Qısa cavab:
Ətraflı cavab:
Sual:Əhli-sünnət alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
Cavab: "Əliyyun məəl-həqq" (“Əli haqq ilədir”) hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik:
1 - Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in onun barəsində belə buyurduğunu eşitdim:
عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ
“Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)
2 - Heysəmi həmin məzmunu sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2)
3 - İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in “Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3)
4 - Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: “Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə pərvaz edən zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: “Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: “Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu eşitdim:
عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْقُرْآنِ وَ الْقُرْآنُ مَعَ عَلِىٍّ وَ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ
“Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)
5 - Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:
اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ... وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol... Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)
6 - Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql etmişlər:
رَحِمَ اللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)
7 - Fəxr Razi öz təfsirində yazır:
“Əli ibn Əbutalibin həmişə “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu bu sözdür:
اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ
“Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)
8 - Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin “Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) İmam Əlinin barəsində buyurdu: “Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8)
9 - Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə işarə edərək buyurdu: “Haqq onunladır, haqq onunladır.” (9)
10 - Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: “Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11)
1. “Tarixu Bəğdad”, cild, 14, səh. 321.
2. “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 236.
3. “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 73.
4. “Rəbiul-əbrar”, 1-ci cild, səh. 828.
5. “Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877.
6. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 135, hədis: 4629; Camiu Tirmizi, 5-ci cild, səh. 592, hədis: 3724.
7. “Ət-təfsirul-kəbir”, 1-ci cild, səh. 205.
8. “Kifayətut-talib”, səh. 265, bab 62; Mənaqibu Xarəzmi”.
9. “Musnədi Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052; “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35.
10. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 134.
11. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 421.
Şərh qeydə alınmayıb