısı üçün nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Sualımız budur: Xalam oğlunun ata-anasının valideynlərimin varislərindən diyə tələb etməyə haqları varmı?
Cavab: Əgər atası icazə vermişdirsə, sizin ata və ananızın öhdəsində heç bir məsuliyyət (diyə) yoxdur.

Xilas edicinin xilas etməkdən imtina etməsi [Diyə ödəməyin metodu]

Sual : Vəzifəsi suda batan şəxsi xilas etmək olan bir şəxs öz işindən imtina edərsə və həmin şəxs suda batarsa, o, bu işə görə məsuliyyət daşıyırmı?
Cavab: Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.

Mağaza sahibinin yanında əmanətin tələf olması [Əmanətin hökmləri]

Sual : Əgər bir şəxs müəyyən bir şeyi, məsələn, paltarı mağazada qoyub: “Bu paltar sizin mağazanızda qalsın, mən onu sonra aparacağam” – deyə xahiş etsə və mağaza sahibi də bunu qəbul etsə, həmin şəxs bir müddətdən sonra öz malını aparmaq üçün gələndə mağazaçı başqasının o malı apardığını söyləsə, mal sahibinin şikayət etməyə və malı tələb etməyə haqqı varmı?
Cavab: Əgər mağaza sahibi kifayət qədər araşdırmamış paltarı başqasına versə, zamindir.

Çobanın uşaq olduğu təqdirdə sürüyə dəyən zərər [Diyə ödəməyin metodu]

Sual : Bəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?
Cavab: Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.

Torpağa gübrə tökülməsi nəticəsində qonşunun heyvanlarının tələf olması [Diyə ödəməyin metodu]

Sual : Kənd toyuqları əkinçinin əkin sahəsinə səpdiyi toxumları dənləyir və əkin sahəsini tapdalayıb xarab edirlər. Əgər əkin sahibi toyuqların qarşısını almaq üçün toxumlara zəhər qatıb səpsə, toyuqlar bu toxumları yeyib ölsələr, bu haqda toyuq sahiblərinə də xəbərdarlıq etdiyini nəzərə alsaq, əkin sahibi, gördüyü iş nəticəsində tələf olan toyuqlara görə zamindirmi?
Cavab: Əgər toyuqların qarşısını almaq üçün bundan başqa yol olmasa və toyuq sahiblərinə də bu barədə xəbər vermişsə, eybi yoxdur və zamin deyil.

Həddi-buluğa çatmayan fəhlənin diyəsinin zamini [Diyə ödəməyin metodu]

Sual : Xeyriyyə (faizsiz kredit) fondu öz işinə başlamazdan öncə müqaviləyə əsasən müəssisəyə nəzarəti inşaatçılardan birinin öhdəsinə qoyur. Fondun binasının tikinti işlərini başlayır. Binanın qaynaq işləri də digər müqavilə ilə qaynaqçılardan birinə həvalə edilir. Başqa bir şəxs isə işçi tapmaq və tikinti materiallarının tədarükünü öz öhdəsinə götürür. Bu şəxs 8 yaşlı bir uşağı fəhlə kimi işə götürür ki, qaynaq zamanı seyfin qapısı uşağın üstünə düşür və təəssüflər olsun ki, onun onurğa beyninin tamamilə kəsilməsinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bu uşağın diyəsinə kim zamindir?
Cavab: Uşağın işə götürülməsi onun vəlisinin (sahibi) icazəsi ilə və uşağın məsləhətinə, gücünə uyğun idisə, habelə uşağın təhlükəsizliyinin təmini istiqamətində heç bir qüsur və səhlənkarlığa yol verilməmişdirsə və hadisə təsadüfən baş vermişdirsə, bu halda heç kəs zamin deyil. Amma vəlisinin icazəsi olmadan işə götürülmüşdürsə və ya təhlükəsizliyinin təminində səhlənkarlığa yol verilmişdirsə, işə götürən şəxs onun diyəsi ilə bağlı zamindir.

Hadisə yerini tərk etdiyi təqdirdə qəzadan dəyən zərəri ödəmək [Diyə ödəməyin metodu]

Sual : Yol-hərəkət qaydalarına əsasən sürücü hadisə yerindən qaçarsa, müqəssir sayılır. Sual budur: İslam şəriəti baxımından xəsarət vurduğuna göz yumub hadisə yerini tərk edən şəxs, şəriət baxımından başqasına xəsarət haqqı ödəməlidirmi?
Cavab: Həqiqətən müqəssir deyilsə, Allah dərgahında məsuliyyət daşımır. Amma qanun onu zahirdə cavabdeh bilir və ondan dəyən zərəri alır. Hadisənin həqiqətdə necə baş verdiyindən xəbərdar olmayan ekspertlərin və qazının bu qanuna əməl etməsinin şəriətə uyğun olmasını ehtimal etmək olar.

Məscidin qab-qacağının təsadüfən sınması [Diyə ödəməyin metodu]

Sual : Məscidin qab-qacağının təsadüfən, məsələn, Məhərrəm günlərində əzadarlara xidmət edərkən sınması, zəmanətə səbəb olurmu?
Cavab: Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.

Mal sahibinin razılığına əmin olmaq [Diyə ödəməyin metodu]

Sual : Əgər insan başqasının malına – onun olmadığı vaxtda qəsdən və ya səhvən ziyan vursa və bunu mal sahibinə bildirdiyi təqdirdə etiraz etməyəcəyinə və razılıq verəcəyinə əmindirsə, hökm nədir?
Cavab: Əgər onun razı olacağına əmindirsə, ona bu barədə məlumat verməsi vacib deyil. Lakin onun zimməsi və öhdəliyi (ehtiyata əsasən) mal sahibi öz haqqımdan keçdim deməyincə öhdəsindən götürülməyəcəkdir.

Qonşunun su navalçasından zərər çəkməsi [Diyə ödəməyin metodu]

Sual : Əgər bir şəxsin evinin navalçasından su axması nəticəsində qonşuya ziyan dəysə, vurulan zərər navalça sahibinin öhdəsindədirmi? Əgər məsələni ayırd etmək üçün mütəxəssis gətirsələr, onun xərcini kim ödəməlidir?
Cavab: Əgər hər iki nəfər mütəxəssisin gəlməsini təklif etmişlərsə, mütəxəssisin xərcləri onların arasında bölünməlidir. Dəyən zərər barəsində isə, hökm belədir: əgər navalça sahibinin evi (qonşusundan) öncə, adi qaydaya və adət-ənənəyə uyğun şəkildə tikilmişdirsə, dəyən ziyan onun boynuna deyil.

Maşının suda batmasına görə sürücünün zəmanəti [Diyə ödəməyin metodu]

Sual : Cəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?
Cavab: Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.
Səhifə sayı : 2